SON DƏQİQƏ

UĞURUN YENİ PİLLƏSİ

Tarix:29-01-2026, 21:57

Sevindik Nəsiboğlunun «Dirçələn xarıbülbül» bədii-publisistik kitabı üzərində düşüncələr.
Bəri başdan deyim ki, Sevindik Nəsiboğlunun hər bir kitabı onun uğurlarının pozulmaz izləridir. O, uğur pilləsində elə uğurla addımlayır.
Sevindik Nəsiboğlunun 44 günlük savaşdakı qələbəmizi təmin edən qəhrəmanların şəhidlik yolunun xronikasını əks etdirən növbəti kitabı “Dirçələn xarıbülbül” adlanır. Bu da təsadüfi deyil. Xarıbülbül Azərbaycan mənəvi mühitinin kövrək paklıq və saflıq rəmzi kimi tanınan obrazdır. Əvvəllər biz deyirdik ki, xarı bülbül ancaq Şuşada bitir. Doğrudur, bu rütubət və günəş işığını sevən bir bitki olduğu üçün çox yerdə bitə bilər. Yəni bitkinin inkişafına müvafiq olan şəraitdə onun bitməsi də təbii haldır. Ancaq maraqlı orasıdır ki, Azərbaycan xalqı bütün işğal dövrü ərzində xarıbülbülü ancaq Şuşanın obrazı kimi yaddaşında əbədiləşdirmişdi. Xarıbülbül deyəndə biz ancaq Qarabağı, Şuşanı düşünürdük. Hətta xarıbülbül haqqında maraqlı əfsanələr də var. Ən maraqlı əfsanələrdən biri İbrahimxəlil xanın qızı Ağabəyim ağanın Fətəli şah Qacara siyasət naminə verilməsindən sonra onun qüvvət hisslərini tərənnüm etməsi ilə bağlıdır. Deyilənə görə, Fətəli şah Ağabəyim ağanın xətrini çox istədiyi üçün ona Qarabağı — Şuşanı xatırladan mülk bağışlayır. Burada da becərilən bitkilər əsasən Qarabağdan aparılmışdı. Ağabəyim ağanın dilindən bəslənən bayatıda deyilirdi ki, bu bağ nə qədər gözəl olsa da, onun içərisində xarı bülbül yoxdur.
Mən vaxtilə Cəbrayıl rayonunda çıxan “Xudafərin” qəzetində “Qarabağda bir gül bitmir” adlı yazı da qələmə almışdım. Bu o vaxt idi ki, erməni separatçıları baş qaldırmış, demək olar ki, Qarabağda nəzarəti öz əllərinə almışdılar.
Həmin qeydlərdə mən belə bir fikri təlqin edirdim ki, xarı bülbül obrazı mifik düşüncədən gəlir. Ermənilərdə belə bir obraz yoxdur. Demək, onların Qarabağa iddiaları Qarabağı qəsb etmək niyyətindən başqa bir şey deyil. Doğrudur, həmin və bir neçə yazıma görə məni “divan ayağı”na çəkmək cəhdləri də oldu. Raykoma çağırıb izahatlar tələb etdilər. Guya ki, mən bu yazılarla millətlərarası münasibətləri qızışdırmışam. Şübhəsiz, o vaxt xalq hərəkatının alovlanması məni iş yerimi itirmək təhlükəsindən xilas etdi.
Bu, o vaxt idi ki, onda hələ Sevindik Nəsiboğlu dünyaya gəlməmişdi. Onun ata-anası da çox gənc idi. Onlar xalq hərəkatı dalğasının yaratdığı mühitdə böyüdülər. Sevindik Nəsiboğlunun atası hüquq işçisidir, hadisələrin baş verdiyi dövrdə də Xocavənd rayonunda işləyib.
Sözüm ona gəlir ki, Sevindiyin doğulub-böyüdüyü ailə mühiti Azərbaycanın yeni tarixinin övladlarıdır. Şübhəsiz, gördükləri, yaşadıqları tarixi yeri gəldikcə öz övladlarına da öyrədə biliblər. Əgər belə olmasaydı, Sevindik Nəsiboğlu hələ uşaqlıq və ilk yeniyetməlik çağlarından Vətən duyğulu şeirlər yazmazdı. O, vətənin təkcə torpaq, daş, meşə, bulaq olduğunu yox, insanın mənəvi hisslərinin beşiyi olduğunu ilk şeirlərində yazıb, vətən hisslərini, duyğularını tərənnüm etməyə başlayıb.
Demək, onun “Dirçələn xarıbülbül” adlı altı yüz səhifədən çox möhtəşəm həcmli kitabının araya-ərsəyə gəlməsimələvi tələbatının nəticəsidir. O, böyük sevgi ilə vətən qəhrəmanlarını öyrənib, onların doğulub-böyüdükləri mühit haqqında məlumat toplayıb. Ən başlıcası, bu qəhrəmanların savaş yollarını öyrənib, necə mərdanəliklə şəhidlik yolu keçdiklərini yazıya gətirməyə çalışıb.
Mən həmişə demişəm ki,müharibə xronikasnın hər bir anı yazılmalıdır. Hər bir döyüşçü, hər bir əsgər haqqında məlumat qələmə alınmalıdır. Müharibə salnaməsinin mükəmməlliyi gələcək zamanlarda əsl həqiqətləri yeni nəslə olduğu kimi çatdırmaqda əvəzsiz mənbə olacaq.
Açığı, mən çox məmnunam ki, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin tələbəsi olan Sevindik Nəsiboğlu öz gəncliyinə dövləti rəmzləri uca tutan, dövlətçiliyə sonsuz sədaqəti olan bir vətənpərvər kimi gəlib. Bu yolda şübhəsiz, onun müəllimləri də, valideynləri də xüsusi rola malik olub. Amma «Kredo» qəzetinin də Sevindiyin mənəvi boyatımının yüksəlişində xidməti az deyil. O, demək olar ki, qəzetin ardıcıl olaraq hər sayında çıxış edir, yazılarını bu qəzetdə çap etdirir. “Kredo” qəzetinin hər sayını yaymaqdan, təbliğ etməkdən usanmır. Onu da qeyd edim ki, o, bizim - “Kredo” qəzeti yaradıcı heyətinin zəmanəti və təşəbbüsü ilə Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Bu gün o, ən gənc yazar kimi “Kredo” qəzeti redaksiya heyətinin üzvüdür. Şübhəsiz S. Nəsiboğlunun belə yüksəlişində Ulu Öndər Heydər Əliyevin mənəvi irsini yaxından və dərindən öyrənməsi də böyük əhəmiyyət kəsb edib. Mən onun çıxışlarını ardıcıl olaraq izləyir, müşahidə edirəm. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin nitqlərindən maraqlı məqamları yazılarında, çıxışlarında istinad kimi qeyd edir. Bu da onu göstərir ki, o, müasir informasiyanın və eyni zamanda siyasi informasiyanı diqqətlə izləyir. Kitablarının əvvəlində Ulu Öndər Heydər Əliyevin, Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarından müəyyən məqamları epiqraf kimi təqdim edir. Bu da onun siyasi mühitinin də sağlamlığının göstəricisidir.
Kitabda Sevindik Nəsiboğlunun vətən qəhrəmanlarına həsr olunan çox dəyərli yazıları yer alsa da bu kitabı mən bütövlükdə Azərbaycan gəncliyinin düşüncəsinin nəticəsi hesab edirəm. Həm əsərin qəhrəmanları, həm də bu əsəri öz obrazlarını sevə-sevə yaradan Sevindik Nəsiboğlu kimi gənclərlə fəxr etməyə dəyər. Bəli, bizim Azərbaycan gəncliyi bu gün belə bir mənəvi yüksəliş yolundadır.
Kitabda ilk yazı vətən müharibəsinin ilk şəhid pilotu, mayor Abbas Rza oğlu Qasımovun əziz xatirəsinə həsr olunub. Bu yazı Sevindik Nəsiboğlunun poetik düşüncələrindən ibarətdir.
 
Sən zəfərin təməlin
Qanın ilə qoyansan.
İgidtək Vətəninə,
Bir arxasan, hayansan.
 
Sən Vətən göylərində,
Əsgərlərə yol açdın.
Allahın qəzəbini,
Düşmənə odtək saçdın.
 
Sənsən Ulu Vətənə,
İgidlər yetişdirən.
Sənsən yenilməz igid,
Sənsən qəhrəman ərən.
 
İgidlərin həmişə,
Sənə layiq olacaq.
Onlar səni hər zaman,
Qəlbində yaşadacaq.
 
Döyüşün ilk günündə,
Qapı açdın Şuşaya,
Şəfa verdin Vətənə,
Məlhəm oldun yaraya.
 
Bu şeiri mən təsadüfi vermədim. Əlbəttə, bu şeiri oxucular elə kitabın əvvəl səhifələrindəncə oxuyacaqlar. Bununla demək istəyirəm ki, oxucu bu şeiri təkrar oxuyarkən xatırlasın, yaddaşına gətirsin ki, Sevindik Nəsiboğlu sözə, yaradıcılığa poeziya ilə gəlib. Onun yazıları, yazıb-yaratdıqları ona görə ruhludur, ona görə duyğuludur ki, o, yazılarını poetik nəfəsi ilə süsləyir. Öz yazılarına poetik məzmun verə bilir.
Maraqlıdır ki, bəzi bir çox yazıları sənədli povest xarakteri daşıyır. Onun “Vətənə qurban gedənlər” publisistik əsərini elə sənədli publisistik nəsrimizin də çox dəyərli bir nümunəsi hesab etmək olar. Özü də maraqlıdır ki, Sevindik Nəsiboğlu yazılarında emosiyalarının, hisslərinin, duyğularının axarına rəvac verir. Bir çox hallarda öz qəhrəmanlarına sevgisini elə poetik ruhlu qeydləri ilə təkan verir, yaddaşlara yazır. Qeydlərindən bir parçanı burada təqdim edirəm: “İndi o hadisə min bir şəkilə bürünərək ağlımı, fikrimi məşğul edir, bu sözləri yazarkən o səhnəni dəfələrlə düşünürəm. Qismət belə imiş, bəlkə də Yaqub öz Yusifinə - Asiminə cənnətdə qovuşa bilib. Amman nə olursa-olsun, bu dəqiqdir ki, həyat həmişə insanların istədiyi kimi ola bilməz... Yenə də bunu bu qədər ağıllı bir şəkildə təcrübə etməyi heç istəməzdim.
...Yox, ümid edirəm ki, bu mövzuda vətənimizin qeyrətli oğulları, qızları məni yanıldacaqlar. Onların bu dastanı bitməyə qoymayayaq, dəfələrlə yazıb, oxuyub, işıqlandırıb gələcək nəsillərə çatdıracaqlar. Hər kəs biləcək ki, bizim də Yaqubumuz, Yusifimiz var və onlar kimi ata-oğulu yetişdirən bir ölkə, bir xalq heç bir zaman, hətta ən son anda belə məğlub olmayacaq, ola da bilməz!
Vətənə qurban gedənlərin Vətəni yaşatdıqları kimi Vətən də onları əbədi olaraq yaşadacaq”. Təkcə bu qeydlər bəs edir ki, Sevindik Nəsiboğlunun öz qəhrəmanlarına necə sevgili münasibət bəslədiyini duyasan, hiss edəsən. Onun varlığı, təbiəti sanki sevgili hisslərindən güc alır. Qəhrəmanlarını da məhz ona görə yorulmadan tərənnüm edir ki, onların obrazlarını yaddaşına yığaraq mənəvi mühitində yaşadır və onları sevir.
Sevindik Nəsiboğlunun “Göylər qədər əbədi” adlı Cavid Əhliman oğluna həsr elədiyi şeiri də diqqəti cəlb edir. Zənnimcə, bu şeirdə də o, öz obrazlarına poetik münasibətini yaşantıları kimi qələmə alıb.
 
Sübhün çağı, dünən səs gəldi birdən,
Qara xəbər sevincləri apardı.
O gündən səni bizdən, bizi səndən,
Uzaq etdi, ayrı saldı, qopardı.
 
Cismin göydən düşdü torpağa sarı,
Ruhun göydə idi, göydə də qaldı.
İkisi də şəhidtək zirvələşdi,
Göydə və yerdə onlar növbələşdi.
 
Qarabağın azaddır, cənnətdə sən nura bat,
Ruhun şaddır, şəhidim, məzarında rahat yat.
Şəhidlər ölməyirlər, onlar əbədi yaşar,
Sən də ölməzliyinlə ana Vətəni yaşat.
 
Göylərdən libasın var, göy tabutlu, Göy Mələk,
Səni bizdən çox vaxtsız aldı, ayırdı fələk,
İgidlik abidəsi, Sən Şahinsən, Oğuzsan,
Göylər qədər əbədi, asimantək sonsuzsan.
 
Şübhəsiz, bu şeirlərin poetik mükəmməlliyi haqqında bəzi mübahisələr də ola bilər. Ancaq nəzərə alanda ki, bu poetik bəndləri dövrümüzün hələ həyat sınaqlarında tam bişməmiş bir gənci alıb, onda müəllifi başa düşmək çətin olmaz. Şübhəsiz, Sevindik Nəsiboğlunun çoxlu əsərlərinin maraqlı müharibə hekayətlərinin adlarını çəkmək olar ki, bu hekayətlərin hər birində biz Azərbaycanı sevən, Azərbaycan uğrunda canını qurban verən Azərbaycan əsgərini görürük.
Şəhid Cəmaləddin Türbəndə oğlu Ağcabədinin Kürdlər kəndində anadan olub. Ancaq Cəbrayıl uğrunda başlanan ölüm-dirim savaşında canını ilk qurban verən oğullarımızdan biridir. O, Cəbrayılın Nüzgar kəndi uğrunda savaşda həlak olub. Demək istəyirəm ki, Sevindik Nəsiboğlunun yazıları Azərbaycan xəritəsini özündə ehtiva edir. Özü də burada bir daha xatırlatmaq olar ki, onun mətnə münasibəti hətta, nəsrlə yazanda belə poetik ovqat ilə diqqəti cəlb edir. Cəmaləddin Türbəndə oğlu haqqındakı qeydlərinin əvvəlinə diqqət edək: “Azərbaycan şəhidlər, qəhrəmanlar və dastanlar ölkəsidir. Elə bu səbəbdən də Azərbaycanın özü də bir dastandır. Qəhrəmanlar yetirən, qəhrəmanlar yetişdirən dastan. Bu dastanın minlərlə fəsilləri, minlərlə boyları, on minlərlə qolları, budaqları var. 2908 dastan, əsasən, bizim ən son, ən yaxın tariximizdə yaradıldığı üçün xüsusilə seçilir. Bu dastan qəhrəmanlığı ilə dillərdə dastana dönən şəhidlərin yazdığı, yaratdığı, qısa müddətdə qəlblərdə məkan salmış, yaddaşlarda həkk olunmuş dastanlardır. Onların qan rəngindəki qələmlə qəlblərimizə yazılmış, yaddaşımıza nəqş edilmiş dastanlardır. Bu dastanlar heç bir zaman könüllərimizi tərk etməyəcək, yaddaşlarımızdan silinməyəcək, çünki birbaşa qəlblərimizə, yaddaşlarımıza heç vaxt silinməyəcək ilahi bir naxışla işlənilmiş, ilmələnmişdir”. Beləliklə, biz Azərbaycan uğrunda canlarını qurban vermiş oğulların həyat xronikasını sözlə canlandıran “Dirçələn xarıbülbül” adlı çox möhtəşəm bir kitabı ərsəyə gətirən Sevindik Nəsiboğlunun özünün də bir vətən sevdalı savaşçı olduğunu düşünməyə haqqımız var. Hələ Sevindik Nəsiboğlu bizi çox sevindirəcək. Onun gələcək uğurlarına inamımızda qətiyik.



 
Əli Rza XƏLƏFLİ,
şair-publisist,
«Kredo» qəzetinin baş redaktoru,
Beynəlxalq Rəsul Rza Mükafatı laureatı
12.12.2025

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ