World Art Club, Beynəlxalq Qalereya və Yaroslav Veşşin ART Qalereyasının birgə təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Dostluq Gününə həsr olunmuş onlayn sərgi incəsənətin universal dilində ölkələr və mədəniyyətlər arasında körpü qurdu. Azərbaycanlı iştirakçılar sərgidə həm peşəkarlıqla, həm də yaradıcı yanaşmaları ilə seçildilər. Onların bu uğurlu təmsilçiliyini qeyd etmək məqsədi ilə Beynəlxalq Qalereyada xüsusi tədbir təşkil olundu. Qalereyanın direktoru Elnurə İsgəndərova açılış nitqində onlayn sərginin təkcə rəssamların işlərini nümayiş etdirmək deyil, həm də tədris və yaradıcılıq sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, incəsənət vasitəsilə mədəniyyətlərarası dostluğun güclənməsinə töhfə verdiyini vurğuladı. Bu virtual layihənin dünyanın müxtəlif bölgələrindən olan rəssamları bir platformada birləşdirərək, sülh, dostluq və mədəni müxtəlifliyi təbliğ edən nümunəvi bir təşəbbüsə çevrildiyini ifadə etdi. Bildirdi ki, bu sərgi sadəcə bir tədbir deyil — dəyərləri paylaşanların, yaradıcılığı yaşayanların və gələcəyin incəsənətinə inananların görüş nöqtəsidir.
Tədbirə fəxri qonaq qismində tanınmış rəssam və pedaqoq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, rəssamlar Mehriban Zeynalova, Səadət Nərmin Hacıyeva, Lalə Camalzadə, Kifayət Nəzərova, Aygün Qürbətova, Lamiyə Məmmədəliyeva, Yasəmən Aydınova, Nihad Əliyev qatılıblar.
Onlayn sərgidə Azərbaycan, Niderland, Fransa, Türkiyə və Yaponiya kimi müxtəlif ölkələrdən olan sənətçilərin əsərləri yer alır. Rəssamlar "dostluq” anlayışını fərqli vizual dillərlə şərh edirlər. Bəziləri uşaqlıqda qurulan bağları, digərləri müharibə dövründə doğulan dostluqları əks etdirir.
Rəssam, müəllim Ayşən Şavruqova, 180 nömrəli orta məktəbin müəllimi Leyla Babalı, Şəhanə Tədris Mərkəzinin rəhbəri Şəhanə Paşayeva, İnci, Green Way və Bələdçi Tədris Mərkəzlərinin müəllimi Günel İsmayılova, Venus Tədris Mərkəzinin rəhbəri Gülbahar Talıbova və müəllimi Jalə Mustafayeva tələbələri ilə birlikdə onlayn sərgidə iştirak edərək, təkcə öz yaradıcılıqlarını yox, həm də gənc istedadların potensialını beynəlxalq səviyyədə nümayiş etdirdilər. Bu tip sərgilər tələbələr üçün həm motivasiya, həm də beynəlxalq təcrübə imkanı yaradır.
Qeyd edək ki, onlayn sərginin bir çox üstünlükləri var, Məsələn,
- Fiziki məkan məhdudiyyətlərini aradan qaldıraraq daha geniş beynəlxalq iştirakçılığı təmin edir.
- İncəsənətin universallığını vurğulayır – dil, mədəniyyət, coğrafiya fərqi olmadan insanlar bir-birilə əlaqə qurur.
- Müəllimlər və təhsil mərkəzləri üçün yeni əməkdaşlıq imkanları yaradır.
- Tələbələr üçün tanınma və beynəlxalq səviyyədə motivasiya mənbəyi olur.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi, beləliklə bu gün həm yaddaşlara, həm də arxivlərə yazıldı.











Xebertime.az
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal