Fuad Quliyevin filmi “Kann Korporativ Media və TV Mükafatları”nda “Qızıl Delfin” mükafatına layiq görülüb
Rejissor Fuad Quliyevin “AZAL təhlükəsizlik videosu” adlı turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində əsas mükafatlardan birinə layiq görülüb. Film “Turizm filmləri – İstiqamətlər - Xidmətlər” kateqoriyasının əsas mükafatını - “Qızıl Delfin” (Golden Dolphin Award) mükafatını əldə edib.
Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən audiovizual əsərlər göndərilib.
Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.
Film il ərzində Yapon Dünya Turizm Filmləri Festivalında və SILKFEST festivalında “Gümüş”, Nyu York Festivalında, Terres Travel Festivalında və ABŞ Beynəlxalq Mükafatlarında “Qızıl” mükafat qazanıb.
Qeyd edək ki, Fuad Quliyev çoxsaylı turizm və reklam filmlərinin rejissorudur. Onun turizm videoları müxtəlif beynəlxalq festivalların mükafatalarına layiq görülüb. Rejissorun “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filmi də bu il uğurla tamaşaçılara təqdim olunub. Fuad Quliyev Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin, “Bakı-2015” Birinci Avropa Oyunlarının, “Formula 1 Avropa Qran Prisi”nin təbliğat video çarxlarının, 4-cü İslam Həmrəyliyi Oyunlarının videoçarxlarının çəkilişində rejissor kimi iştirak edib.
XeberTıme.az