SON DƏQİQƏ

“Sənətə həsr olunan ömür” adlı tədbir keçirilib-FOTOLAR

Tarix:28-01-2026, 20:21

26.01.2026-cı il tarixində Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində ustad sənətkar, Əməkdar müəllim Qasım Qasımovun anadan olmasının 84-cü ildönümü münasibətilə “Sənətə həsr olunan ömür” adlı tədbir təşkil olunub. 
XeberTıme.az Qobu İncəsənət Məktəbinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Tədbirdə Qasım müəllimin zəngin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib, onun milli musiqimizin inkişafındakı xidmətlərindən, pedaqoji fəaliyyətindən və gənc nəslin yetişdirilməsində göstərdiyi fədakarlıqdan bəhs edilib. Bildirilib ki, Qasım Qasımov Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin əsasını qoyaraq uzun illər bu sənət ocağında səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin musiqiyə olan sevgisinin formalaşmasında mühüm rol oynamışdır. O, həmçinin mahir tar ifaçısı, musiqi alətlərinin ustalıqla bərpaçısı və həvəskar şair-bəstəkar kimi tanınmışdır. Tədbir çərçivəsində Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri ustad sənətkarın qələmə aldığı və sözlərinə musiqilər bəstələdiyi “Dünya”, “Ya Məhəmməd, Ya Əli”, “Canım Azərbaycan”, “Ustad” adlı şeirlərini böyük ruh yüksəkliyi ilə səsləndiriblər. Çıxışlar tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb. Tədbirin davamında qəsəbənin ziyalılarına, Qasım müəllimlə uzun illər birgə pedaqoji fəaliyyət göstərmiş müəllim yoldaşlarına, eləcə də məktəbin gənc kadrlarına söz verilib. Çıxış edənlər Qasım müəllimin yüksək insani keyfiyyətlərindən, sənətə olan sevgisindən, tələbkarlığı və qayğıkeşliyi ilə yadda qalan müəllim obrazından danışıb, onun yaratdığı məktəbin bu gün də uğurla fəaliyyət göstərdiyini vurğulayıblar. Sonra ustad sənətkarın “Ey Vətən” adlı əsəri bir qrup şagirdin xor ifasında səsləndirilib, ifa tədbirə xüsusi vətənpərvərlik ruhu bəxş edib. Tədbirin yekununda Qasım müəllimin övladları – Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru Azər müəllim və məktəbin piano müəllimi Afaq müəllimə söz verilib. Onlar çıxışlarında atasının həyat yolundan, sənətə və təhsilə olan sonsuz bağlılığından bəhs edərək, onun qoyub getdiyi irsi yaşatmaq üçün əllərindən gələni etdiklərini, onun sənətinə layiqli gənclər yetişdirmək üçün çalışdıqlarını vurğulayıblar. Sonda Qasım müəllimin həyat və yaradıcılıq yolunu əks etdirən kitablar, fotoşəkillər, eləcə də onun tərəfindən yaradılmış və bərpa olunmuş musiqi alətlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgi böyük marağa səbəb olaraq, ustad sənətkarın zəngin irsini bir daha nümayiş etdirmişdir.



Allah rəhmət eləsin! 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ