“Təkcə ata-bala deyildik, həm də dost, sirdaş idik…Atam mənim idealım idi”- Bu sözləri Raziyə Kamilqızının tanınmış həkim Aydın Əliyevə həsr etdiyi “Ömür vəfa etsəydi” kitabının təqdimatında mərhumun qızı Aynur Aydınqızı dilə gətirdi.
18 may 2024-cü il tarixində Vətən Müharibəsi Veterenlar Birliyinin Səbail rayon təşkilatının binasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, 15 kitabın müəllifi Raziyə Kamilqızının (Rzayevanın) baş redaktoru-müəllifi olduğu “Ömür vəfa etsəydi” kitabının təqdimat mərasimi keçirilib.
Sözügedən kitab Gəncə şəhərindən olan tanınmış ziyalı-həkim, may ayının 9-da 79 yaşı tamam olan mərhum Aydın Mədət oğlu Əliyevə həsr edilib.
XeberTıme.az Etikxeber.az-a istinadən xəbər verir ki, təqdimat mərasimində Aydın Əliyevin ailə üzvləri-həyat yoldaşı Böyükxanım Əliyeva, qızı Aynur ƏIiyeva və digər doğmaları, o cümlədən adıçəkilən kitabın müəllifi Raziyə Kamilqızı (Rzayeva), Xalq artisti Nübar Novruzova, mərhumun keçmiş iş yoldaşları, tələbə dostları, ziyalılar, Qazilər iştirak ediblər.
Raziyə Kamilqızının aparçılıq etdiyi tədbirdə öncə mərhum Aydın Əliyevin və Vətən torpaqları uğrunda canlarını fəda etmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.Sonra Raziyə Kamilqızı müəllifi-baş redaktoru olduğu kitabın necə ərsəyə gəlməsindən-necə ərsəyə gətirməsindən danışıb.
Mərhum Aydın Əliyevin qızı Aynur Əliyeva isə çıxışında öncə tədbir iştirakçılarına və belə bir kitabı ərsəyə gətirdiyinə Raziyə Kamilqızına minnətdarlığını ifadə edib.
“Atamla təkcə ata-bala deyildik, həm də dost, sirdaş idik…Hər gün bir-birimizlə maraqlanırdıq…Atam mənim idealım idi…O, ədəbiyyatçı deyildi, amma ədəbiyyatı çox sevirdi, o, yazıçı, şair, dramaturq deyildi, amma şeirə, bədii əsərlərə böyük marağı verdi, mədəniyyət, incəsənət adamı deyildi, amma mədəniyyətə, incəsənətə, mədəniyyət və incəsənət adamlarına, sətənkarlara böyük sevgisi və marağı var idi…
Həvəskar şəkildə bir neçə hekayə yazmışdı, onları bir kitab halında dərc etdirmək istıəyirdi…Amma atama bu arzusunu gerçəkləşdirmək nəsib olmadı, ömrü vəfa etmədi…Odur ki, onun arzusunu mən həyata keçirdim və çox sağ olsun ki, Raziyə xanım belə bir nəfis, mükəmməl bir kitab ortaya qoydu…Adını da mən seçdim-“Ömür vəfa etsəydi”…Çox xoşbəxtəm ki, Aydın həkimin qızıyam…Çox xoşbəxtəm ki, Aydın Əliyev kimi atam olub…Ruhun şad olsun, atam!”-deyə, Aynur Əliyeva bildirib.
Aydın Əliyevin xanımı Böyükxanım Əliyeva da Aydın Əliyev kimi bir ziyalının həyat yoldaşı olmasından qürur duyduğunu bildirib.
“Mənim üçün danışmaq çox çətindir…Aydın Əliyev böyük insan, işıqlı ziyalı, gözəl həkim, qayğıkeş ailə sahibi idi…Hər zaman onunla fəxr etmişəm, bu gün də fəxr edirəm ki, belə bir insanın həyat yoldaşı olmuşam…”-deyə, o, qeyd edib.
Tədbirdə həmçinin, Qazi Xankişi Yusifov, Xalq artisti Nübar Novruzova, jurnalist-şair Cəvahır Qaraqızı, professor Kifayət Xudaverdiyeva, dosent Nailə Yusifova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva və digər qonaqlar çıxış edərək, Aydın Əliyevlə bağlı xatirələrini, xoş, səmimi fikirlərini bölüşüblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib, Aydın Əliyevin 79 illyi ilə bağlı hazırlanmış tort kəsilib.
***
XeberTıme.az tədbirdən çəkilə fotoları sizə təqdim edir: