SON DƏQİQƏ

Səhər görüşləri və sənsiz keçən 80 yaş.....

Tarix:13-01-2025, 09:37

Səhər görüşləri və sənsiz keçən 80 yaş.....



Bu günki məqalənin qəhrəmanı Əməkdar incəsənət xadimi, Qızıl Dərviş mükafatı laureatı, Aztv-nin aparıcı rejissorlarından olan Məhərrəm Bədirzadədir. Mən Məhərrəm müəllim haqqında nə qədər danışsam sözüm bitməz. Çünki o, daima mənim xatirələrimdə yaşayır. Mən sizə təkcə onunla olan xatirələrimi bölüşmək yox, o, gözəl insanın Azərbaycan televiziyasına verdiyi töhfələrdən danışmaq istəyirəm. Məhərrəm müəllim Aztv-nin müqtədir rejissorlarındandır. Onun demək olar ki, Aztv-nin qızıl fondunda qorunub saxlanılan saysız hesabsız verlişləri, tele tamaşaları, bədii və sənədli filmləri var. Məqaləmin adını boş yerə səhər görüşləri qoymamışam. Onu Azərbaycana tanıdan məhz bu veriliş olub. 70-80 cı illərin ən populyar verilişlərindən olan “Səhər görüşləri” məhz onun sayəsində ərsəyə gəlib. O, illərdə Ulu öndər Heydər Əliyev  çıxışı zamanı bu verlişə baxdığını və çox bəyəndiyini və verliş haqqında çox gözəl sözlər deyib. Təbii ki, Məhərrəm müəllimin yaradıcılığı bununla bitmir bayaq dediyim kimi onun saysız hesabsız tele tamaşaları və bədii filmləri var: Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” , İsi Məlikzadənin “Gəl qohum olaq”, Elçinin “Mən sənin dayınam, Mirzəağa Atəşin “Gəlinlər”, Ənvər Seyidovun “Təlatüm”, “ Gürzə” kimi filmlərinin rejissoru olub. Onuda deyim ki Mirzəağa Atəşin “Gəlinlər” tele tamaşasına görə Azərbaycan Teatr xadimləri ittifaqının təsis etdiyi Qızıl Dərviş mükafatına layiq görülüb. Rejissorlar arasında bu mükafatı alan yeganə rejissor kimi televiziya tarixinə düşüb. Məhərrəm müəllim həyatda olmayan və ya olan sənətkarlarıda unutmurdu. Onun “ Yada düşər xatirələr” və “ Sənətkar ömrü” verilişlərindən hər zaman unudulan sənətkarları yad edirdi. 
Mənim onunla tanışlığım 8 il öncəyə gedir. Mən gənc olarkən Məhərrəm müəllimi tanıdım. O, mənim həm həyatda həmdə televiziyada müəllim oldu. O, mənə televiziyanın incəliklərini öyrədirdi. Hətta məni tanıdan da məhz Məhərrəm müəllim idi . Mən onunla birlikdə Ənvər Seyidovun “ Taleh yolları” , Mir Cəlalın “ Səviyyə dərsi” , Nurəngiz Günün “ Qırmızı kərpicli evin tanrısı” filmlərində çiyin çiyinə çalışmışam. Məhz onun sayəsində mənim assitenti olduğum bir neçə film və verlişlər Aztv-nin qızıl fondunda qorunub saxlanılır. Məhərrəm müəllim həm gözəl rejissor olmaqdan savayı gözəl ata, gözəl baba, gözəl ailə başçısı və gözəl insan idi. Nə qədər televiziya var Məhərrəm Bədirzadə adı heç bir zaman unudulmayacaq daima yaşayacaq. 
Bu gün sənsiz keçirdiyimiz 80 illik yubileyini əslində sənsiz deyil səninlə birlikdə keçiririk. Çünki sən daima bizim qəlbimizdə xatirələrimizdə yaşayırsan. Biz səni unuda bilmərik. Sən sözün əsl mənasında Sənətkarsan.
Allah sənə rəhmət eləsin Sənətkar. 


 
Müəllif: Ənvər Məmmədov
Gənc aktyor

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ