İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 200 milyon manat məbləğində vəsaitə qarşı icra 2 milyard 178,4 milyon manat və ya 99 % olub.XeberTıme.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" haqqında hesabatda bildiirlib.
Sənədə əsasən, xərclərin maliyyələşdirilməsi vəsaitin kredit sərəncamçısı olan təşkilatların xərc sifarişləri əsasında tam həcmdə təmin olunub.
Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1 milyard 590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1 milyon manat və ya 1,6 % az) yönəldilib.
Bununla yanaşı Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat, turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 % az), işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 % az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat, Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1 milyon manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.
“XeberTıme.az”