Zəngəzurun səsi qəzetinin təsisçisi və baş redaktoru, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, Birinci Qarabağ müharibəsinin iştirakçısı Yavər Nuriyevin həkim səhlənkarlığı nəticəsində vaxtsız vəfatı məni dərin hüznə qərq etdi. Bu ağır itki illərin dostluğunu, birlikdə yaşadığımız saysız-hesabsız unudulmaz xatirələri bir-bir gözlərim önünə gətirdi. Dost itkisi çox ağır olur – insanın ürəyi parçalanır, söz boğazında qalır.Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. O, həyatın çətin sınaqlarına baxmayaraq sınmadı, zəhmətkeşliyi, iradəsi və əzmi ilə özünə layiqli həyat yolu qurdu. Uzun illər San-Marino, sonradan adı dəyişdirilərək Beynəlxalq Universitet adlandırılan ali təhsil müəssisəsində çalışdı. Halal zəhməti ilə ailəsini dolandırdı, iki qız övladını böyüdüb ailə sahibi etdi, nəvələrinin sevincini yaşadı. Dostları kimi mən də qızlarının toylarında iştirak etmiş, xeyir-duamı vermişdim.
Yavər Nuriyev həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı idi. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, düşmənə qarşı mərdliklə vuruşmuş, torpaqlarımızın müdafiəsində əsl vətənpərvər mövqe nümayiş etdirmişdi. Onun vətən sevgisi təkcə sözlə deyil, əməli fəaliyyəti ilə sübuta yetirilmişdi.
Yavər müəllim olduqca zirək, cəsarətli və məsuliyyətli insan idi. Bir dəfə rayondan tədbirdən qayıdarkən Ağsu–Ucar yolunda güclü qar yağışı başladı. Görünüş məsafəsi bir metri belə keçmirdi. Mən avtomobili saxlamasını, qarın bir qədər kəsməsini gözləməyi xahiş edirdim. O isə özünəxas arxayınlıqla dedi:
“Qorxmayın, sizi Bakıya salamat çatdıracağam.”
Həmin an bir daha əmin oldum ki, Yavər müəllim nə qədər yeyib-içən, məclis adamı olsa da, işində son dərəcə diqqətli, məsuliyyətli və ciddi idi.
Bir dəfə də Şabranda ad gününə getmişdik. Xəlil bəylə birlikdə onun analığının evində qonaq olduq. Səmimi, isti bir məclis idi. Yavər müəllim harada olurdusa, dərhal ünsiyyət yaradır, hamının hörmətini və rəğbətini qazanırdı.
Unudulmaz xatirələrdən biri də mərhum “Həkəri” qəzetinin təsisçisi və ilk redaktoru Hacı Əli Xankişiyevlə birlikdə Sumqayıtda yaşayan Seyid Əlşl ağanın oğlu Seyid Əvəzin evinə qonaq getdiyimiz günlərdir. Rəhmətlik həyat yoldaşı bizi görəndə sevincək dedi:
“Ay Əvəz, bax gör kim gəlib – İlyas dayımızın oğlu Rauf gəlib. Bu qonaqların ayağının altında durma, tez qoyun kəs!”
Seyid Əvəz bizi Sumqayıtın çıxışında Laçınlıların restoranına apardı, yüksək qonaqpərvərlik göstərdi. Yavər müəllim yenə də məclisin ruhuna çevrildi, maraqlı söhbətləri ilə hamının diqqətini çəkdi. Zarafatla dedi:
“Rauf, mən bir çəpişin kababını tək yeyərəm.”
Bu sözlər məclisə xüsusi bir ovqat qatdı.
Yavər müəllim insanlara kömək etməyi həyatının mənası sayırdı. Çalışırdı ki, kimisə işə düzəltsin, kiməsə dayaq olsun, heç olmasa evinə çörək pulu aparmasına səbəb olsun. Ağdamlı Yusiflə (Yuska) onu mən tanış etmişdim. Sonralar Yavər Yusiflə birlikdə Xarıbülbül restoranında olarkən mənə zəng vurub qonaq çağırırdı. Onların dostluğu səmimi və möhkəm idi.
Yavər Nuriyevin yaddaşı misilsiz idi. Kiminsə adını soruşanda həmin adamın mobil və ev telefon nömrəsini əzbər deyirdi. Qafan rayonundan didərgin düşmüş soydaşlarımızın ad-soyadını və əlaqə nömrələrini toplayaraq “Yaddaş kitabı”nı nəşr etdirmişdi. Bu, o dövr üçün olduqca dəyərli və mühüm təşəbbüs idi.
“Zəngəzurun səsi” qəzetində mənim çoxsaylı yazılarım dərc olunmuşdu və bu işlərdə Yavər müəllimə hər zaman dəstək göstərirdim. Elə buna görə də bir çoxları məni qəzetin əməkdaşı hesab edirdi. Şəhid atası mərhum Məhəmməd Mürsəl oğlu, Seyid Əvəz, Tofiq Mehdiyev, Adil Əliyev , Sücəddin Abdullayev, Məhəmməd ( Mamed) Əlioğlu, Elman Süleymanov, Rasim Məmmədov və digər ziyalılarla Yavər müəllimi məhz mən tanış etmişdim. O isə bu tanışlıqlara böyük dəyər verir, münasibətləri daim qoruyub saxlayırdı.
Birlikdə Qəbələnin Vəndam kəndinə əsgər yoldaşının oğlunu hərbi xidmətə yola salmağa getmişdik. Qayıdanda Mingəçevirdə bibim oğlu, şəhid Nahidin qardaşı Arif Həmid oğlunun evində süfrə arxasında olduq. Daha sonra Ağsuda Raziyə xanımın anasının evində qonaq qaldıq. Harada olurdusa, səmimiyyət, dostluq və isti münasibət hökm sürürdü.
Ad günləri də həmişə yaddaqalan keçirdi. Məhəmməd kişi bir dəfə ona ad günündə bir qoyun hədiyyə etmişdi. Vişnovkadakı bağında təşkil olunan ad günündə məclisi Şamo idarə edirdi, Cahan xanımın sevinci gözlərindən oxunurdu. Həmin gün Yavər müəllim təzə üzüm yarpağı yığdırıb bizə paylamışdı.
Qələm dostumuz, “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlunun tərtib etdiyi nəğməkar şair Hafiz Baxış haqqında kitabın təqdimat mərasiminə də Yavər müəllimlə birlikdə getmişdik. Həmin tədbirlə bağlı “Respublika” qəzetində mənim geniş məqaləm dərc olunmuşdu.
Yavər müəllim general təxəllüsü , vətən müharibəsi veteranı, Əlövsət bəylə, şair Sarıgül Yağmurla və bir çox ziyalılarla yaxın münasibətdə idi. Dostumuz Ənvər Məmmədov onu görəndə həmişə deyirdi:
“Yavər çox zirək və fərasətli adamdır.”
Yavər Nuriyev pəhləvan cüssəli, mərd, xeyirxah, əsl məclis adamı idi. İctimai işlərdə, deputat seçkilərində fəal iştirak edirdi. Son vaxtlar maddi çətinliklər səbəbindən müalicəsini lazımi səviyyədə davam etdirə bilmədi. Təəssüf ki, bu da onun vaxtsız itkisinə səbəb oldu.
Onun vəfat xəbərini sosial şəbəkədən eşidəndə sarsıldım. Bu dünya fanidir, amma belə insanların yeri heç vaxt dolmur. O, təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün əvəzolunmaz bir insan idi.
Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar – 6-cı gün, Zəm-Zəm mərasim evində (Həzi Aslanov metrosunun yaxınlığı) keçiriləcək.
Allah Yavər müəllimin günahlarını bağışlasın, ruhunu şad etsin, məkanını cənnət eləsin.
Ruhu şad olsun.



Rauf İlyasoğlu