Bu gün tələbəlik illərimizin unudulmaz simalarından birini — əziz dostumuz Rakif Məmmədovu itirməyin dərin kədərini yaşayırıq…Rakif Məmmədov Naxçıvan torpağında dünyaya göz açmış, gənclik illərindən zəhməti, dürüstlüyü və təşkilatçılıq bacarığı ilə seçilən insanlardan idi. Birinci kursdan başlayaraq onun fərqli düşüncəsi, haqqın yanında durması, zəif tələbələrə arxa-dayaq olması hamımızın yaddaşında silinməz iz qoymuşdu.
Yataqxanada qaldığımız illərdə onların otağı həmişə nümunəvi səliqəsi ilə seçilərdi. Rakif institutun ictimai həyatında ön sıralarda gedər, idmanı sevər, prinsipial mövqeyi və mərd xarakteri ilə böyük hörmət qazanardı. Onun həm sözü keçirdi, həm də sərbəst düşüncə qabiliyyəti, insanlarla işləmək bacarığı vardı.
Tələbə inşaat dəstələrinin xətti ilə Rusiya, Ukrayna və Pribaltika respublikalarına işləməyə göndərildiyimiz illərdə Rakifin təşkilatçılıq istedadı daha aydın görünürdü. Rus dilini yaxşı bildiyi, kollektiv arasında nüfuzu olduğu üçün 200 nəfərlik tələbə dəstəsinə komissar və komandir seçilmişdi.
Yaxşı xatırlayıram — Perm vilayətinin Strejovoy şəhərində yay tətilində işlədiyimiz günləri… Biz divar hörür, tikinti işləri görürdük. Rakifin rəhbərlik etdiyi briqada isə gecə-gündüz çalışaraq böyük zəhmətlə işi vaxtından əvvəl başa vurmuşdu. Onların qazandığı uğur, alın təri ilə qazandığı halal əmək haqqı bu gün də yaddaşımızdadır. O dövrdə zəhmətdən qorxmamaq, yorulmadan işləmək əsl kişilik nümunəsi idi və Rakif bu keyfiyyətlərin canlı örnəyi idi.
Uzun illər Şərur rayon Konserv Zavodunun direktoru kimi çalışan Rakif Məmmədov harada işləməsindən asılı olmayaraq insanlığını, sadəliyini və məsuliyyətini qoruyub saxladı.
Təəssüf ki, illərlə mübarizə apardığı ağır xəstəlik sonda onu aramızdan aldı… Həyatın bir çox sınaqlarından qalib çıxan Rakif qardaşımız bu dəfə tale qarşısında məğlub oldu.
Allah sənə rəhmət eləsin, əziz tələbə dostumuz…
Ruhun şad olsun…
Məzarın ilahi nurla dolsun…
Rakif Məmmədovun vəfatı münasibətilə ailəsinə, övladlarına, yaxınlarına və onu tanıyan bütün dostlarına tələbə yoldaşları adından dərin hüznlə başsağlığı veririk.
Allah səbir versin.
Tələbə dostları adından