Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.
XeberTıme.az Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin facebook səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi və bp-nin əməkdaşlığı ilə ərsəyə gəlmiş ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Fazil Nəcəfov kimi sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilmişdir. Yeni daimi ekspozisiyanın yaradılması onların çoxşaxəli bədii irsini daha dolğun, sistemli və müasir muzey standartlarına uyğun şəkildə təqdim etmək məqsədi daşıyır.
Ekspozisiyada nümayiş etdirilən video hazırkı rəssamlar nəslinin tanınmış nümayəndəsi Orxan Hüseynova aiddir. Bu videoda Orxan Hüseynov multimedia rəssamı kimi nonkonformistlərlə yaradıcı assosiativ dialoq qurur və Azərbaycan incəsənətində nəsillər arasındakı əlaqəni vurğulayır.














XeberTıme.az