Satirik qeydlər.
Yüngülvari bazarlıq edib evə gəldim.
Əlimdəki kloku stolun üstünə boşaltdım:
— Bu düyüdür, bu kartof, bu alma, bu da təzə çörək...
Elə bunu demişdim ki, həyat yoldaşım qaşqabağını tökdü.
Amma bir söz demədi. Telefonu götürdü, başladı “status”lara baxmağa.
Evdə səliqə var, yemək hazır, hər şey yerində. Amma havada qəribə bir sükut…
Sən demə, bu gün “Sevgililər Günü” imiş. Mən nə bilim?
Dedim, yaxşı, gəl bir bunun tarixçəsinə baxaq.
Bu iş hardan başlayıb, hara gedib çıxıb?
Bəziləri deyir, bu bayramın kökü qədim Avropaya gedib çıxır.
Adını da bağlayırlar bir müqəddəsə – Saint Valentine.
Guya gizli-gizli aşiq cütlükləri evləndirirmiş.
Roma imperatoru da bunu eşidib, başını bədənindən ayırıb.
Beləliklə, sevgi şəhidindən dünya marketinq qəhrəmanı düzəldiblər.
Sonra gəlirik XX əsrə.
Qarşımıza çıxır Klara Zetkin.
O xanım qadın haqlarından danışır, 8 Martı təklif edir.
İndi də bizdə gül satanlar hər iki tarixi birləşdirib “paket kampaniya” edirlər:
Fevral – ürək, mart – qərənfil.
Pul eyni cibdən çıxır.
Bəziləri də deyir ki, sevgini sübut eləmək üçün ölümə getmək lazımdır.
Xatırlayırıq İlham Allahverdiyev və Fərizə Allahverdiyeva adlarını.
Onların taleyi 20 Yanvar faciəsinin ağrılı səhifəsidir.
Amma burada bir həqiqət var:
Dinimiz – Qurani-Kərim – insanın öz canına qıymağını qadağan edir.
Sevgi müqəddəsdir, amma həyat da müqəddəsdir.
Sevgi yaşatmaq üçündür, yandırmaq üçün yox.
İndi gələk mənim evə.
Mən bazarlıq etmişəm: düyü, yağ, çörək.
O isə gözləyirmiş gül, şokolad, bəlkə də bir üzük.
Deyirəm:
— Ay xanım, bu qiymətlərlə sevgi də kreditlə verilir!
Toydan qalırıq, yasdan qalırıq, bir də baxırsan bankdan mesaj gəlir:
“Faiziniz artdı.”
Biz də sələmçi bankların romantikasını yaşayırıq.
Sevgi məktubu yerinə kredit müqaviləsi imzalayırıq.
Gül buketi əvəzinə “ödəmə cədvəli” alırıq.
Dövlətimiz gərək elə pensiya versin ki, adam heç olmasa bir dəstə gülü gizlin ala bilsin.
Yoxsa fevralın 14-ü gələndə ürək yox, təzyiq qalxır.
Amma düzünü deyim:
Onsuz da evdə doğum günləri, ad günləri, yubileylər bitmir.
Hər ay bir şam yandırırıq.
Əgər evdə hər gün xoş əhval olsa,
Əgər süfrədə səmimiyyət, ürəkdə anlayış olsa,
Elə bayram hər gün olar.
Sevgi təkcə 14 fevralda yox,
Ayın 15-də də, 16-da da,
Hətta kredit ödədiyin gündə də gülümsəyə bilməkdir.
Yoxsa Klara xanım da, Valentin də baxıb deyər:
— Ay camaat, biz ideya verdik, siz isə bunu kampaniyaya çevirdiniz!
Sevgi ürəkdədirsə, tarixə ehtiyac yoxdur.
Əgər ürək boşdursa, heç fevralın 14-ü də kömək etməz.
Və mən yenə deyirəm:
Bu düyüdür, bu çörəkdir…
Amma evdə xoş söz yoxdursa,
Ən bahalı hədiyyə də adamı xilas etməz.
Rauf İLYASOGLU.