56 YAŞIN MÜBARƏK, ƏZİZ DOST!
Uca Tanrının adı ilə!Mənə elə ömür arzulayın ki,
Hər vaxt sevə bilim, sevilə bilim,
Qapı-pəncərəmi öz evimdəki,
Özüm aça bilim, bağlaya bilim.
(Vahid Əziz)
Elə bir dövrdə yaşayırıq ki, kimə isə “dost” deməyə insan ehtiyat edir. Mən Haci Həsənə dost deməyə nəinki ehtiyat etmirəm, əksinə, sevinirəm ki, kimə isə səmimi surətdə “dost” deyə bilirəm və özümü xeyli şanslı hiss edirəm. Əvvəllər bunun fərqinə varmazdım. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-n Folklor İnstitutunun dosenti Tacir Səmimi zarafarqarışıq bir təbəssümlə deyəndə ki, “belə yaxşı bir oğlan niyə mənim də dostum olmasın?” – yadıma ariflərin bir sözü düşdü: “Ən bəxti gətirən adam yaxşı bir dosta sahib olandır”.
Mənim dostumun 25 aprel 2026-cı ildə 56 yaşı tamam olur. Mən onun 50 illik yubileyi münasibətilə 2020-ci ildə “Əsrin yarısı”; 55 illik yubileyinə 2025-ci ildə “Hacı Həsən-55” adlı iki kitab çap etdirdim. Onun bu hədiyyədən məmnuniyyəti məni çox sevindirdi. Mənim dostum kitabsevəndi. Onun arxivində klassik ədəbiyyatın və dünya ədəbiyyatı klassiklərinin yaradıcılığından qiymətli əsərləri tapa bilərsiz. Əvvəlki yazılarımda da qeyd etmişəm ki, Hacı Həsənə çörək də, su da verməsəniz dözər, kitabsız dözməz. Ona görə ki, daim axtarışdadı, yaradıcı ruhu daim narahatdı. Həm də təbliğ etdiyi İslam dini bunu tələb edir. Rəsuli-Əkrəm Həzrəti Muhəmməd (s) “Qəbr evinə qədər öyrən”məyi müsəlmana fərz qıldı. Müqəddəs kitabımız Qurani-Kərim də “Oxu” əmri ilə başladığı üçün müqəddəs ocaq xadimi, ilahiyyatçı Hacı Həsən Allahın tapşırdığı kimi yaşamağı, dünya ləzzətlərini unutmağı üstün tutub.
Ayın 24-də qəlbi şeirlə döyünən, Vətən sevdalısı, Qazi qardaşım Həsən Zəngilandadı. Dostların əhatəsində Həkəri sahilinə, Milli Qəhrəman Bağloğlan Süleymanovun şəhid olduğu zirvənin ziyarətinə gedib. Oradan çəkib göndərdiyi videoda göz yaşlarının Həkəri çayına axdığını, suyunu ovuc-ovic içib, havasını ciyərinə məlhəm kimi çəkdiyini gördüm. Çox kövrək anlar idi...Rayonun axundu Hacı Müşfiq, Baloğlan Süleymanovun qardaşı Elman Süleymanov, mənim də çox yaxşı tanıdığım, qardaşım-dostum Hacı Həsənin can yoldaşı Hacı Dadaşla bahəm Zəngilan Şəhidlər Xiyabanını ziyarət etdilər və şəhidlərin ruhuna dualar oxudular. Sonra Zəngilan rayonunda yerləşən Cümə Məscidinə cümə namazı qılmaq üçün yol aldılar. Cümə namazı qılınıb qurtardıqdan sonra Zəngilan rayonun komendantı, Zəngilan Polis İdarəsinin rəisi polis polkovniki Bəkir Cabbarovla görüşüb doğma kəndinə baş çəkmək üçün icazə aldı. Bəkir müəllim Hacı Həsənlə heyətin kəndə gedişi üçün onlara bələdçi qoşdu. Bu qonaqpərvərliyə və hörmətə görə Hacı Bəkir müəllimə və onun rəhbərlik etdiyi kollektivə minnətdarlıq etdi.
Mənim dostum bu bir il çox xoşbəxt anlar yaşayıb. Səbəbi üç vacib kitabın işıq üzü görməsidir. Birincisi “Əbədiyyətə uçan təyyarə”dir ki, 2024-cü il, dekabr ayının 25-də Aktau səmasında pilotlarımzın şərəfli şəhadətinə həsr olunub; ikincisi Əhli-beyt (ə) şairi iki gözdən əlil olan, “İşığın aşiqiyəm” adlı yeganə kitabın müəllifi Mirzə Dahi Almaslının Kərbəla şəhidlərinə həsr etdiyi 14 mərsiyədən birinin – “Düşmüşəm ey dustlər... ” rədifli növhənin şərhini etdiyi “Kərbəla zümzüməsi” adlı kitabdır ki, bu kitabda da şəhidlər sərvəri İmam Hüseynin (ə) və cəddi İmam Əlinin (ə), qardaşı İmam Həsənin (ə), balaları ƏliƏkbər və Ələsğərin şəhadəti, həmçinin bacısı Həzrəti Zeynəbin (s.ə) xeymələrinin qarət olunub, özlərinin əsir aparılması öz əksini tapıb; üçüncüsü –Vətən Müharibəsi şəhidlərindən bəhs edən “Vətəni sevmək imandandır (44 gün, 44 şəhid)” kitabıdır. Axı 2025-ci il qələbəmizin 5 ili tamam oldu, şəhidlərimizin məzarları bir daha ziyarət olundu, anım tarixləri qeyd edildi və bunların hamısı yazıya köçürülərək tarixə çevrildi. Bu həqiqətən çox ağır bir iş idi və Qazi Hacı Həsən Allahın izni ilə bu işin öhdəsindən gəldi...
Hiss edirəm ki, Hacı Həsən İkinci Qarabağ Müharibəsindəki qələbəmizdən sonra iki qat səmərəli işləyir. Bunun bir səbəbi də sosial maneələrin aradan qalxmasıdır. Yaşayış üçün stimul olanda keyfiyyət dəfələrlə yüksəlir. Qazi qardaşım rahat-rahat Vətəninə gedib, doğma yerlərdən ilham ala bilir, müqəddəs ocaqları ziyarət edir. Bu aralar onu incidən yeganə səbəb müqəddəs imamlarımızın ziyatgahlarında hərbi əməliyyatlar olmasıdır. Bu arada İmam Rzanın (ə), Məsumeyi-Fatimənin (s.ə) məzarlarının ziyarəti arzu olunurdu. Bəzi səbəblər mane olsa da gözəl xatirələr dada çatır. Hacı deyir ki, son vaxtlar nədənsə unutduğum bir hadisəni tez-tez xatırlayıram.
Sağlığında mərhum Xalıqverdi əmidən sual etmişdim ki, Hacı Həsənin musiqiyə, şeiriyyata sevgisi haradan qaynaqlanır? Cavabında Xalıqverdi əmi bildirdi ki, biz hamımız Azərbaycanda dinimizə, milli-mədəni dəyərlərə dədə-babadan sadiq olmuşuq. Mənim özümün musiqiyə, şeirə böyük həvəsim olub. Mərhum xalq şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirdim və bu musiqiyə rəqs etməkdən doymazdım.
O, bir çox bəndlərini sinədən oxudu:
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Indiki kimi yadımdadır ki, Həsənin də bir yaşın tamam olması bazar gününə təsadüf etmişdi və həmin gün radioda “Muğam saatı” verilişi yayımlanırdı. Eyvanda oturub muğama qulaq asırdım. Həsənin anası rəhmətlik Xavər mənə bildirdi ki, bu gün Həsənin bir yaşı tamam olur – deyin Həsəni məbim qucağıma verdi. Mən onun alnından öpdüm. Bu zaman radio elan etdi ki, “Çahargah” muğamını dinləyirsiniz, oxuyur –Qədir Rüstəmov. Həsən qucağımda muğam qurtarana qədər sakitcə mənimlə birgə o muğamı dinlədi. Indi mənə agah oldu ki, Allah onu başqa istiqamətə yönəltmək istəyib.
İllər sonra həmin söhbəti xatırladım və dərhal arxivi araşdırdım: “1971-ci il 25 aprel, doğrudan da həftənin bazar gününə təsadüf edir. Bildiyimiz kimi hər bazar günü saat 14.00 –də muğam saatı yayımlanırdı. Açıb, həmin muğamı mən də dinlədim.
Bu muğam Qədir Rüstəmovun ifasında 1971-ci ildə lentə alınıb. Hesab edirəm ki, Hacı Həsənin musiqi tərbiyəsi bir yaşından başlayaraq bu musiqi altında Füzuli qəzəllərini dinəməklə formalaşıbsa nəticənin belə olması qaçılmazdır. Orada Qədir Rüstəmov dühası Məhəmməd Füzuli dühası ilə çulğaşıb elə bir harmoniya yaradır ki, ona valeh olmamaq mümkün deyil:
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,
Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Ciyərim dağinə mərhəm bulamadım səndən,
Necə ah eyləməyim, ah yanıbdır ciyərim.
Dedi ol yar səhər vəqti gəlim, leyk nə sud,
Vəqt məlum deyil, şam ilə birdir səhərim.
Ey xoş ol şam ki, bixud gedəyim kuyinə sübh,
Neylədim onda deyə qeyrdən alım xəbərim.
Düşməzəm könlünə, yəni olubam öylə zəif,
Dərdi-eşqinlə ki, güzgüdə görünməz əsərim.
Neçə min aşiqə ancaq bir ox atdın, demədin
Ki, düşər bir-birinə bir neçə üftadələrim.
Ey Füzuli, dura məndən ala təlimi-vəfa,
Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim.
*
Zülfi kimi ayağın qoymaz öpəm nigarım,
Yoxdur onun yanında bir qılca etibarım.
(Nigarım qoymur ki, zülfü kimi mən də ayağından öpüm (saçı o qədər uzundur ki, topuğuna çatır), Onun yanında bir tük qədər etibarım yoxdu)
İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et,
Ha böylə möhnət ilə keçsinmi ruzigarım?
(Ey eşq, insaf da yaxşı şeydir, məni elə zəiflət ki, tük kimi olum, bəlkə, onda öpə biləm, həyatım belə möhnət iləmi keçsin?)
Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,
Ya rəb, hənuz halım bilməzmi ola yarım?
(Bütün aləm bildi ki, eşq dərdinə düşmüş birisiyəm,
Ya Rəbb, yarım hələ də halımı bilmirmi?)
Vəslindən ayrı nola qanim tökülsə gül-gül,
Mən gülbüni-bəlayəm, bu fəsldir bəharım.
(Vəslindən ayrı olanda kaş qanım gül-gül tökülə,
Mən bəla gülbünüyəm (gül kolu), baharım bu fəsildir
Qeyd. Buradakı “bəla” (bəli) Ələst bəzmində deyilən söz də ola bilər: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər” (Əraf 172).
Təsvir edən vücudim yazmış əlimdə sağər,
Rəf olmağa bu surət yox əldə ixtiyarım.
(Vücudumu təsvir edən əlimdə piyalə yazıb, bu surəti dəyişməyə əldə ixtiyarım yoxdu)
Dur istəmən zəmani-mey sayəsin başımdan,
Topraq olanda ya rəb, dürdi-mey et qübarım.
(Şərab nəşəsinin başımdan getməsini istəmirəm, Ya Rəbb, ölüb torpaq olanda torpağımı qədəhin dibində qalan şərab çöküntüsündən elə)
Rüsvalərindən ol məh saymaz məni Füzuli,
Divanə olmayımmı, dünyadə yoxmu arım?
(Ey Füzuli, o Ay üzlü məni eşqi yolunda rüsvay olanlardan saymır, İndi mən necə dəli olmayım, dünyada arım yoxdumu?)
Bu iki qəzəl tamam-dəstgah “Çahargah” üstündə oxunub və Xalıqverdi əmi uşaqla birlikdə dinləyib musiqini. Uşağın sakitcə dinləməsi və narahat olmaması həqiqətən təəccüblüdür. Bu musiqinin möhtəşəmliyindənmi, balaca Həsənin gen yaddaşına tanış gəlməkdəndirmi bilmirəm. Mən “Çahargah”ın ən çox Mənsuriyyə hissəsini sevirəm. Mənim özümün də musiqiyə böyük həvəsim olub. Qəti əminəm ki, musiqi sevgisi insanda anadangəlmə hissdir. O, sonralar yaranmır. Bir çox musiqilər ifa da etmişəm. “Çahargah” muğamının ecazını da bilirəm. Dördlük adlanan bu muğam dünyanın bir çox dördlüklərinin vəhdəti barədə fəlsəfədir. Dörd fəsil, dörd cəhət və s kimi...
Hacı Həsənin bu dəfəki səfəri zamanı Sobuya baş çəkməsi də yəqin ki, həmin şirin xatirələrin ətrini bir daha duymaq ehtiyacından irəli gəlib.
Hikmət müəllim Kəlbəcərli Hacı Həsəni sevən və dəyər verən bir qələm sahibidir. Onun inci-inci sözləri düzüb Hacıya yazdığı təbrik yazısını da xatirə olaraq buraya qoyuram, çünki, yazıya pozu yoxdur:
“Əziz, möhtərəm və könüllərdə iz qoyan Hacı Həsən Hüseyni!
Bu mübarək gündə Sizi ürəkdən təbrik edir, Rəbbimizin sonsuz rəhmət və lütfünün daim üzərinizdə olmasını diləyirəm. Sizin dünyaya gəlişiniz sadəcə bir tarix deyil — bu, ilahi yazının, qismətin və hikmətin təcəllasıdır. Hər bir insanın doğumu bir məqsədə xidmət edir və Sizin ömrünüz bu məqsədin ən gözəl nümunələrindəndir.
Məhəmməd peyğəmbər (s) buyurur: “Allah bir bəndəni sevdikdə, onu insanlara da sevdirər.” Sizin simanızda bu ilahi sevginin nurunu görmək mümkündür. Qəlblərə yol tapan sözünüz, insanlara şəfa olan nəsihətiniz və Haqq yolunda yorulmadan addımlamağınız – bütün bunlar Rəbbin sizə bəxş etdiyi xüsusi nemətlərdəndir.
İmam Əli (ə) buyurur: “Dünya bir keçid yeridir, əbədi məkan isə axirətdir.” Sizin həyat fəlsəfəniz də məhz bu hikmət üzərində qurulub – dünyada iz qoymaq, axirətdə nur qazanmaq. Siz elə bir ömür yaşayırsınız ki, hər gününüz savab, hər sözünüz hikmət, hər addımınız ibadət kimidir.
Bu doğum günü yalnız yaşın artması deyil, hikmətin dərinləşməsi, nurun çoxalması, qəlbin daha da saflaşması deməkdir. Rəbbim ömrünüzü Peyğəmbər əxlaqı ilə zinətləndirsin, İmam Əli (ə)-nin ədaləti və mərifəti ilə bərəkətləndirsin. Dualarınız qəbul, diliniz zikrdə, qəlbiniz daim Haqq eşqi ilə döyünsün.
Sizin kimi insanlar bu dünyaya sadəcə yaşamaq üçün deyil, yol göstərmək üçün gəlir. Sizin varlığınız bir məktəb, bir nur mənbəyi, bir mənəviyyat ocağıdır. Hər yeni yaşınızda Rəbbim sizi daha uca mərtəbələrə yüksəltsin, adınızı xeyirxahlar sırasında əbədi yazsın.
Doğum gününüz mübarək olsun, əziz Hacı!
Allah sizi qorusun, nurunuzu artırsın və hər zaman haqq yolunda sabit qərar versin.
Hörmətlə Hikmət Kəlbəcərli”
Bu ad günündə Hacı Həsəni təbrik edən yaxınlarından biri də tarixçi həmkarım Həqiqət müəllimədir. O yazır: “Təbrik edirəm. Allah ömrünüzə bərəkət versin. Sağlam, mənalı, ömür sürəsiniz. Arzularınıza çatasınız. Siz təkcə elimizin deyil, Azərbaycanımızın dəyərli, cəmiyyətə yararlı din xadimi, tarixçi, ədəbiyyatçı, ən əsası əsil insani keyfiyyətləri olan şəxsiyyətisiniz. Allah sizi var eləsin. Amin”.
Diqqətimi cəlb eləyən daha bir təbrik şəhid bacısı Zəkiyyə xanımın təbrikidir. Onu sizlərlə də paylaşmaq istərdim: “Salam əziz və dəyərli Hacı Həsən Hüseyni müəllim sizi Ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, könül rahatlığı və həyatınız boyunca tükənməz sevinc və bərəkət arzulayıram.
Sizin həyat yolunuz Vətənə sədaqət, Birinci Qarabağ müharibəsində göstərdiyiniz igidlik, elm və ilahiyyat sahəsindəki yorulmaz fəaliyyətiniz xalqımızın yaddaşında dərin iz qoymuşdur. Siz həm sözünüz, həm əməliniz, həm də mənəvi mövqeyinizlə bir ziyalı, bir müdrik və bir nümunə kimi seçilirsiniz.
Qəlbinizdə sevgi və sevinc payının daim tükənməz olmasını diləyirəm dəyərli nur ziya sahibimiz. Qoy həyatınızın hər günü işıqla dolsun, hər səhəri ümid, hər axşamı isə şükür və rahatlıqla bitsin.
Şah İsmayıl Xətai nəslindən gəlməyiniz də sizin şəxsiyyətinizə əlavə bir tarixi qürur və mənəvi ucalıq bəxş edir.
Allah Sizdən razı olsun. Ömrünüz uzun, yolunuz açıq, qəlbiniz həmişə nurla dolu olsun dəyərli insan.
Ad gününüz mübarək olsun”
Onların təbriklərinə, səmimi ürək sözlərinə mən də qoşuluram. Allah dostum-qardaşım Hacı Həsənə sağlıqlı, barlı-bərəkətli, imanlı bir ömür nəsib eləsin. Bundan sonrakı həyatında da ona bütün çəkdiyi zəhmətlərin şirin bəhrəsini görməsini, dost-qardaş əhatəsində, qarşılıqlı anlaşma şəraitində yaşamasını, böyük yaradıcılıq uğurlarına imza atmasını diləyirəm. Hər ad günündə daha sanballı, daha dəyərli əsərlərinin işıq üzü görməsini arzulayıram.
Hacı Həsəni tanıyanlar, imzasını izləyənlər, xüsusilə şəhid valideynləri bilirlər ki, Hacının qəlbi şeirlə dillənir. Yazısına şeirlə başlar, şeirlə tamamlayar. Mən də ənənəmizi pozmuram, dostum-qardaşım Qazi Hacı Həsənin ad gününə həsr etdiyim təbrik yazısını da həmin mövzuda bir şeirlə tamamlayıram:
Bu dünyaya bel bağlama qadası,
Dünya səni beş qəpiyə satar bil.
Asta dolan, namard tapar izini,
Yolun üstə gizli kəmənd atar bil .
Çox görmüşəm “mənəm” deyən kəsləri,
Külək kimi gendən əsən "nəs”ləri.
Səs -səmirsiz batırılan səsləri ,
Ürək duyub qəhərindən yatar bil.
Ürəyindən at bacarsan daş yükü,
İllərini keçirdiyin "kaş" yükün.
Kürəyində içi ovuq boş yükü,
Son mənzilə aparacaq qatar bil...
(Solmaz Qərivel Həsənova. 23.04.26) 










Ehtiramla, dostun
AYB-n üzvü D.R.Ağayeva