6 aprel 2021- ci ildə İctimai televiziyanın yaradıcı kollektivi, başda Saleh Bağırov olmaqla görkəmli sənətkarımız, Azərbaycanın xalq artisti, kinorejissor ,"Şöhrət" ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, AYB- min üzvü, " Qızıl qələm" media mükafatçısı şair- publisist , rəssam Ramiz Əzizbəylinin qonağı olmuşlar.
Onu da qeyd edək ki, Ramiz Əzizbəyli uzun illərdir ki, ictimai televiziya ilə sıx əməkdaşlıq edir və
tez- tez bu gözəl auditoriyanın qonağı olmuşdur. Üç ilə yaxındır ki, sevimli aktyorumuz yataq xəstəsidir, yerimək imkanları müvəqqəti məhduddur. Həkimlər onun tezliklə sağalacağını bildirirlər.
Lakin buna baxmayaraq bu müddət ərzində Ramiz Əzizbəyli yüzlərlə məqalələr yazmış , şeir, qəzəl, aforizm və hekayələrdən ibarət "Cızma qaralar" adlı kitabını dörd dəfə nəşr etdirmişdir.
İctimai televiziyada bir saatlıq çəkiləcək verilişin hazırlanması üçün Ramiz müəllimin qonaq otağında səhnə quraşdırıldı.
Operatorlar öz yerini tutdular. Redaktor məsləhətini verdi.
İşıqçı canlı bir səhnə yaratdı.
Evin xanımları isə süfrəni hörmətli qonaqlara xas müxtəlif şirniyyatlarla bəzəmişdilər.
Ramiz Əzizbəylinin xahişi ilə redaktora və aparıcıya sənətkarın geniş və çoxşaxəli yaradıclığı barədə qısa məlumatlar verdim.
"Həkəri "qəzetində Ramiz Əzizbəylinin 70 illik yubileyi ilə bağlı vaxtilə çap etdirdiyim xüsusi buraxılışı təqdim edərkən Saleh Bağırov çox məmnun qaldı və - mənə nə gözəl məlumatlar verdin- deyərək minnətdarlığını bildirdi.
Nəhayət ki sevimli teleaparıcı Saleh Bağırov Ramiz Əzizbəyli ilə mehriban görüşərək , onun ailə üzvləri ilə birlikdə süfrə ətrafında duzlu, şirin söhbətə başladılar. Peşəkar aparıcı muncuq kimi sözləri sanki sapa düzərək tamaşaçıları və Ramiz Əzizbəylini salamladı.
Ramiz Əzizbəyli bu xoş sözlərdən gah qururlanır, gah da buludtək dolaraq göz yaşlarını silir, gah suala yumorla cavab verərək məclisdə xoş ovqat yaradırdı.
Ramiz Əzizbəylinin
ömür- gün yoldaşı Zümrüd Əzizbəyli ailə həyatı yaşadıqları 45 il ərzində Ramiz Əzizbəylidən bir dəfə də olsun incimədiyini deyərək tezliklə onun sağalmağını arzuladı.
Onu da qeyd edim ki, Zümrüd xanım qüdrətli sənətkarımız Mohsün Sənaninin doğmaca bacısı nəvəsidir.
Xədicə və Cəlalə bacıları ataları haqqında xatirələrini danışarkən kövrək qəlb sahibi olan Ramiz müəllim necə də duyğulanırdi.
Orta məktəb şagirdi Məryam isə babası ilə fəxr etdiyini bildirdi.
Ramiz Əzizbəylinin körpə nəvələri Seymur və Məhəmmədəli isə gah qonaqlara baxır, gah da uşaq şiltaqlıqları ilə məclisdə xoş aura yaradırdılar.
Ramiz Əzizbəylinin böyük qardaşının sevimli oğlu , tanınmış muğənni Nurlan Əzizbəyli də əmisi haqqında xoş xatirələr söylədi.
Ailə üzvləri Ramiz Əzizbəylinin müəllim olaraq tələbkar, dost olaraq mərd və sədaqətli, aktyor olaraq məsuliyyətli, kinorejissor olaraq diqqətcil və digər müsbət keyfiyyətlərindən , o cümlədən xeyirxahliğından, qonaqpərvərliyindən, mehribançılığından söhbət açdılar.
Onu da bildirim ki, 36 il səhnədə, musiqimizi təbliğ edən, milli mənəvi dəyərlərimizi qoruyan və bir müddət səhhətində ciddi problemləri olan Nurlan Əzizbəyli ,nədənsə Mədəniyyət və Turizm nazirliyinin bol- bol fəxri adlar verdiyi bir dövrdə diqqətdən kənarda qalmağı da bir jurnalist olaraq məndə təəssüf hissi doğurdu.
Vaxtilə Neftçi, MOİK, Abşeron futbol komandalarını şərəflə təmsil etmiş , eləcə də Hollandiyanın
" Den Haq" futbol komandasında müdafiəçi olmuş Rüfət Qasımzadə Ramiz müəllimlə həm qohum , həm də kürəkən olmaqla məsuliyyət hissi duyduğunu və böyük sənətkara qulluq etməkdən məmnun olduğunu bildirdi.
Verilişin ikinci hissəsi daha maraqlı oldu.
Saleh bəy növbəti qonaqları təqdim etdi.
Qüdrətli sənətkarımız Nəsibə xanım Zeynalovanın oğlu , uzun illərdir ki, qardaş Türkiyədə yaşayan Azərbaycanın xalq artisti Cahangir Novruzov və sevimli kinoaktyorumuz Azərbaycanın xalq artisti Həmidə xanım Ömərova sənət dostlarını ziyarət etməyə gəlmişdilər.
Saleh Bağirovun suallarına Cahangir Novruzov düz qataraq xoş ovqat yaradır, gənclik dostu olan Ramiz Əzizbəylinin öz sənətinə məsuliyyətlə yanaşdığını bildirərək kövrək xatirələrini danışdı.
Həmidə Ömərova Ramiz Əzizbəyli ilə birlikdə onlarla filmlərdə, dublyajlarda bir
işlədiklərindən maraqlı epizodlar danışdı. Həmidə xanım qeyd etdi ki, Ramiz Əzizbəyli
"Mozalan" satirik jurnalında saysız hesabsız rollarda çıxış etmişdir.
Dunyanın 16 beynəlxalq kino festivallarında iştirak edən Ramiz Əzizbəyli kinorejissoru olduğu
"Pirverdinin xoruzu",
" Bəxt üzüyü," Yalan, " Qovğalı kəndinin gecələri"
bədii filmləri ona şöhrət qazandırmışdır.
Beynəlxalq və Milli kino müsabiqələrinin mükafatını almışdır.
Hətta xarici ölkələrin birində Ramiz müəllimə təklif etmişlər ki, Azərbaycan qadınını mənfi rolda çəksən, sənə Oskar mükafatı da təqdim edərik- təklifinə qəti rədd cavabı verən sənətkar təsəffur edin ki, Bakıda işləyərkən ayda iki min manat əmək haqqı alan bir əlverişli yerdən çıxaraq sənət naminə cüzi əməkhaqqı verən Musiqili Komediya teatrına gəlmişdir.
Lakin bəzi sənət adamlarının içərisində paxıllıq hissi onu daha uca zirvələrə qalxmağa mane olsa da, Ramiz Əzizbəyli misilsiz xidmətləri ilə xalqımız, dövlətimiz tərəfindən hər zaman sevilən sənətkarlarımızdandır.
Ramiz Əzizbəyli sənət dostlarına, ictimai televiziyanın bütün kollektivinə təşəkkürünü bildirdi və əzizləyərək uzun illər arxivində saxladığı fotoları göstərərək dedi:
-"Gənclik dostlarım Babakişi Məmmədovu, Minə Bayramovanı,İbrahim Əlizadəni, Firəngiz Cəfərovanı, Loğman Axundovu ,məşhur teatr və kino rejissoru, Şəki teatrının baş rejissoru, sonra Akademik Dram Teatrının baş rejissoru və nəhayət Gənclər teatrının yaradıcısı və baş rejissoru olmuş Hüseynağa Atakişiyevi , Xoşqədəm Bağırovanı unuda bilmirəm. Bu dostların içərisində Xoşqədəm xanım hazırda yaşayır, ona uzun ömür, can sağliğı arzulayıram. dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm.
Məni uşaq vaxtlarından səhnəyə gətirən qonşum, məşhur kinorejissor Məhərrəm Bədirzadənin bu günlərdə vəfat etməsi məni çox kədərləndirdi.
Dost itkisi səhhətinə də pis təsir edir.
Mənə hər gün çoxlu zənglər gəlir.
Evimiz, süfrəmiz hər kəsin üzünə açıqdır.
Dostlarım bu gün də məni darıxmağa qoymurlar.
Gördüyünüz bu mənzilimi Heydər Əliyev Fondu keçən il təmir etdirdi.
Mehriban xanım sağ olsun. Mənə avtomobil də hədiyyə edildi.
.Bizi yaşadan dövlətimizin qayğısı və xalq məhəbbətidir."
Nəhayət ki, İctimai televiziyada bir saat nəzərdə tutulan verilişin çəkiliş səhnəsi beş saatdan çox davam etdi.
Azərbaycanın üç nəfəng xalq artistlərinin maraqlı söhbətləri biz qələm sahiblərini də çox sevindirdi.
İctimai televiziyanın yaradıcı kollektivinə, Ramiz Əzizbəyli başda olmaqla ailə üzvlərinə, sənət dostları Cahangir Novruzova, Həmidə Ömərovaya , bir sözlə bütün ramizsevərlərə can sağlığı arzulayırıq.
Sonda yadigar olaraq xatirə şəkli çəkildi.
Rauf İlyasoğlu
Tezliklə İctimai TV də,
" Həkəri " qəzetində, Xəbər time və Günaz.az saytlarında daha geniş məlumat əldə edə bilərcəksiniz.
Qələmə aldı;
Rauf İlyasoğlu,
fotolar müəllifindir.