SON DƏQİQƏ

Doğma yurda qayıdan laçınlıların ilkin təəssüratları - FOTOLAR

Tarix:29-05-2023, 10:48

Xəbər verdiyimiz kimi, mayın 28-də laçınlıların doğma yurda qayıdışı başlayıb. 
XeberTıme.az xəbər verir ki, təxminən 30 ildən sonra ata-baba ocağına qayıdışın sevincini yaşayan laçınlılar təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
 
Malik Kəlbəndov: "Laçına qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur. Bunu çoxdan gözləyirdik, 30 illik həsrətə son qoyuldu. "Laçından çıxanda yoldaşımla ikimiz idik. İndi isə iki oğlum və 11 nəvəmlə böyük bir ailə ilə qayıdırıq. Çox fərqli hisslər yaşayırıq. Bu sevinci bizə yaşatdığı üçün dövlətimizə, şəxsən Prezidentimizə təşəkkür edirik", - deyə o qeyd edib.
 
Rayon sakini Qadir Vəliyev isə sevincini bu sözlərlə ifadə edib: "Özümüzü çox gözəl hiss edirik. Fikirləşirəm, hələ də adama çatmır ki, biz öz torpağımıza qayıdırıq, yuxu kimi gəlir. Bu günlərə şükürlər olsun. Allah cənab Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm". Laçından çıxanda 5 yaşı olduğunu bildirən rayon sakini deyib ki, Laçında ziyarət edəcəyi ilk yer qardaşının məzarı olacaq. "Uşaqlarıma həmişə Laçın haqqında danışırdım, təbiətinin gözəlliklərini təsvir edirdim. İndi onlar yurdumuzun gözəlliklərini öz gözləri ilə görəcəklər", - deyə o bildirib.
 
Bu gün təkcə mənim yox, bütün laçınlıların həyatında ən uğurlu gündür. Bu gün biz ikiqat sevinc hissi yaşayırıq. Bu sözləri isə Ruqiyyə Xəlilova söyləyib. O deyib: "İlk növbədə, ona görə ki, biz Prezidentimiz İlham Əliyevi öz torpağımızda görəcəyik, həm də 30 il həsrətində olduğumuz torpağımıza qayıdırıq. Allah Prezidentimizi, xalqımızı və bütün Azərbaycanı qorusun. Çox sevincliyəm. Allah bizə bir daha Laçınsız qalmağı qismət eləməsin. Şükürlər olsun ki, bu yaşımda doğma yerləri yenidən görmək mənə qismət oldu.
 
Elbrus Sadıxov: "Vətən həsrəti ilə 31 il alışıb yanmışıq. Bu həsrəti, bu sevinci ifadə etmək üçün günlər, aylar lazımdır. Sevincimizin həddi-hüdudu yoxdur. Allah bizim səsimizi eşitdi, dualarımız qəbul oldu. Şükür olsun bu günə. Prezidentin sayəsində, ordumuzun sayəsində vətənə qayıdırıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
 
Qeyd edək ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni, 97 nəfər köçürülür. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
 
Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

“XeberTıme.az” 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ