SON DƏQİQƏ

Yaddaşlarda yaşayan insan – Əmir Vəliyev

Tarix:20-05-2023, 00:10

Yaddaşlarda yaşayan insan – Əmir Vəliyev 
Baharlılar Azərbaycanın qədim türk tayfalarından biridir. Tarixin müxtəlif zamanlarında görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Baharlı tayfası Azərbaycanın, ümumiyyətlə Şərqin ictimai-siyasi, mədəni həyatında aparıcı rol oynamışdır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları da baharlılardır. 
Əmir Teymur bəy oğlu Vəliyevin də adı Baharlı tayfasının layiqli övladları sırasında çəkilir.  20 may 1948-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. İbtidai təhsilini Baharlı kənd məktəbində almış, Mincivan məktəbində davam etdirmişdir. Atası uzun illər Zəngilan rayonunun Mincivan dəmiryol stansiyasının deposunun idarəetmə və nəzarət strukturu heyətində işləmişdir. Sonralar atasının işi ilə əlaqədar Qərbi Azərbaycana köçmüş, 1964-cü ildə Meğri rayonunun  Səməd Vurğun adına Əldərə kənd orta məktəbini bitirmişdir. Bakı neft emalı texnikumunu qurtarmışdır. 1968-1970 illərdə hərbi xidmətdə olmuşdur. Uzun illər Bakı İqlim zavodunda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində işləmişdir. 
Əmir Vəliyev həyatı boyu alicənab, sözübütöv, təəssübkeş insan kimi tanınmış, xarakterindəki baharlılara məxsus bu üstün keyfiyyətlər sələflərindən xələfinə qanla keçmişdir. XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı Qaraqoyunluların hakimiyyəti dövründə Həmədan və ətraf ərazilərə başçılıq etmişdir. Babur imperatorluğunun varlığını sona qədər qorumuş, Əkbər şahın atabəyi olduğu üçün xanlar xanı rütbəsində ölkəni dörd il müstəqil idarə etmiş,  eyni zamanda incə ruhlu şair  Bayram   xan  Baharlı,  dövlət   xadimi olmaqla  yanaşı türk, fars, hind  dillərində şeirlər  yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Əmir Vəliyevin ulu babalarıdırlar. O, eyni zamanda 1795-ci ildə Tehranda işgəncə ilə qətlə yetirilərək 70 yaşında şəhid edilmiş Qarabağ xanlığının vəziri Mirzə Vəli bəy Baharlı nəslinin altıncı nümayəndəsidir. Özünün, ata-babasının, bu gün də övladlarının daşıdığı Vəliyev soyadı əqidəsi, məqsədi uğrunda mübarizə apararaq şəhid olmuş, incə ruhlu şair ulu babası Mirzə Vəli bəy Baharlının adının şərəfinədir.
Ulu babası Mirzə Haşım bəy Mirzə Vəli bəy Baharlının böyük oğlu olub, atasının layiqli davamkısı kimi Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş, qeyri-adi istedadına görə, ona Zərrinqələm demişlər. Onun nəsli sonralar Zəngəzur qəzasının Baharlı (indiki Zəngilan rayonunun Baharlı kəndi) kəndində məskunlaşmışdır. 
Ata babası Kərbəlayi Əbdüləzim bəy Baharlı Qarabağın savadlı bəylərindən, varlı tacirlərindən sayılmışdır. Geniş torpaq sahələri olmuş, üzüm bağları şöhrət qazanmışdı.
Əmir Vəliyev də belə bir tayfanın, nəslin övladı idi. Soyuna, kökünə bağlı vətənpərvər ziyalı olmuş, yaxınları, dostları, qohumları arasında səmimi, diqqətcil, həssas bir insan kimi tanınmışdır. Dürüstlüyünə görə, hər zaman hörmət qazanmışdı. Zavodda hansı vəzifədə işləməsindən asılı olmayaraq işinə məsuliyyətlə yanaşmış, şəkli şərəf lövhəsinə vurulmuşdu. Gənc kadr kimi 1975-ci ildə ona ev verilmişdi. O, Buzovnada yaşayan Zəngilan rayonunun Baharlı kəndinin ilk sakinidir. Böyük övlad olduğu  üçün hər zaman ailəsinin məsuliyyətini hiss etmiş, qardaşlarına, bacılarına qayğı göstərmişdir. Ədalətli, qayğıkeş ailə başçısı kimi tanınmışdı. Oğlu Eldəniz Vəliyev Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin aparıcı mütəxəssidir. Bir sıra televiziya layihələrinin müəllifidir.
Əmir Vəliyev qısa, lakin şərəfli ömür yaşamışdır. Onun vəfatı tarixi 24 may 1996-cı ilə təsadüf edir. Vəfat edəndə məhərrəm ayının 6-sı, cümə günü idi. Yaş mərasimində bütün zavod iştirak edirdi. İş yoldaşları bu dünyadan vaxtsız köçən Baharlı tayfasının bu dəyərli övladını son mənzilə yola salırdı.
Əmir Vəliyevin oğlu istedadlı qələm sahibi Eldəniz Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə AzTV-nin yaradıcı heyətinin tərkibində 2022-ci ilin oktyabr ayının 25-də Zəngilan rayonunun Baharlı kəndində olduq. Erməni vandalizminin qurbanı olan Əmir müəllimin ata-baba yurdu xarabalığa çevrilən Baharlı kəndini ziyarət etdik. Şəhidlərimizin, Vətən, torpaq həsrətilə haqq dünyasına qovuşan insanlarımızın, o cümlədən Əmir müəllimin əziz xatirəsini ehtiramla yad etdik.
Əmir Vəliyev Vətən, torpaq həsrətilə dünyasını dəyişəndə 48 yaşında idi. Yaşasaydı bu il 75 yaşı tamam olurdu. 27 ildir cismən aramızda yoxdur. Onu ailəsindən, doğmalarından, dostlarından 27 illik zaman ayırır.  Əmir müəllim 27 il öncə dünyasını dəyişməsinə baxmayaraq bu gün də adı ehtiramla yad edilir, rəhmətlə xatırlanır.

Orxan Zakiroğlu (Baharlı)



 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ