Müəllim insanın həyat yoluna işıq saçan bir mayak, bir fənər, insanı cahilliyin kəskin qaranlıqlarından elmin nurlu, işıqlı sabahlarına aparan bir günəşdir. İnsan uşaq yaşlarından başlayaraq haradasa 15 il təhsil alır. Təbii ki, 9 ildən sonra təhsil alıb-almamaq insanın öz seçimidir. Amma insan 11 ildən sonra məktəbi bitirəndə kifayət qədər təhsil alsa da tamam-kamal kamilləşmir. İnsan beşikdən qəbrə qədər oxuyur, öyrənir, bununla da demək olar ki, onun təhsil həyatı bitmir. Bu təhsil həyatında onun qarşısına onlarla müəllim çıxır. Təbii ki, hər insanın qabağına yaxşı müəllim, təəssüflər olsun ki, çıxa bilməz. Xoş o insanın halına ki, onun həyatında yaxşı müəllimləri olub. Yaxşı müəllim insanın həm daxilini, həm düşüncələrini, həm də gələcək həyatını kökündən dəyişdirə, gözəlləşdirə bilər. Yaxşı müəllim üçün “yox” sözü yoxdur, imkansızlıq deyilən bir şey də ola bilməz. O, şagirdlərinə təkcə elm öyrətməz, onlara kömək edər, etmək istədikləri işdə onların əlindən tutar, onlara dəstək olar. Şagird hər zaman yaxşı müəllimin verdiyi stimulu özündə hiss edir və bu stimul onun üçün az qala ailə dəstəyi qədər əzizdir. Yaxşı müəllimlərin sehrli toxunuşları ilə həyatı dəyişən onlarla, yüzlərlə görkəmli şəxsiyyət tanıyırıq. Ulu Öndərimiz Heydər Əliyevin “Mən müəllim adından şərəfli ad tanımıram” ifadəsi bu mövzuda hər kəsin sözünün qüvvəti, yaxşı müəllim işinin ən böyük isbatıdır. Heç kəsə sirr deyil ki, yaxşı müəllim bir şamdır. O, özündə olan bir alovla onlarla şamı alovlandıra bilər. O şamlar da müəllimləri kimi onlarla, yüzlərlə şamı yandırar və o şamlardan böyük bir elm məşəli alovlanar. Məqaləmin adının mənası məhz budur.
Əvvəl də dediyim kimi Azərbaycanda şagirdlərimizin həyatına yaxşı təsir edən dəyərli, savadlı müəllimlərimizin sayı kifayət qədər çoxdur. Onlardan biri də əslən Xocavənd rayonunun Əmirallar kəndindən olan, hal-hazırda Xocavənd rayon 4 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsində çalışan, VIII Qrant layihənin qalibi Cəfərova Ləman Vilayət qızıdır. Şagirdlərlə keçirdiyi tədbirləri, təlimləri olduqca maraqlı keçən müəllimimiz hər zaman fərqliliyi ilə öz dəst-xəttini qoruyur. Həmişə müxtəlif və fərqli layihələrdə rəhbər və ya iştirakçı olaraq iştirak edir. Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsində fərdi layihələr kateqoriyasının qalibi olan Ləman xanım bir neçə məqsədi əsas götürərək Xocavənd məktəbliləri üçün layihə tərtib etmişdir. Ləman müəllim şagirdlərlə gördüyü işlərdən danışaraq qeyd edir: “Şagirdlərlə işlədiyim dövrlərdə onların bəzi hadisələrdən, yeniliklərdən nə qədər geri qalması, bunu əlçatmaz olaraq düşünmələri mənə bu layihənin hazırlanması üçün qığılcım oldu. Bu master klasslar vasitəsilə uşaqlar həm yeni bacarıqlar öyrənir, həm də öz xəyallarını və istedadlarını ifadə etməyə imkan tapırlar.
13 dekabr 2024-cü ildə Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Ləman müəllimin “İncəsənət otağı” layihəsinin açılış-təqdimat tədbiri keçirilmişdir. Ləman müəllim layihəsinə dəstək olduğu üçün həmin məktəbin direktoru Zülfiyyə Tahirovaya minnətdarlığını bildirir və qeyd edir ki, “İncəsənət otağı” layihəsinin məqsədi təhsil alanların vizual bacarığının inkişaf etdirilməsinə,
müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına təkan verməkdir. Layihə çərçivəsində seçilən şagirdlər üçün gil qabların hazırlanması, tikiş, muncuq hörmə texnikası, ebru sənəti, gil qabların hazırlanması, şam sənəti üzrə müxtəlif master klasslar təşkil edildi.
Layihə rəhbəri onu da qeyd edir ki, layihəsində indiyə kimi 60- a yaxın şagirdin iştirakı ilə 9 master klass təşkil olunmuşdur və layihə çərçivəsində Xocavənd rayonu üzrə bir çox ilklərə imza atmışlar. Ləman müəllim əlavə olaraq aşağıdakıları bildirir: “Uşaqlarla bərabər öz işığımızı özümüz yaratdıq, yəni şam hazırladıq, su üzərində türk tarixinin qədim incəsənət növü olan Ebru sənəti işlədik, gildən qablar hazırladıq, kətan parça üzərində milli-mənəvi irsimizi yaşadaraq əsərlər yaratdıq və s. İştirakçılarımızın yüzdə 90 faizi bunlardan xəbərsiz idi, 10 faizi isə sadəcə bunları sosial platformalardan izləmişdilər. Müəllim olmaq şagirdlərin həyatına gözəl toxunuşlar edib, onları sevindirə bilməkdir. Bu gün layihə rəhbəri olaraq məktəblilərin gözündəki o sevinci, xoşbəxtliyi gördükdə necə doğru addım atdığıma bir daha da əmin oluram.
Biraz da layihəmizin gedişatından bəhs etmək istəyərdim.
“Ebru sənəti: su üzərində rənglərin rəqsi” adlı ustat dərsləri təşkil olunmuş, bu master klassda şagirdlər rənglərin suyun üzərindəki sehrli səyahətinə şahidlik edib öz xəyallarını rəng və naxışlarla ifadə etməyi öyrənmişlər. Təlim zamanı uşaqlar yalnız texnikanı deyil, həm də səbrin, dəqiqliyin və yaradıcılığın bir sənət əsəri yaratmaqda necə harmoniyada olduğunu kəşf etmişlər.
Layihənin məqsədi yalnız vizual bacarıqları inkişaf etdirmək deyil, həm də uşaqlara öz emosiyalarını incəsənətlə ifadə etmək imkanı yaratmaq olmuşdur.
“Şam sənəti” adlı master klass keçirilməsinin məqsədi məktəblilər arasında yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, incəsənət vasitəsilə onların fərdi potensiallarını üzə çıxarmaq və ətraf mühitə olan həssaslığı artırmaqdır. Tədbirdə iştirak edən şagirdlər öz əlləri ilə şüşə qabları boyayıb dekorasiya etmiş, sonda isə şamlar hazırlamışlar.
Layihə çərçivəsində Xocavənd rayon məktəbliləri incəsənətin müxtəlif növlərini öyrənməklə bərabər, eyni zamanda bir-biri ilə ünsiyyət qurma bacarığını da formalaşdırdılar. Onlar artıq bir-biri ilə fikir mübadiləsi apararaq maraqlı söhbətlər, müzakirələr də etmiş olurlar. Bizim bütün layihə iştirakçılarımız, yəni məktəblilərimiz hər birimiz üçün əziz, doğmadır. Lakin bir maraqlı hadisəni qeyd etmək istərdim ki, bizim master klassımızın sevimli bir üzvü vardır. Onun hekayəsini sizinlə də bölüşmək istərdim. O qız Əliyeva Nuray Səyyaf qızıdır. Nuray Ağcabədi rayonundan hər dəfə master klasslarda iştirak etmək üçün Beyləqan rayonunda məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinə gəlir. Bəlkə də Nuray və digər layihə iştirakçılarımız gələcəyin mədəniyyət işçisi, mədəniyyət xadimi kimi yetişir. Biz isə bundan xəbərsizik. Nurayın gələcəkdə mədəniyyət və incəsənətlə bağlı böyük bir mütəxəssis olmasına az da olsa təkan verib dəstək ola bildiksə, hansısa əlçatmaz deyə düşündüyü arzularını reala çevirə bildiksə, deməli, biz artıq öz məqsədimizə çatmışıq. Bizim də əsas məqsədimiz incəsənətə marağı olan şagirdlərimiz üçün bir işıq olmaq, qarşılaşdıqları bütün çətinliklərə, əngəllərə baxmayaraq gələcəyin Nuraylarını yetişdirməkdir. Tək bu layihədə deyil, Azərbaycanımızın bütün məktəblilərinin gələcəyinin parlaq, işıqlı, aydın olması üçün hər bir müəllim bu yolu şərəflə və vicdanla addımlamalı, yeniliklərə daim açıq olmalıdır”.
Çox düz vurğulayırsınız, Ləman müəllim! Sizin şagirdlərinizlə gördüyünüz işlər, əminəm ki, bir çox müəllimə təkan verəcək və onlar da öz şagirdlərinin istedadlarının aşkar olunması, inkişaf etdirilməsi, onların ölkəmizə xeyirli bir fərd kimi qazandırılması yolunda daha həvəslə çalışacaqlar. O müəllimlər əvvəl də vurğuladığım kimi öz işıqlarını şagirdlərinə ötürəcək və şagirdlərindən gələn işıqla birlikdə Azərbaycanımız elm, mədəniyyət və incəsənət məşəlinə çevriləcək!
SEVİNDİK NƏSİBOĞLU
11-ci sinif şagirdi, şair-publisist, AJB üzvü
29.01.2025