SON DƏQİQƏ

Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti-FOTO

Tarix:13-10-2021, 21:36

Oktyabrın 13-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfransın açılış mərasimi keçirilib.Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunan, hibrid formatda baş tutan konfransa əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) mütəxəssislər, o cümlədən beynəlxalq komitələrin sədrləri qatılıb.
Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın əhəmiyyətindən danışıb. O bildirib ki, intensiv qloballaşma prosesləri, genişlənməkdə olan siyasi-iqtisadi və mədəni inteqrasiya ilə səciyyələnən müasir dünyamız xalqların milli-mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır. Bu proseslərin nəticəsi olaraq cəmiyyətin mədəni sərvətlərini qoruyub-saxlayan muzeylərin həyatında, bütün fəaliyyət istiqamətlərində, hətta onun ən konservativ sahəsi olan kolleksiyaların toplanması işində də dəyişikliklər baş verir.
Şirin xanım konfransda muzey təcrübəsində mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması, etnoturizm və idarəçilik kimi aktual mövzular üzrə dünyanın müxtəlif muzeylərinin mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşəcəklərini vurğulayıb. Ş.Məlikova konfransın hər kəs üçün faydalı olacağını və xoş təəssüratlarla yadda qalacağını bildirib: “Ümidvaram ki, yüksək elmi-təcrübi əhəmiyyətə malik konfrans dünya muzey mütəxəssislərinin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək və xalqlar arasında sülhə xidmət edəcək”.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında belə toplantıların beynəlxalq təcrübənin bölüşdürülməsinə, öyrənilməsinə yaxşı fürsət yaratdığını bildirib. O, texnologiya inkişaf etdikcə muzeylərin fəaliyyət formasının da dəyişdiyini, indi hər bir muzeyi onlayn şəkildə ziyarət etməyin mümkün olduğunu vurğulayıb. Hazırda muzeylərin tədqiqat aparmaq üçün bir platformaya çevrildiyini, həmçinin maarifləndirmə missiyasını həyata keçirdiyini, xalqların mədəniyyətinin, tarixinin təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Sevda xanım Prezident İlham Əliyevin və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad olunan, uzun illər düşmən vandalizminə məruz qalan mədəniyyət ocaqlarının, muzeylərin bərpası istiqamətində muhum işlər görüldüyünü qeyd edib. Artıq Bülbülün ev-muzeyinin və Molla Pənah Vaqifin məqbərəsinin tam restavrasiya olunduğunu deyib.
Qarabağda açıq havada Zəfər Muzeyin tikiləcəyi barədə məlumat verən S.Məmmədəliyeva bu konsepsiyanın hazırlanması ilə əlaqədə xarici mütəxəssislərlə danışıqlar aparıldığını bildirib. O, beynəlxalq təşkilatlarla əməkdaşlığın yerli muzeylərin inkişafına müsbət təsir göstərəcəyinə, konfransda aparılacaq müzakirələrin həm mövcud, həm də yaradılacaq muzeylər üçün faydalı olacağına inandığını söyləyib. 
Tədbirdə çıxış edən ICOM-INTERCOM beynəlxalq komitəsinin sədri Qoranka Horjan birgə əməkdaşlıq qədər heç nəyin muzeylərin inkişafına təsir edə bilməyəcəyini diqqətə çatdırıb: “Biz cari vəziyyəti əks etdirən məsələləri həll etmək üçün xüsusi mövzu seçmişik. Mütəxəssislər çıxışlarında muzeylərin mövcud vəziyyətə uyğunlaşması üçün nə etməli olduğunu bildirəcəklər”.
COVID 19-un dünyada yeni yanaşmalara gətirib çıxardığını söyləyən ICOM-ICME beynəlxalq komitəsinin sədri Ralf Ceplak Mencin hazırda muzeylərin öz auditoriyası ilə əlaqə yaratmağa çalışdığını bildirib: “İndi bir çox ölkələrdə muzeylər öz qapılarını yenidən ziyarətçilərin üzünə açıb. Debatlarda iştirak etmək pis deyil, ancaq hibrid konfranslar əməkdaşlığı yeni mərhələyə qaldırır”.
Qeyd edək ki, 3 gün davam edəcək konfrans “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə məruzələrlə davam etdirilir.
Konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.

XeberTime.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ