Noyabrın 13-də Esvatini Krallığının Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.Mötəbər qonağı teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qarşılayıb, onu və onun nümayəndə heyətini teatrın binası ilə tanış edərək sənət ocağının tarixi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə aparılan təmir işlərindən sonrakı vəziyyəti və teatrın bugünkü repertuarı barədə ətraflı məlumat verib.
Qonaqlar teatrın konsertmeysteri Kamil Həsənovun müşayiəti ilə vokal artistləri Şaban Cəfərov və Eleonora Mustafayevanın ifalarında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrənin duetini, eləcə də görkəmli bəstəkar Tofiq Quliyevin "Sevgilim" və "Əziz surət" əsərlərini alqışlarla qarşılayıblar.
Daha sonra Əliqismət Lalayev Birinci xanıma milli simvollarımızdan olan kəlağayı, teatrın tarixinə, repertuarına aid müxtəlif çap məhsulları, o cümlədən dövlət himnimiz, milli musiqilərimizin yazıldığı audio-video materiallar hədiyyə edib.
Səmimi görüşdən mənnunluğunu ifadə edən P.T.Dlamini teatr rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkür edib.
XeberTıme.az