SON DƏQİQƏ

Gənc rəssam Mehribanın “Hər rəngdən bir dünya" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib-FOTOLAR

Tarix:21-06-2025, 20:23

İyun ayının 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi xalçaçı rəssam, müəllim, Əliyeva Mehriban Ceyhun qızının layihə rəhbəri Aygün Əzizovanın olduğu "Hər rəngdən bir dünya" adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutub. 
Diplom işi olaraq Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun xatirəsinə həsr olunmuş "Xatirələrdə Polad" adlı xalça üzərində portretinin təqdimatı keçirilib. Ümumilikdə sərgidə xalçaçı, rəssamın müxtəlif texnikalarda 25 əsəri sərgilənirdi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki:
"Bildiyimiz kimi Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. 
2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan 
muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.
Hər bir sənəti yaradanlar və yaşadanlar vardır tarix boyu. 
Xalçaçı rəssam Mehriban Əliyevada minillik tarixi olan və ölkənin mədəni irsinin mühüm bir hissəsini təşkil edən qədim el sənətini yaşadanlarından, davamçılarındandır.
Mehriban xanımın əsərlərində Azərbaycançılıq ideologiyası, Azərbaycan tarixinin dünəni, bu günü, gələcəyi, xalqın mübarizliyi öz əksini tapır. 
Mehriban xanım xalçaçılığın bütün qaydalarına düzgün əməl edərək müxtəlif texnikalarda gözəl əsərlər meydana gətirmişdir." 
Sərgidə fəxri qonaq olaraq iştirak edən 
XeberTime.az portalının rəhbəri Yeganə Telmanqızı, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, fəlsəfə doktoru ADRA-nın müəllimi Rövşən Hacıyev, hüquqşünas-vəkil  Rəşad Səmədov, stomatoloq Nurağa Vəlizadə rəssamın əsərlərindən böyük zövq aldıqlarını bildirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar. 
Sonda xalçaçı rəssam Mehriban Əliyeva Beynəlxalq Qalereya tərəfindən ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu və xatirə fotoları çəkildi. 
Tədbir çay süfrəsi ətrafında davam etdi.


 
Müxbir: Aygün Oqtay 
 Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ