SON DƏQİQƏ

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidinin doğum gününə həsr olunan xatirə gecəsi keçirilib- FOTOLAR

Tarix:6-05-2022, 23:58

Mayın 6-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, kapitan Şirbala Hüseynbala oğlu Hüseynovun doğum günü ilə əlaqədar xatirə gecəsi keçirilib. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, öncə Vətənimiz uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhidin həyatı haqqında geniş məlumat verdikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri İşinin Təşkili şöbəsinin əməkdaşı Zaur Süleymanlı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Nadirşah oğlu Axundovun anası Ceyran xanım Həsənova, şəhidin döyüş yoldaşı, mayor Elşən Musayev, şəhid anası Həcər xanım və şəhid Həmidağa Hüseynzadənin atası çıxış ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin adından şəhidin yağlı boya ilə çəkilmiş şəkli qardaşı Samir Hüseynova təqdim edilib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ilk öncə ölkə başçısına minnətdarlığını bildirib daha sonra tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürünü səsləndirib.
Tədbirdə əməkdar artist Cəlal Məmmədov şəhidə aid şeirlər söyləyib, xanəndə Məlahət Hacıyeva, Təranə Nurlu, Nicat Mənsimovun ifasında vətənpərvərlik mövzusunda musiqilər ifa olunub. 
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəhla Məmmədova və qiraətçi Adil Səfərovun ifasında şəhidə həsr edilən “Bu gecə yuxuma gəlmişdin, oğlum!” adlı kompozisiya gecənin iştirakçıları tərəfindən göz yaşları içərisində qarşılanıb.
Sonda “Şəhidi ağlamazlar” şeiri tədbirin aparıcıları Amil Babayev və Əminəxatun Qədəşovanın ifasında səsləndirilib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ