SON DƏQİQƏ

Ömrünü təhsilə və insanlığa həsr edən ziyalı-FOTOLAR

Tarix:13-02-2026, 09:02

Təvəkkül Qəhrəman oğlu Allahverdiyevin əziz xatirəsinə.
Ağdam- Qubadlı yenə bir dəyərli ziyalısını itirdi.
60 ilə yaxın pedaqoji fəaliyyətə malik, “Qabaqcıl maarif xadimi” adına layiq görülmüş, 1965–1975-ci illərdə Ağdam şəhər 8 nömrəli orta məktəbin direktor müavini vəzifəsində çalışmış vətənpərvər ziyalı Təvəkkül Qəhrəman oğlu Allahverdiyev Haqq dünyasına qovuşdu.
Bu, təkcə bir ailənin yox, bütöv bir nəslin, Ağdam təhsil mühitinin ağır itkisidir.
Təvəkkül müəllim ilk təhsilini Qubadlı rayonunun qədim və saf ruhlu Həmzəli kənd ibtidai məktəbində almışdı. O kəndin torpaq iyi, bulaq səsi, dağ mehinin saflığı onun xarakterində də yaşayırdı — təmiz, dürüst, əyilməz.
Sonralar Muradxanlı kənd orta məktəbini bitirmiş, Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almış, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakültəsini başa vurmuşdu. Ömrünü biologiya və kimya elminin tədrisinə, gənc nəslin tərbiyəsinə həsr etmişdi.
27 il Ağdam şəhər 8 nömrəli orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləmək hər müəllimə nəsib olmur. Bu, həm kollektivin, həm də cəmiyyətin böyük etimadı idi. O, tələbkar idi, amma ədalətli idi. Sərt görünürdü, amma qəlbi yumşaq idi. O məktəb bir həyat məktəbi idi Ağdam şəhər 8 nömrəli orta məktəb sadəcə dərs keçilən bina deyildi. Ora bir sistem, bir model, bir həyat məktəbi idi.
Məktəbin içərisində geniş və gözəl futbol meydançası vardı. Şagirdlər təkcə kitab arasında böyümürdü, həm də meydanda formalaşırdı. İdman onların xarakterini möhkəmləndirir, dostluq və rəqabət hissini sağlam şəkildə inkişaf etdirirdi. Məktəbin üzüm plantasiyası vardı. O bağda şagirdlər torpaqla təmasda olur, zəhmətin nə olduğunu öyrənirdi. Yetişdirilən məhsullar müəllimlərə və məktəb işçilərinə paylanır, kasıb şagirdlərə də verilirdi. Təhsil ocağı eyni zamanda mərhəmət və paylaşma mərkəzi idi. Hətta məktəbin həyətində inək saxlanılırdı. Şagird qızlara inəyə qulluq qaydaları öyrədilir, südün, zəhmətin, qayğının dəyəri izah olunurdu. Paltar biçmək və tikiş dərsləri keçirilirdi. Qızlar ailə həyatı üçün praktiki biliklər qazanırdılar. Oğlanlara isə dülgərlik öyrədilirdi. Taxtanın qoxusu, alətin səsi, zəhmətin nəticəsi – bunlar kitabdan oxunan deyil, əllə qazanılan bilik idi. Avtomobil üzrə sürücülük dərsləri də keçirilirdi. Gənclər həyata hazır böyüyürdülər.
Bu gün çoxları repetitor yanına üz tutur. Amma o illərdə əsl təhsil məktəbin özündə idi. Müəllim sinifdə dərsi elə öyrədirdi ki, əlavə dərsə ehtiyac qalmazdı. Elm şagirdin beyninə məcburiyyətlə yox, sevdirilərək yeridilirdi. Təvəkkül müəllim kimi pedaqoqlar məktəbi yalnız idarə etmirdilər — onu yaşadırdılar.
Ağdam – dağıntıdan dirçəlişə 1947-ci ildə atam İlyas Allahverdiyev Ağdamda ev tikdirib ailəni bir araya toplamışdı. Təvəkkül əmim də həmin torpaqda öz iki mərtəbəli ocağını qurmuşdu.
2022-ci ildə Ağdama gedəndə o evdən əsər-əlamət qalmadığını gördük. Erməni vandalları evi yerlə-yeksan etmişdi. Həyət viran idi. Divarlar uçurulmuşdu. Ağdam ruhlar şəhərinə çevrilmişdi – sükutun, xatirələrin, yarımçıq qalmış həyatların şəhərinə…



Amma bu gün şükür ki, Ağdam yenidən qurulur. Küçələr salınır, məktəblər tikilir, həyat geri qayıdır. Bu dirçəliş Təvəkkül müəllim kimi ziyalıların ruhuna ən böyük təsəllidir. Uşaqlıq illərinin saf xatirələri
Yay aylarında yolumuz mütləq Qubadlıya — Həmzəli kəndinə düşərdi. Həkəri çayının sahili uşaqlığımızın cənnəti idi. Çayın şəffaf suyu günəşdə gümüş kimi parıldayardı. Sahildə söyüdlər suya əyilər, biz isə doyunca çimərdik. Balıq tutmaq ayrı bir aləm idi. Yanımızda Vaqif, Vidadi, Niyaz, Qəhrəman, Namiq, Rövşən İrşad olardı. Bibim oğlanları Nəriman,Arif,Nahid , dayılarım Əhməd, Mamed, Əbdül, Nadir, Novruz, bizdən böyük Güloğlan tor atmaqda ustalıq göstərərdi. Tamara bibimgildə, Əli babamgildə digər qohum evlərində qalardıq. Süfrəyə təzə qaymaq, kənd çörəyi, təndir iyi gələrdi. O süfrələrdə ruzi də vardı, bərəkət də...



2011 ci ildə " Dostlara dost töhfəsi" kitabımda Əmim Təvəkkül Allahverdiyevə də bir şeir həsr etmişdim. Bu şeirdə sadalanan müəllim adları bir dövrün təhsil panoramasıdır. Orada nizam-intizam da var, yumor da var, tələbkarlıq da var, səmimiyyət də. Hər misra Ağdam məktəbinin ruhunu yaşadır.



Təvəkkül müəllim o kollektivin dayağı, söz sahibi, ağsaqqalı idi. O, heç kimin xətrinə dəymədi. Sakit, ləyaqətli, şərəfli ömür yaşadı. Yüzlərlə şagird yetişdirdi. Onun əsl abidəsi də həmin şagirdlərdir.

Kökümüzdə bir yaşlı sən qalmışdın… Sən də getdin. İndi böyük qardaşın İlyasa qovuşdun. Ruhun şad olsun, əziz əmim. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Adın da, əməlin də yaşayacaq.
Təvəkkül Allahverdiyevə yazdığım şeirlə dünyadan köçınlərə rəhmət qalanlara cansağlığı arzulayıram; 


Görün necə yaşa dolubdur əmim,
Həsrət qaldıq yurda, dikəl, dur qəmim.
Könlüm yazmaq istər, gəlibdir dəmim,
Elm öyrədən daim qəlbimdə yaşar,
Onlardan dərs alan zirvələr aşar.

Görəndə biz “Səməd Vurğun” deyərdik,
Gizli-gizli duyub bunu bilərdik.
Səs salanı dərsdə o an söyərdik,
Xatirəmdə qalan o xoş günlərim,
Ömür ötən, yaşa dolan illərim.


Qaraş müəllim dəcəlləri döyərdi,
Sərvər müəllim tarda özün öyərdi.
Çingiz müəllim Məzahiri söyərdi,
Telli müəllim işi sülhə düzərdi,
Paxıllar da buna dodaq büzərdi.

Yürəkdən biz rus dili öyrənərdik,
Dilguşəylə nəğmə də söyləyərdik,
Zabil “demək” desə, sayıb gülərdik.
Pənah müəllim üdüləyib tökərdi,
Qavramayan dal partada sökərdi.

Ənvər müəllim həvəslə dərs deyərdi,
Sürücülük elmin gözəl bilərdi,
Qismətini dostlarıyla bölərdi.
Solaxaydım, vurduğum top qol idi,
Mer-meyvəmiz, məhsulumuz bol idi.

Dağdan gəlib, əmimgilə gedərdik,
Yumurtlayan toyuqları güdərdik,
Şirin gilas, alma, armud yeyərdik,
Səltənətlə Pəri nənəm gülərdi,
“Yavaş qaçın, yıxılarsız” deyərdi.

O günləri tez-tez yada salıram,
Ağdamımla xoş xəyala dalıram.
Didərginin hey könlünü alıram,
Müəllimlərin şux olardı görkəmi,
Əmim idi müəllimlərin ötkəmi. 

Rauf İLYASOGLU,
"Həkəri" qəzetinin baş redaktoru, 
Şair - publisist 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ