1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə Eşitmə və nitq məhdudiyyətli uşaq evində “Hər Uşaq Bir Çiçəkdir” adlı bayram keçirilib.
Tədbirdə “Sübhnur” Tədris və İnkişaf Mərkəzinin direktoru Gülnarə Hüseynova, tanınmış sahibkar xanımlar və qəhrəman qazimiz iştirak ediblər.
Tədbirə giriş sözü ilə başlayan mərkəzin direktoru Nailə xanım uşaqları bu əlamətdar gün münasibətilə səmimi şəkildə təbrik edib, tədbirin dəyərli qonaqlarını ürək sözləri ilə salamlayıb.
Daha sonra “Sübhnur” Tədris və İnkişaf Mərkəzinin rəhbəri Gülnarə Hüseynova çıxış edərək, 1 İyun – Beynəlxalq Uşaq Gününün əhəmiyyətindən bəhs edib, bütün uşaqlara sağlam, xoşbəxt və ümid dolu bir gələcək arzulayıb.
Bayram ab-havasını daha da rəngarəng etmək məqsədilə tədbir çərçivəsində klounların və animatorların iştirakı ilə şou-proqramlar nümayiş etdirilib. Maraqlı səhnəciklər, əyləncəli oyunlar və musiqili çıxışlar uşaqlara unudulmaz anlar yaşadıb, onların sevincinə sevinc qatıb.
Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Onların gözlərindəki təbəssüm və sevinc dolu baxışlar tədbirin ən böyük uğuru kimi yadda qalıb.
Bu kimi tədbirlər cəmiyyətin hər bir üzvünə diqqət və qayğının nə qədər vacib olduğunu bir daha nümayiş etdirir, uşaqlara olan sevgini və mənəvi dəstəyi əyani şəkildə ifadə edir.
XeberTıme.az