SON DƏQİQƏ

“TAR MƏKTƏBİ” DƏRS VƏSAİTİNİN YARANMA TARİXİ HAQINDA

Tarix:19-12-2025, 02:32

                                                                                              Ruslan TAĞIYEV                                                                            Sənətşünaslıq üzrə fəlsəfə doktoru
                                                                            Sumqayıt şəhər Bülbül adına 2 saylı 
                                                                            Uşaq İncəsənət Məktəbi
                                                                            E-mail: [email protected]
                                                                                                          Orcid:  0009-0000-5819-6702


 

Xülasə: Təqdim edilmiş məqalədə Azərbaycanın qədim musiqi alətlərindən biri olan tar aləti üzrə yazılmış ilk dərs vəsaitinin (“Tar məktəbi” dərsliyinin) yaranma tarixi barədə söhbət açılır. Məlumdur ki, tar aləti Azərbaycan xalqının qədim musiqi alətlərindən biridir. Bu alətin indiki dövrümüzə kimi gəlib çatmasında bir sıra fədakar musiqiçilərlə, musiqi sevənlərlə (şair, rəssam və s. nəzərdə tutulur) yanaşı musiqişünas alimlərin də rolu böyük olmuşdur. Belə musiqişünas alimlərdən biri də Azərbaycanın muasir profesional musiqisinin banisi Üzeyir Hacıbəylidir. O, Azərbaycan musiqisi ilə yanaşı, onun maddi-mənəvi dəyərlərindən biri olan musiqi alətlərinin də qorunmasında və təbliğində müəyyən addımlar atmış və alətlərin tədrisində istifadə ediləcək dərs vəsaitlərinin hazırlanmasına səy göstərmişdir. Belə dərs vəsaitlərindən biri də “Tar məktəbi” kitabıdır.  
Aparılmış araşdırma zaman “Tar məktəbi” dərsliyinin ilkin formasının dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfində yazıldığı tarixi arxiv sənədlərə əsasən  öyrənilmişdir. Eyni zamanda dahi bəstəkarın hazırladığı dərs planı həm orjinal şəkildə həm də ki, Azərbaycan dilində tərcümə olunmuş şəkildə məqalədə təqdim edilmişdir.
Bununla yanaşı məqalədə araşdırma zamanı Ü.Hacıbəylinin  soy adının tarixi sənədlərdə “Hacıbəyov” kimi yox, məhz “Hacıbəyli” olaraq yazıldığı faktları işıqlandırılmışdır.
 
 
Açar sözləri:  “Tar məktəbi”, Üzeyir Hacıbəyov, Səid Rüstəmov, tar, Azərbaycan və bir neçə söz.
 
Аннотация: В представленной статье рассматривается история создания первого учебника, написанного на инструменте тар, одном из древних музыкальных инструментов Азербайджана (учебник «Школа тара»). Известно, что инструмент тар является одним из древних музыкальных инструментов азербайджанского народа. Помимо множества преданных своему делу музыкантов и любителей музыки (поэт, художников и т.д.), музыковеды сыграли важную роль в развитии этого инструмента вплоть до наших дней. Одним из таких музыковедов является Узеир Гаджибейли, основоположник современной профессиональной музыки в Азербайджане. Наряду с азербайджанской музыкой он предпринял определённые шаги по защите и популяризации музыкальных инструментов, являющихся одной из её материальных и духовных ценностей, а также прилагал усилия по подготовке методических материалов для использования в обучении игре на инструментe. Одним из таких учебников является книга « Школа тара ».
 
Azərbaycan musiqi mədəniyyətində Tar musiqi alətinin xüsusi yeri vardır və Azərbaycan musiqisini tar aləti olmadan təsəvvür etmək mümkün deyildir. Bu alətin yaşadılmasında, inkişaf etdirilməsində və bugünki dövürdə dünya müsiqi alətləri sırasında öz layiqli yerini tutmasında dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) əvəzsiz xidmətləri olmuşdur. 
Məlumdur ki, XIX əsrə qədərki dövrlərdə Azərbaycanda tar alətinin ifası zamanı tarın qoluna bağlanmış pərdələrin ifaçıların istəyinə uyğun olaraq müxtəlif şəkildə (qeyri müntəzəm formada) nizamlanması və bu alətdə yalnız muğam, dringə, rəng və xalq mahnılarının ifa edilməsi, alətin ifa imkanlarının tam formada üzə çıxarılmasına çətinlik yaradırdı. Çünki həmin dövrlərdə alətin hamı tərəfindən qəbul edilmiş sabit pərdə düzülüşü və diapazon sahəsi təkminləşdirilmiş formada mövcud deyildir. Eyni zamanda alətdə yalnız aşağı və orta tempdə  muğam, xalq mahnıları, rəqs və s. bu sahələri əhatə edən musiqi nümunələri şifahi şəkildə öyrənilir və ifa edilirdi. Bu da alətdə digər musiqilərin, yəni bəstəkar əsərlərinin ifa edilməsində çətinliklər yaradırdı. Bu baxımdan tar musiqi alətinin notla ifa edilməsini inkişaf etdirmək üçün və eyni zamanda, alətdə yerli və avropa bəstəkar əsərlərinin ifa edilməsinə nail olmaq üçün yeni tədris proqramlarının və dərs vəsaitlərinin hazırlanması məsələsi dahi bəstəkar Ü.Hacıbəylini bir alim kimi çox dərindən düşündürüdü. 
Bu sahədə yaranmış boşluqların aradan qaldırılması üçün dahi bəstəkar, var güçü ilə çalışmış və bir sıra elmi əsərləri hazırlayaraq musiqi sevərlərin ixtiyarına buraxmışdır. Belə elmi əsərlərindən biri də tar aləti üçün dərs vəsaitinin hazırlanmasıdır. 
Düzdür “Tar məktəbi” adlı dərs vəsaiti görkəmli bəstəkar, dirijor, müəllim, Azərbaycan SSR Xalq artisti, Səid Rüstəmovun (1907-1983) (1931-ci ildə nəşr olunmuş “İbtidai not savadı” adlı dərslikdə Səid Rüstəmovun soyadı “Rüstəmzadə” kimi qeyd edilmişdir [1, 3] adı ilə bağlanır. Amma bu dərs vəsaitinin hazırlanmasında və ərsəyə gəlməsində dahi bəstəkar Ü.Hacıbəylinin əməyini itirmək, düşünürəm ki, yolmerilməzdir. Çünki sözügedən dərs vəsaitinin ilkin forması məhz dahi bəstəkarın adı ilə bağlıdır. Belə nəticəyə gəlməyimizin əsas səbəbi 1925-ci il 9 may tarixində Azərbaycan Dövlət Türk Musiqi Texnikumunun tar, kamança və xanəndə sinifləri üçün Ü.Hacıbəylinin tərtib etdiyi proqramda “Tar məktəbi” dərsliyinin ilkin formasının olmasıdır.
Ehtimal olunur ki, bu dərs vəsaitinin hazırlanmasıda S.Rüstəmov, dahi bəstəkar Ü.Hacıbəylidən bir sıra dəyərli məsləhətlər almış və onun tövsiyyələrini, tədris etdiyi fənnin metodologiyasını çox yaxşı başa düşmüşdür. Bunun nəticəsi olaraq S.Rüstəmov, 1924-cü ildə musiqi məktəbinin (sonrakı dövrlərdə texnikum kimi fəaliyət göstərmişdir) tar sinfinə qəbul olunmuş, eyni zamanda həmin dövrlərdə dahi bəstəkar Ü.Hacıbəylidən bu dərs vəsaiti əsasında not dərsləri almış və tar alətini mükəmməl sürətdə ifa edə bilmişdir (o zamanlar onun muğam müəllimi isə Mirzə Mənsur Mansurov (1887-1967) olmuşdur). 
  S.Rüstəmov dahi bəstəkardan dərs aldığı zamanları və həmin dövürdə “İbtidai not savadı” (“İbtidai not savadı” adlı kitab, indiki “Elementar musiqi nəzəriyyəsi” dərsliyidir və bu kitab 1931-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi və köməkliyi ilə çap edilmişdir. Dərsliyin  ön sözünü də, dahi bəstəkar “Bir neçə söz” başlığı altında latın qrafikasında yazmış və sonda öz soyadını “Hacıbəyli” kimi qeyd etmişdir) dərsliyinin ərsəyə gəlməsini, “Böyük bəstəkar” adlı xatirə məqaləsində aşağıdakı kimi qeyd etmişdir: “Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 
1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi  və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində “İbtidai not savadı” adlı musiqi dərsliyi yazıb çap etdirdik”[2].
 Daha sonrakı dövürlərdə S.Rüstəmov Ü.Hacıbəylinin tar aləti üçün hazırladığı dərs proqramını bir qədər də genişləndirərək onu özünküləşdirmiş və 1935-ci ildə isə o, sözügedən dərs proqramını öz imzası ilə “Tar məktəbi” adı altında dərs vəsaiti kimi sənət sevənlərin ixtiyarına buraxmışdır. S.Rüstəmov “Tar məktəbi” dərs vəsaitinin ərsəyə gəlməsini aşağıdakı kimi qeyd etmişdir.
[3.3] 



Kitabın yazılışında maraq doğuran cəhətlərdən biri də, bu dərs vəsaitinə dahi bəstəkar Ü.Hacıbəylinin ön söz yazması idi. Burada da yuxarıda az öncə təqdim edilən kitabdakı kimi ön söz, “Bir neçə söz” başlığı altında latın qrafikasında təqdim edilmiş və sonda dahi bəstəkar öz soyadını “Hacıbəyli” kimi yazmışdır. Həmin yazı orjinal şəkildə aşağıdakı kimi təqdim edilmişdir.   

      
                                                                                                                [3, 2]
Yuxarıda təqdim edilən mənbələrdən göründüyü kimi dahi bəstəkar öz tələbəsinə bu kitabın yazılmasını tapşırmış və bu kitabın ərsəyə gəlməsi, təkminləşdirilməsi üçün ona öz göstərişlərini də vermişdir. Eyni zamanda Ü.Hacıbəyli, professor Bretanitskini, professor Rudolfu və professor Ştrasseri gənc müəllim S.Rüstəmova yardım etmək üçün səfərbər etmişdir. 
Dahi bəstəkarın 1925-ci ildə tar musiqi aləti üçün işləyib hazırladığı proqram, bütünlüklə “Tar məktəbi” dərsliyinin tərtibində özünü aydın şəkildə göstərir. Sözügedən proqramın həm orjinalı, həm də tərcümə edilmiş forması aşağıdakı kimi təqdim edilmişdir.   

    
 Tar sənətinin proqramı.
Məqamat yolu 1-ci dərəcəli.    
    1-ci kurs tari tutmaq yolu: tellərə mizrab vurma; barmaqların yeri: tarın qolu üzərində sol əllə hərəkəti: ………… (məşqlər)
2- ci kurs: ilişik mizrab (tremol): dəstgah parçalarında məşqlər; yüngül rəng və təsniflər.
İmtihan Üçün:  ilişik mizrab, təsnif nümunə; bir təsnif və bir dəstgah parçası.
3-cü kurs: ilişik mizrab məşqləri tək mizrab, sağ, sol ilə, dəstgahları Rast, Çahargah, Bayatı Şiraz; muxtəsər surətdə.
İmtihan üçün: muxtəlif məşqlər və bir dəstgah sinofdə keçilən surətdə.
4-cü kurs: müsəlsəl tremol; tək mizrabı getdikcə itiləşdirmək; tarın qolu üzərində hərəkət,
 muxtəlif Rəng və təsniflər, dəstgahların: Rast, Çahargah, Bayatı Şiraz müfəssəl …………. surətdə. və s. [4, 13]. 
Beləliklə yuxarıda aparılmış tədqiqatlardan belə nəticəyə gəlmək olar ki, dahi bəstəkar, tar alətinin inkişafı üçün dərs vəsaitinin ilkin proqramını hazırlamış və bunun əsasında öz tələbələrini yetişdirmişdir. Daha sonrakı dövrlərdə isə dahi bəstəkar bu dərs proqramını öz tələbəsi S.Rüstəmova həvalə etmiş və onun vasitəsi ilə dərs proqramını “Tar məktəbi” dərsliyinə çevirərək gələcək nəsilə ötürmüşdür. 
 
Ədəbiyyat siyahısı

  1. İbtidai not savadı. tərt. ed. Zeynallı Asəf, Rüstəmzadə Səid, Həsənzadə Əşrəf, Əfəndiyev Fuad / Bakı: Azərnəşr: - 1931. 76 s.
  2. https://edebiyyatqazeti.az/news/diger/13787-dahi-insan
  3. Rüstəmov S.Ə.  Tar məktəbi. Azərbaycan Musiqisini öyrənən elmi kabinənin nəşriyyatı Mətn köhnə latın  qrafikasındadır. / S.Ə.Rüstəmov – Bakı: Azərnəşr -1935. – 119 s.
  4. Muğam proqramı (Bakı: 9 may 1925-ci il ) //Azərbaycan Respubilkasının Dövlət  Arxiv idarəsi OİMDA, fond № 57. siy. № 5, iş № 46, vərəq-13.   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ