SON DƏQİQƏ

Həkəri çayı haqqında

Tarix:12-05-2026, 22:01

Həkəri çayı Azərbaycanın cənub-qərb bölgəsinin ən tanınmış çaylarından biridir. Bu çay həm zəngin təbiəti, həm də tarixi-coğrafi əhəmiyyəti ilə seçilir.Həkəri çayı başlanğıcını Zəngəzur silsiləsi ərazisində yerləşən yüksək dağ bulaqları və qar sularından götürür. Çayın əsas mənbələri Qərbi Azərbaycanın — indiki Ermənistanın cənub hissəsindəki dağlıq ərazilərdə formalaşır. Daha sonra çay Laçın rayonu, Qubadlı rayonu və Zəngilan rayonu ərazisindən keçərək axır.
Həkəri sonda Araz çayına tökülür. Araz isə daha sonra Kür çayı vasitəsilə Xəzər dənizinə qovuşur.
Həkəriyə çoxlu dağ çayları, bulaqlar və sel suları qarışır. Bunların sırasında Laçın və Qubadlı dağlarından gələn bulaq suları, Minkənd və ətraf kəndlərdən axan dağ arxları, eləcə də qar və yağış suları ilə formalaşan mövsümi axınlar xüsusi yer tutur.
Çayın əsas qollarından biri Oxçuçay hesab olunur. Bundan başqa bölgədəki çoxsaylı xırda dağ çayları da Həkəriyə qovuşur.
Həkəri çayının ətrafı qayalı dərələr, sıx yaşıllıq, dağ meşələri, bulaqlar və zəngin çəmənliklərlə əhatələnib. Yaz aylarında qar sularının artması nəticəsində çay daha gur və coşqun axır.
Həkəri çayında və onun qollarında əsasən forel alabalığı, çay xramulyası, dağ qızılbalığına bənzər növlər, kiçik sazanlar, şirbit və digər şirin su balıqları yayılıb. Sərin və şəffaf dağ suları xüsusilə alabalığın yaşaması üçün əlverişli mühit hesab olunur.
İşğal dövründə bəzi qollar, xüsusilə Oxçuçay mədən tullantıları səbəbindən ciddi şəkildə çirklənmişdi. Son illərdə isə bölgədə ekoloji vəziyyətin bərpası istiqamətində müxtəlif araşdırmalar və tədbirlər həyata keçirilir.
“Həkəri” adı ilə eyni adlı qəzet də fəaliyyət göstərir. Həkəri qəzeti 2003-cü ildən nəşr olunur və bu gün də öz fəaliyyətini davam etdirir.
Bu qəzet uzun illərdir qaçqın və məcburi köçkünlərin həyatı, onların ağrı-acıları, doğma yurda bağlılığı barədə dəyərli yazılar dərc edib. Qəzetin səhifələrində şəhidlərimiz, qazilərimiz, ziyalılarımız, elm və mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər haqqında çoxsaylı məqalələr işıq üzü görüb.
Bu gün “Həkəri” qəzeti təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq və bir sıra ərəb ölkələrində, eləcə də Orta Asiya respublikalarında da tanınır və maraqla izlənilir.
Qəzet müxtəlif mövzulu publisistik yazıların, araşdırmaların, eləcə də şair və yazıçıların əsərlərinin, şeirlərinin dərc olunması ilə mühüm maarifçi və mədəni missiya həyata keçirir. “Həkəri” milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun, ədəbi mühitin və milli yaddaşın yaşadılmasına bu gün də öz töhfəsini verir.
Azərbaycan Ensiklopediyasında da Həkəri çayı haqqında, eləcə də "Həkəri " qəzeti haqqında geniş məlumat verilib.




Rauf İLYASOĞLU
“Həkəri” qəzetinin baş redaktoru 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ