SON DƏQİQƏ

Bakının İşğaldan Azad Olunmasının 104-cü İldönümünə Həsr Olunmuş Tədbir Keçirilib- FOTO

Tarix:16-09-2022, 08:56

Bakının İşğaldan Azad Olunmasının 104-cü İldönümünə Həsr Olunmuş Tədbir Keçirilib 


13 sentyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbir rəsm sərgisi ilə başlayıb. Sərginin təşkilatçısı Elnurə İsgəndərova günün anlamını daşıyan rəsm əsərləri haqqında iştirakçılara məlumat verib. Sonra isə tədbir "Qafqaz İslam Ordusu və Bakının işğaldan azad olunması" mövzusunda dəyirmi masa davam edib. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib. 
Tədbiri giriş sözü açıq elan edən TOHGM İB-nin sədri Emin Həsənli Azərbaycan və Türkiyənin qardaşlığndan, keçdiyi  keşməkeşli yollardan söz açıb. Bununla yanaşı, tədbirdə ictimai birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, XX əsrin əvvəllərində Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinə əsl qardaş yardımı edib. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında olub. Belə bir şəraitdə özünün çox ağır durumda olsa da Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə onu ilk tanıyan dövlət də məhz Türkiyə olub. Azərbaycan tarixçiləri də Qafqaz İslam Ordusunun tarixi ilə bağlı araşdırmalara dövlət müstəqilliyimizin bərpasından sonra başlayıblar. 15 sentyabr Azərbaycan xalqının tarixində əhəmiyyətli hadisədir. Hər bir azərbaycanlı bu əlamətdar günün təbliğində mühüm rol oynamalıdır. Çünki Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Eldar Kərimov fond rəhbəri Ahmet Tecimin salmlarını çatdıraraq, Qafqaz İslam Ordusunun xidmətlərini anmaq üçün keçirilən konfransın təşkilatçılarına minnətdarlığını bildirərək, tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. 

Tədbirdə çıxış edən şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, Fred Asif adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov və digər ictimaiyyət nümayəndələri də qeyd ediblər ki, Qafqaz İslam Ordusunun Nuru Paşanın rəhbərliyi ilə Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi.  Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim qəlbində yaşadacaq.

Sərginin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar idi. Sərgidə Xalq rəssamı Arif Hüseynov, ADPU-nun bir qrup fəal müəllim heyəti - Səmayə Rzayeva, Fialeta Babayeva, Sevinc Hacıyeva, İslam Gülmalıyev, Naibə Vəliyeva və Firdovsi Hacıyev , Etibar Məmiyev, Məlik Məmmədxanov, Arzu Məmişova, Aysel İbrahimova, Misir Maxsudlu, Zərifə Əliyeva adına liseyin müəllimi Təranə Cahidqızı , Həsənli Hüseyn, Həsənli Mələk və başqa rəssamlar tədbirin mövzusu ilə bağlı əsərlərlə iştirak edirdilər. Fəxri qonaqlardan millət vəkili Anar İsgəndərov, Nadir İsmayılov,  İlham Həşimov, Ədalət Məhərrəmov, Tevfik Ulual və bir qrup Qarabağ qazisi, iştirak edirdilər. Sonda xatirə şəkilləri çəkildi.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ