SON DƏQİQƏ

“Mənim Sevimli Mahnım” adlı sərgi təşkil olundu-FOTO

Tarix:12-05-2026, 22:15

3 nömrəli Uşaq İnkişaf Mərkəzində “Mənim Sevimli Mahnım” adlı sərgi təşkil olunub. Sərgidə şagirdlərin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirdikləri 50-dən çox rəsm əsəri təqdim edilib.Tədbirdə fəxri qonaq qismində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və layihə rəhbəri, təşkilatçı Aygün Əzizova iştirak ediblər.
Sərginin açılış mərasimində giriş sözü ilə çıxış edən 3 nömrəli Uşaq İnkişaf Mərkəzinin Təlim tərbiyə üzrə direktor müavini Gülşən DadaşovaGülşən Dadaşova qeyd edib ki, müəllim Aytən Bəylərzadənin rəhbərliyi ilə şagirdlər gərgin zəhmət nəticəsində uğurlu sərgi hazırlayıblar. Daha sonra söz fəxri qonaqlara verilib.
Çıxış edən Elnurə İsgəndərova uşaqların yaradıcılıq potensialının erkən yaşlardan inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu cür layihələr onların gələcək uğurlarının təməlini qoyur. O, sərgidə nümayiş olunan əsərlərin yüksək səviyyədə hazırlandığını qeyd edib və şagirdləri təbrik edib.
Aygün Əzizova isə çıxışında layihənin həm bədii, həm də tərbiyəvi əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, incəsənət və musiqinin bir araya gətirilməsi uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir və bu cür təşəbbüslər davamlı olmalıdır.
Sərgidə iştirak edən hər bir şagird öz rəsm əsərini təqdim edərkən həmin əsərə uyğun uşaq mahnısını ifa edib. Bu yanaşma tədbirə xüsusi rəng qataraq iştirakçılar və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən mərkəzin rəsm müəllimi Aytən Bəylərzadə layihənin əhəmiyyətini vurğulayaraq bütün iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayı.
Çixış edənlər tədbirin təşkilinə görə 3 nömrəli Uşaq İnkişaf Mərkəzinin direktoru Lalə Qətiyə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlər uşaq və yeniyetmələrin sosial mühitdə asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm rol oynayır. Azərbaycan uşaq mahnılarına çəkilmiş rəsmlərin təqdimatı və şagirdlərin həmin mahnıları ifa etməsi tədbirə xüsusi estetik və emosional dəyər qatıb. 
Rəsmi hissədən sonra keçirilən bədii proqram çərçivəsində şagirdlərin musiqi ifaları və rəqsləri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Sonda iştirakçılara diplom və hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.


Xebertime.az 
Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ