SON DƏQİQƏ

Sevinc İnqilabın hekayələri

Tarix:12-04-2026, 11:21

Müəllim-Yazıçı Sevinc İnqilabın hekayələri: 
 
MƏHSULDAR TORPAQ
 
Bir zamanlar kəndlərin birində böyük bir torpaq sahəsinə sahib olan bir ailə yaşayırdı. Bu ailənin yeddi oğlu və bir qızı vardı. Ailə çoxuşaqlı olsa da, torpaqlarından istədikləri qədər məhsul götürə bilmirdilər.
Çünki torpağın böyük bir hissəsi daşlı, qayalı və kol-koslu idi. Hər tərəfi bürüyən tikanlı kollar, iri qayalar və bərk torpaq bu sahəni yararsız hala salmışdı. Oranı əkinə hazırlamaq isə heç də asan deyildi. Bunun üçün böyük zəhmət, səbir və birlik lazım idi.
Bir gün ata oğullarını başına yığıb dedi:
— Bu torpaq bizim ruzimizdir. Əgər əl-ələ versək, onu bərəkətli edə bilərik.
Atanın sözləri yeddi qardaşın ürəyinə güc verdi. Onlar birləşib işə başladılar. Biri qayaları parçalayır, biri kolları qırır, biri daşları daşıyırdı. Günəşin altında, soyuğun içində, yorulmadan çalışırdılar. Bəzən əlləri yara olur, bəzən gücdən düşürdülər. Amma heç biri geri çəkilmirdi.
Uzun günlərin, ağır zəhmətin və min bir əziyyətin sonunda torpaq sahəsi təmizləndi. Qayalar yığışdırıldı, kol-kosdan əsər-əlamət qalmadı. İndi o sahə sanki yenidən nəfəs alırdı.
Sonra torpaq şumlandı, vərlər çəkildi, şitillər əkildi, toxumlar səpildi. Ardınca suvarma başladı. Qardaşlar hər gün əkdikləri sahəyə qayğı ilə baxır, torpağı becərirdilər.
Aylar keçdi. Yazın zəhməti yayın sonunda öz bəhrəsini verdi. Tarlalar yaşıl libasa büründü, ağaclar meyvə ilə doldu, sahələr bol məhsul verdi. Yığılan məhsulun bir hissəsi satışa göndərildi, bir hissəsi isə ailənin ruzisi oldu. Buna baxmayaraq, yenə də sahədə bol məhsul qalırdı.
Ailə sevinc içində idi. Çünki onlar yaxşı bilirdilər ki, bu bolluq təsadüfən yaranmayıb. Bu, birliyin, zəhmətin və səbrin bəhrəsi idi.
Doğrudan da, atalar nahaq yerə deməyib: “Güc birlikdədir.”
 
BALACA DƏLƏ
 
Qədim zamanların birində ucqar bir kənddə yaşayan bir nənə, baba və onların yetim qalmış nəvəsi var idi. Bu mehriban ailə kasıb olsa da, ürəkləri sevgi ilə dolu idi. Nənə ilə baba balaca qızın qayğısına qalmaq üçün gecə-gündüz çalışar, meşədən odun yığıb bazarda sataraq dolanardılar.
Bir gün baba yenə odun toplamaq üçün meşəyə getmişdi. Payızın sakitliyi meşəni bürümüş, saralmış yarpaqlar ayaq altında xışıltı ilə səslənirdi. Baba budaqları yığarkən birdən zəif bir səs eşitdi. Səsi izləyib yaxınlaşanda yaralı bir dələ balası gördü. Balaca dələ titrəyir, qorxudan gözlərini qıyırdı. Baba ürəyi dözmədi, onu ehtiyatla qucağına alıb evə gətirdi.
Nəvə bu balaca qonağı görəndə sevincindən gözləri işıqlandı. O, dələni sığallayır, onunla danışır, sanki bir dost tapmış kimi sevinirdi. Nənə yaralı dələni sarıdı, ona yemək verdi. Günlər keçdikcə dələ sağaldı, güc topladı və evin bir üzvünə çevrildi.
Balaca qızla dələ arasında səmimi dostluq yaranmışdı. Qız haraya getsə, dələ də onun ardınca qaçardı. Onlar birlikdə oynayır, həyətin hər küncünü gəzirdilər. Dələ artıq insanlardan qorxmur, qızın səsinə alışmışdı.
Bir gün balaca qız xəstələndi. Onun üzü soldu, gözlərindəki sevinc itdi. Nənə ilə baba çox narahat oldular. O gündən dələ qızın yanından ayrılmadı. O, qızın yastığının yanında büzüşüb yatır, sanki onu qoruyurdu. Sakitcə onun nəfəsini dinləyir, kiçik ürəyi ilə dostuna dayaq olmağa çalışırdı.
Bir neçə gündən sonra qız sağalmağa başladı. O gözlərini açanda ilk gördüyü dələ oldu. Qız gülümsədi, dələ də sanki bunu anlayıb sevinclə onun ətrafında dövrə vurdu. O gündən sonra onların dostluğu daha da möhkəmləndi.
Günlər bir-birini əvəz etdi. Bu kiçik evdə sevgi, mərhəmət və dostluq hökm sürürdü. Nənə, baba, nəvə və balaca dələ bir ailə kimi yaşayırdılar.
Sevinc İnqilab 
 
 
P.S  
Redaktordan;
 
Bu hekayə bizə bir həqiqəti xatırladır:
Allah hər canlını gözəl yaradıb. Meşədə yaşayan heyvanlar təbiətin qoruyucularıdır. Onlar xəstə və zəif canlıları aradan qaldıraraq təbiətdə tarazlığı saxlayırlar. Hətta kiçik qarışqalar belə təmizləyici rol oynayır. Bəzi heyvanlar, məsələn pişiklər, təbiəti qorumaq üçün ifraz etdiklərini torpağa basdırırlar.
İnsan isə ağıl sahibi olaraq daha məsuliyyətlidir. Təəssüf ki, bəzən insanlar təbiətə və ətraf mühitə qarşı laqeyd davranır, küçələri çirkləndirir, nalayiq hərəkətlər edirlər. Halbuki heyvanlar belə öz təbiətlərinə uyğun şəkildə təmizliyə və nizam-intizama riayət edir.
İtlər insanın sadiq dostu, ev heyvanlarının qoruyucusudur. Digər heyvanlar isə təbiətin ayrılmaz bir parçasıdır.
Gəlin unutmayaq:
Heyvanlara qarşı mərhəmətli olmaq insanlığın ən gözəl əlamətlərindən biridir.
Çünki mərhəmət olan yerdə sevgi, sevgi olan yerdə isə həyat gözəlləşir.
 
MEŞƏNİN DƏRİNLİYİNDƏ
 
Günlərin bir günündə üç ovçu dost ova çıxmışdılar. Payızın sərin nəfəsi meşəyə yayılmış, yarpaqlar saralıb yerə tökülmüşdü. Meşə sakit idi, yalnız quşların səsi bu sükutu pozurdu.
Birdən qəribə bir səs eşitdilər. Səs meşənin dərinliyindən gəlirdi. Ovçular bir-birinə baxıb ehtiyatla o tərəfə yönəldilər. Səs yaxınlaşdıqca daha aydın eşidilirdi — bu, kömək istəyən bir insanın səsinə bənzəyirdi.
Onlar qaçaraq səs gələn yerə çatdılar və gördükləri mənzərə qarşısında məəttəl qaldılar. Nəhəng bir ayı meşəbəyinin üstünə hücum etmişdi. Ayı çox güclü idi, meşəbəyinin qolunu və ayağını zədələmiş, onu yerə sərmişdi.
Ovçular cəsarətlərini toplayıb ayını qorxutmağa çalışdılar. Səs salıb, daş ataraq onu geri çəkilməyə məcbur etdilər. Nəhayət, ayı meşənin dərinliyinə çəkildi. Onlar yaralı meşəbəyini güc-bəla ilə ayırıb xilas etdilər.
Meşəbəyinin vəziyyəti çox ağır idi. Onu ehtiyatla atın belinə qoyub rayon mərkəzinə — xəstəxanaya apardılar. Yol boyu o, çox qan itirmişdi. Qolu, ayağı və qabırğaları sınmışdı.
Həkimlər müayinədən sonra vəziyyətin ağır olduğunu bildirdilər. Onun sınıqları sarındı, lazımi müalicə aparıldı və o, uzun müddət yataqda qaldı. Günlər keçdi, aylar ötdü…
Nəhayət, meşəbəyi yavaş-yavaş ayağa qalxa bildi. Amma əvvəlki kimi güclü deyildi. Uzun müddət işindən uzaq qaldığı üçün meşədə görüləsi işlər çoxalmışdı. Buna baxmayaraq, o, borcunu unutmamışdı.
Bir gün yenidən meşəyə yollandı. Lakin gördükləri onu həm təəccübləndirdi, həm də sevindirdi. Meşədə yeni ağaclar əkilmiş, onların dibləri yumşaldılmış, suvarılmış və qayğı ilə qorunmuşdu. Sanki kimsə onun yoxluğunda bu müqəddəs işi davam etdirmişdi.
Meşəbəyi başa düşdü ki, təbiətə sevgi təkcə onun ürəyində deyil. Bu meşə dövlət qoruğu idi və onu qorumaq hər kəsin borcu idi.
O, dərin bir nəfəs aldı və sakitcə dedi:
— Təbiəti qoruyan insan, gələcəyini qoruyur.
Bu hekayə bizə öyrədir ki, təbiət bizə əmanətdir. Onu qorumaq, qayğı göstərmək hər birimizin borcudur.
 
MƏKTƏBLİ QIZ
 
Sovet dövründə həyat tamam başqa cür idi. Hər kəs səhər tezdən oyanar, öz işi ilə məşğul olardı. Kimisi işə, kimisi məktəbə yollanardı. Sadə, zəhmətli, amma nizam-intizamlı bir həyat idi.
Belə ailələrdən birində yeddi uşaq böyüyürdü. Evin böyük qızı onuncu sinifdə oxuyurdu, ən kiçik qız isə birinci sinif şagirdi idi. Onun adı Əsmər idi.  1972- ci illər   idi.
Səhərin erkən saatları idi. Anası inəyi sağmış, südü bişirib süfrəni hazırlamışdı. Uşaqlar bir-bir oyanıb əllərini yudular , dişlərini fırçaladılar və süfrə başına yığışdılar. Evdə qəribə bir sevinc vardı. Bu gün Əsmər üçün xüsusi gün idi.
O, bu gün “oktyabriyat” sırasına qəbul olunacaqdı. Yaxasına ulduz nişanı taxılacaqdı. Əsmər çox həyəcanlı idi. Bu günü uzun zamandır səbirsizliklə gözləyirdi.
Məktəbə çatanda həyət şagirdlərlə dolu idi. Hamı səliqə ilə cərgəyə düzülmüşdü. Müəllimlər və dəstə rəhbərləri də hazır dayanmışdılar. Əsmər həm ağıllı, həm də çalışqan şagird olduğu üçün müəllimlərinin sevimlisi idi.
Nəhayət, onun adı səsləndi. Dəstə rəhbəri Güldəstə xanım Əsmərin qarşısında dayandı. O, mehribanlıqla Əsmərin başını sığalladı, yaxasına oktyabriyat ulduzunu taxdı və onun alnından öpdü.
Əsmərin sevincinin həddi-hüdudu yox idi. O, sanki dünyanın ən xoşbəxt uşağı idi. Ürəyində yeni arzular cücərirdi: bir az böyüyəcək, pioner olacaq, qırmızı qalstuk taxacaq, sonra isə komsomol sıralarına qoşulacaq…
Zaman keçdi. Əsmər böyüdü. O, arzularına bir-bir çatdı. Onuncu sinfi uğurla bitirdi və ali məktəbə qəbul olundu. Təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıtdı.
Əsmər çalışqanlığı və savadı ilə seçildi. İşləyib ailəsinə dayaq oldu, ata-anasına kömək etdi. Kənd camaatının hörmətini qazandı, hamının sevdiyi bir insan oldu.
Bu gün də onun adı zəhmətkeş, savadlı və mərifətli bir qız kimi çəkilir.
Gəlin biz də Əsmər kimi zəhmətə, elmə və məqsədə bağlı olaq. Ona isə bol uğurlar arzulayaq! 

1972-ci il
 
Sevinc İnqilab 
ə
llim-Yazıçı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ