SON DƏQİQƏ

"Bir nəfəs qədər" tamaşası oynanıldı- FOTOLAR

Tarix:21-01-2024, 02:12

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda "Bir nəfəs qədər" tamaşası 2 gün oynanılıb. 
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19, 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bir nəfəs qədər" tamaşası nümayiş olunub. Tamaşadan əvvəl 20 yanvar faciəsindən bəhs edən sənədli film təqdim olunub. Daha sonra birpərdəli olan tamaşa başlayıb. "Bir nəfəs qədər" tamaşasında cəryan edən hadisələr Zəfər tariximizi yazan 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan şəhid qəhrəmanlarımızdan bəhs edir.
 
Zəfər salnaməmizə həsr olunan səhnə əsərinin müəllifi və rejissoru teatrın quruluşçu rejissoru Samir Qulamovdur.
 
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. 
 
Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunub.
 
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova,  Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Hüseyn Əlili, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.                                 

Sonda Vətən müharibəsi  şəhidi Namiq Quliyevin atası Natiq Quliyev səhnəyə çıxaraq Əməkdar artist Nahidə Orucovaya  gül buketi təqdim etdi, "Bir nəfəs qədər" tamaşada rol alan yaradıcı heyətə öz təşəkkürünü bildirdi. “Xudayar təsnifi” canlı oxundu, tamaşaçılar ayaq üstə aktyor heyətini alqışladılar. 
 
XeberTıme.az   



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ