Beynəlxalq Qalereyada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə “World Art Club”, Beynəlxalq Qalereya və “Romo Art Gallery”nin birgə layihəsi olan onlayn sərginin iştirakçıları mükafatlandırılıb. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bayram münasibətilə uşaqları təbrik edib, uşaqların dünyada hamı üçün əziz olduğunu, uşaqlara qayğı göstərməyin, qorumağın, müdafiə etməyin hər kəsin müqəddəs borcu olduğunu bildirib. Qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir. Layihə haqqında məlumat verən Elnurə İsgəndərova indiyə qədər “World Art Club”la bir neçə sərgi keçirdiklərini, “Romo Art Gallery” ilə isə ilk dəfə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ADPU-nun müəllimləri Sevinc Hacıyeva, Naibə Vəliyeva, Səyyar Əliyev, rəssam, həkim Səadət Cəfərova, yeniyetmə rəssam Süsən Əliyeva çıxışlarında uşaqlara sağlam və xoşbəxt olmağı arzuladılar.
Sərgidə Asəf Zeynallı adına musiqi kollecinin müəllimi, sənətşünas , rəssam Rəna Paşayeva, AlMart Studionun rəhbərləri Mariya Əliyeva, Almaz İdrisova, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva, Fidan Art Studionun rəhbəri Fidan Rüstəmzadə, Edu Grata Təhsil Mərkəzinin müəllimi Şəbnəm Nəbiyeva, İlahə ART Studionun rəhbəri Həyat Şirvanova, müəllimlər Şəms Səttarzadə, Fidan Həmidzadə tələbələri ilə iştirak edirdilər.
Tədbirdə iştirak edən rəssamlar yaradılan şəraitə görə təşəkkür ediblər.
Daha sonra iştirakçılara təltif olunduqları sertifikatlar təqdim olunub.
Sonda gənc ifaçı, 38 saylı məktəbin şagirdi Abbas Əhmədov uşaqlar üçün maraqlı musiqi nömrələri təqdim edib.
Əyləncəli və maraqlı keçən tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal