CƏBRAYILIN SABAHINA AÇILAN YOL.....
9 may 2026-cı il tarixində.
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesinin gedişi ilə yerində tanış oldular.
Səfər çərçivəsində onlar Şükürbəyli kəndinin açılışında iştirak etdilər. Burada inşa edilmiş fərdi yaşayış evlərinə, 360 nəfər şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəb binasına baxdılar və kəndə köçən sakinlərlə görüş keçirdilər. Həmin gün dövlət başçısı və birinci xanım 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası binasının tikintisi ilə də tanış oldular.
Bu fakt bir daha göstərdi ki, bölgənin dirçəldilməsi yalnız yaşayış məntəqələrinin qurulması ilə məhdudlaşmır, həm də sosial infrastrukturun yaradılması ilə paralel aparılır.
Şükürbəyli sakinləri ilə görüş zamanı Prezident İlham Əliyev Cəbrayıl rayonunun gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat baxımından ölkə üçün mühüm rol oynayacağını xüsusi vurğuladı. Vaxtilə Arazboyu uzanan ensiz yolun yerində indi müasir standartlara cavab verən, dördzolaqlı yeni magistral yaradılır. Bu yol, Zəngəzur dəhlizi layihəsinin mühüm tərkib hissəsidir və Ermənistan sərhədinədək uzanacaq. Beləliklə, Cəbrayıl təkcə yenidən qurulan rayon deyil ; gələcək beynəlxalq nəqliyyat xəritəsində mühüm mövqeyə malik strateji məkana çevrilir.
Bu yanaşma həm də bölgənin iqtisadi gələcəyinə aydın baxış ortaya qoyur. Münbit torpaqlar, geniş suvarma imkanları, Arazboyu ərazilərin əlverişli iqlimi Cəbrayılı kənd təsərrüfatının inkişafı üçün son dərəcə perspektivli edir. Nəqliyyat imkanlarının genişlənməsi isə burada istehsal ediləcək məhsulların həm daxili bazara, həm də xarici istiqamətlərə daha rahat çıxarılmasına şərait yaradacaq.
Bu səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, azad olunmuş torpaqlarda həyatın bərpası artıq nəzəri vədlərdən real nəticələr mərhələsinə keçib. Şükürbəyli kəndində evlərin, məktəbin, yolların, səhiyyə obyektlərinin istifadəyə verilməsi və ya tikintisinin aparılması “Böyük Qayıdış” proqramının konkret təcəssümüdür. İnsanların doğma yurdlarına dönməsi, dövlət rəhbərlərinin onların arasında olması və problemləri birbaşa yerində dinləməsi ; dövlət-vətəndaş birliyinin canlı ifadəsidir.
9 Mayın həm Qələbə Günü, həm də istirahət günü olmasına baxmayaraq, ölkə rəhbərlərinin bu günü mərasimlərlə deyil ; məhz xalqla görüşlərə, yeni yaşayış məntəqələrinin açılışına, xəstəxana tikintisinə və dövlətin strateji gələcəyinə həsr etmələri xüsusi məna daşıyır. Bu, idarəçiliyin mahiyyətini göstərən bir nümunədir --- istirahət günündə belə diqqət mərkəzində şəxsi rahatlıq yox ; vətəndaşa xidmət, azad edilmiş torpaqların dirçəldilməsi və Azərbaycanın güclənməsi dayanır.
Nəticə etibarı ilə dövlət rəhbərinin 9 may 2026-cı il tarixli Cəbrayıl səfəri sadəcə rəsmi proqram deyildi. Bu səfər azad edilmiş torpaqlarda həyatın bərpasının, infrastrukturun qurulmasının, sosial obyektlərin yaradılmasının və gələcək iqtisadi inkişafın real mənzərəsini nümayiş etdirdi. Cəbrayıl artıq təkcə keçmiş işğalın ağrılı xatirəsi deyil ; bu gün o, Azərbaycanın gələcək inkişafının, regional nəqliyyatın, kənd təsərrüfatının və milli dirçəlişin simvollarından birinə çevrilir. Məhz buna görə 9 may tarixində Cəbrayılda keçirilən görüşlər və görülən işlər müasir Azərbaycanın siyasi iradəsinin, dövlətçilik gücünün və gələcəyə inamının parlaq ifadəsi kimi yadda qalır.
HƏP sədrinin siyasi məsələlər üzrə müşsviri,
Qəvami Sadıqbəyli.
10 May 2026-cı il.