Beynəlxalq Qalereyada rəssam Məlik Əliyevin "COP-29"-a həsr olunmuş "Yardımlı mənzərələri" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub.
50 əsərin nümayiş olunduğu sərgini açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Məlik Əliyevin yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verib, rəssamın fırçasının bəhrəsi olan əsərlərin onun fitri istedadının ifadəsi olduğunu diqqətə çatdırıb. Rəssama yeni nailiyyətlər arzu edərək gələcəkdə daha böyük sərgilərin keçiriləcəyinə inandığını bildirib. Tədbirdə çıxış edənlər, xalq artisti Eldost Bayramlı, xalçaçı rəssam Minarə Bayramova, tanınmış hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli, rəssam Həyat Şirvanova, Müharibə veteranı qadınlara sosial yardım ictimai birliyinin sədr müavini Bəxtiyar Yusif, Nəsimi rayon müharibə veteranları cəmiyyətinin sədr müavini Namiq Həşimov, Hacı Gülağa İmranoğlu, şair, publisist Almirzə Sabiroğlu, Rasim Niftiyev və digərləri Məlik Əliyevin şəxsiyyətinin, vətənpərvərliyinin onun əsərlərində əks olunduğunu qeyd edib, ona uğurlar arzulayıblar. Ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı, qlobal iqlim problemlərinə həsr olunmuş "COP-29" ərəfəsində keçirilən sərginin bu istiqamətdə görülən işlərə mühüm töhfə olduğunu vurğulayıblar. Məlik Əliyev çıxışında qonaqlara minnətdarlığını bildirib, sənətinə verilən yüksək dəyər üçün təşəkkür edib. Daha sonra əsərlərinin hər biri haqqında qonaqlara ətraflı məlumat verib. Məlik Əliyev Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tərəfindən diplomla təltif olundu. Əsərlərə baxışla davam edən tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
Məlik Əliyevin ilk fərdi yaradıcılıq sərgisinin video çarxını sizə təqdim edirik:
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay