Bu günlərdə Ə.Kərim adına Sumqayıt Poeziya Evində Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin yenicə işıq üzü görmüş ““Bayatı-Şiraz” dəstgahı” adlı kitabının (elmi monoqrafiya) təqdimat mərasimi keçirildi.Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik Zirvəsinə ucalan Qəhrəman igdlərimizin - Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Tədbirin təşkilatçısı və aparıcısı, jurnalist-pedaqoq, AJB-nin üzvü Yeganə Telmanqızı qonaqları salamladıqdan sonra, kitabın müəllifi haqqında geniş məlumat verdi.
Çıxış edən qonaqlar: Bayram Cəfərli (Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi), Abbasqulu Nəcəfzadə (Sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru), Maya Qafarova (Sənətşünaslıq üzrɔ fəlsəfə doktoru, BMA-nın professoru), Akif Quliyev (Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, AMK-nın “Musiqinin nəzəriyyəsi və tarixi" kafedrasının müdiri), Jalə Qulamova (Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru, “Etnomusiqişünaslıq" kafedrasının müdiri), Vamiq Məmmədəliyev (Xalq artisti, professor), Firudin Qurbansoy (Filologiya üzrə fəlsəfə doktoru, dosent , AMK-da kafedra müdiri), Hafiz Kərimov (Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti), Abdul Haşımov (Əməkdar müəllim), İbrahim İlyaslı (Sumqayıt Poeziya Evinin direktoru, AYB-də bölmə rəhbəri, Prezident taqaüdçüsü),
Əli Niyazbəyli (şair, qiraətçi) və başqaları gənc alim Ruslan Tağıyevin çəkdiyi zəhməti yüksək dəyərləndirərək, müəllifin bu illərdə (musiqi təhsili, bakalavr, magistr, doktorantura pillələri) topladığı zəngin təcrübənin sayəsində, musiqi tarxində vacib bir janrla bağlı, ortaya qoyduğu işi müsbət qiymətləndirdilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın, bir dərs vəsaiti kimi də, müəllim və tələbələrə gərəkli olacağını vurğuladılar.
Çıxışlar zamanı o da qeyd olundu ki, 7 noyabr 2003-cü il tarixdə Azərbaycan muğamlarının YUNESKO tərəfindən “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi”nin “şah əsəri” elan olunması, 2008-ci ildə isə, Azərbaycan muğamlarının YUNESKO tərəfindən qəbul edilərək, “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin İnciləri” siyahısına daxil edilməsi təsadüfi olmayıb. Bu tarixi hadisə muğamın dünya mədəniyyətində tutduğu mövqeyin əyani sübutudur. Və bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət kəsb edir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən nəcib işlər muğamın qorunmasına, inkişafına və beynəlxalq miqyasda tanıdılmasına böyük töhfə verir.
------------
Müəllif və Kitab haqqında qısa MƏLUMAT:
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Əkrəm oğlu Tağıyev dövrü mətbuatda bir sıra sanballı elmi məqalələrlə çıxış edən gənc sənətşünas-alimlərdən biridir. Onun bugünədək muğamşünaslığın müxtəlif məsələ və problemlərinə dair 12 elmi məqaləsi işıq üzü görüb. Bunlardan 5-i xarici ölkələrdə, 7-si isə yerli mətbuatda çap olunub.
R.Tağıyev musiqi aləminə tar ifaçısı kimi gəlsə də, sonrakı illərdə bir sıra telli mizrabla səsləndirilən alətləri də təcrübi olaraq öyrənib. Ali təhsil aldıqdan sonra o, pedaqoji və elmi fəaliyyətlə məşğul olmağa başlayıb. Gənc olmasına baxmayaraq, fəaliyyət göstərdiyi sahələrdə bir çox uğurlara imza atıb. Azərbaycanın yeddi əsas muğam dəstgahından biri olan “Bayatı-Şiraz” muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləriylə bağlı elmi əsəri də bu yöndə yazılan növbəti uğurlu işlərdən biridir.
“Bayatı-Şiraz” elmi monoqrafiyasında “Bayatı-Şiraz” muğamı barəsində bəhs edilir. Burada sözügedən muğamın tarixi mənşəyi, bir dəstgah kimi formalaşması və müasir dövrdə “Bayatı-Şiraz” adı altında dəstgah olaraq təbliğ edilməsi araşdırılıb. Eyni zamanda “Bayatı-İsfahan” və “Bayatı-Şiraz” muğamları qarşılıqlı şəkildə müqayisə olunub.
““Bayatı-Şiraz” dəstgahı” kitabı 4 fəsil, 176 səhifədən ibarətdir. Kitabın Elmi redaktoru və “Ön söz”ün müəllifi Sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, “Son söz”ün müəllifi isə Pedoqogika elmləri doktoru, professor Fərahim Sadıqovdur. Rəyçilər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi, professor Akif Quliyev; Xalq artisti, professor Vamiq Məmmədəliyev və Xalq artisti, professor Ağasəlim Abdullayevdir.
Dörd fəsildən ibarət olan kitabın I fəslində “Bayatı-Şiraz” muğamının yaranması və inkişaf mərhələləri haqqında geniş məlumatlar verilib. II fəsildə “Bayatı-İsfahan” və “Bayatı-Şiraz” muğamları arasında müqayisəli təhlil aparılıb; həm cədvəl, həm 145 not nümunəsi şəklində. III fəsildə müəllif ustad muğam ifaçılarının “Bayatı-Şiraz” haqqındakı fikirlərini tədqiqata cəlb edib. Sonuncu IV fəsildə Azərbaycan bəstəkarlarının yaradıcılığında “Bayatı-Şiraz” muğamının yeri, rolu və əhəmiyyəti barədə mühakimələr yürüdülüb.
------------
Tədbirin sonunda söz kitabın müəllifinə verildi. Hazırda Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də tar müəllimi kimi fəaliyyət göstərən Ruslan Tağıyev tədbir iştirakçılarına; qonaqlara, ictimaiyyət nümayəndələrinə, qələm adamlarına (şair və yazarlara), həmkarlarına, valideynlərə, media nümayəndələrinə və tədbirin təşkilində xüsusi əməyi olan, tədbiri yüksək səviyyədə idarə edən Yeganə Telmanqızına, digər yoldaşlara öz dərin təşəkkürünü bildirdi.
Yeganə Telmanqızı tədbirin informasiya dəstəkçilərinə: “Sabaha-İnamla.az” saytının Baş redaktoru, Azərbaycan Milli Mətbuatının 150 illik Yubley medalçısı Namiq Məmmədova, "AYMEDİACOMPANY.AZ" saytının rəhbəri, MAT.TV-nin direktoru Almaz Yaşarqızına, “VİP” Mərkəzinin rəhbəri, jurnalist Aygün Hacıyevaya, “ATA TV” internet televiziyasının rəhbəri Rasafil Bayramova, həmçinin “XeberTıme.az”, “Xeberle.com”, “Azpress.az” saytlarının rəhbərlərinə, təşkilatı dəstəyə görə “Rüqəyya” un məmulatlarının müdiriyyətinə minnətdarlığını bildirdi.
Tədbir çay süfrəsi arxasında davam etdi. Sonda, həmin günün xoş xatirəsi olaraq, şəkillər çəkildi...
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə şifahi şəkildə ötürülən muğamlar zəmanəmizə qədər uzaq yol qət edib. Bu keşməkeşli dövrlərdə muğamların müxtəlif səpkidə inkişaf edərək formalaşması, sözsüz ki, danılmaz faktdır. Müasir dövrümüzdə muğam sənətinin inkişafı və dünyada tanıdılması istiqamətində mühüm işlər görülür və görüləcək. Keçmişimizdən bizə miras qalan xalq musiqilərimizi və tarixini yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur…
*Tədbirə dəvətə görə, həmkarım Yeganə xanım Telmanqızına dərin təşəkkürümü bildirir, ona və Ruslan bəyə gələcək addımlarında uğurlar diləyirəm. Qeyd edim ki, belə tədbirlərdə ruhən dincəlməklə yanaşı, daxilən zənginləşirsən…






Aygün Hacıyeva,
Jurnalist, yazıçı-publisist.