SON DƏQİQƏ

QARŞILA MƏNİ, ANA!

Tarix:6-10-2023, 23:41

QARŞILA MƏNİ, ANA!
Qarabağda keçirilən antiterror əməliyyatlarında şəhid olan əsgərimiz Cavid Cavanşir oğlu Zülfüqarovun əziz xatirəsinə həsr edirəm (3 mart 2004-cü il Şamaxı rayonu, Quşçu kəndi – 20 sentyabr 2023-cü il Qarabağ bölgəsi).

Şəhidimiz Cavid Cavanşir oğlu Zülfüqarov 3 mart 2004-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. O, hələ uşaq yaşlarında anasını itirmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Xidmət zamanı komandirlərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Cavidin hərbi xidməti bitirməsinə qısa müddət qalmışdı ki, 19 sentyabr 2023-cü ildə Qarabağda yuva salmış separatçı quldur rejimə böyük bir dərs vermək üçün rəşadətli Azərbaycan Ordusu antiterror əməliyyatları həyata keçirməyə başladı. O zaman şəhidimiz Cavid də antiterror tədbirlərində iştirak edir, döyüşlərdə fərqlənərək böyük rəşadət göstərirdi. Təəssüflər olsun ki, antiterror tədbirlərinin bitdiyi 20 sentyabr günündən etibarən Caviddən xəbər almaq mümkün olmur. Nəticədə, döyüşlərdən sonra itkin düşən 11 əsgərimizin siyahısında onun da adı yazılır. Bir müddət çəkən axtarışlardan sonra Cavidə məxsus olduğu ehtimal edilən nəşi tapılır. Müəyyən çətin proseslərdən sonra nəşin şəxsiyyəti müəyyən olunur və bununla da, Cavidin şəhid olduğu təsdiqini tapır. Gəncliyində vəfalı ömür-gün yoldaşını itirmiş Cavanşir kişi gözü ilə od götürüb böyütdüyü körpə övladını da itirməyin acısını yaşamağa məhkum olur. Antiterror tədbirlərinin bitməsindən bir neçə gün sonra, yəni 28 sentyabr 2023-cü ildə Cavidin nəşi Şamaxı rayonuna gətirilir və burada izdihamla dəfn edilir. Anasızlıq körpəliyindən qismətinə yazılmış igidimiz Qarabağı azad edərək, Vətənimizin bütövlüyünü və suverenliyini canı bahasına bərpa edərək şəhid olur və anasının cənnətinə şəhid kimi qədəm qoyur. O, bu dünyada anasız böyüsə də, Qarabağımızı bizə qaytararaq özü də şəhid kimi həm Ana Vətənin qoynuna köçür, həm də o dünyada anasına qovuşur. Bu da bir taledir...
Şəhidimizə Allahdan rəhmət diləyir və onun dilindən yazdığım “Qarşıla məni, ana!” şeirimi oxucularıma təqdim edirəm:




QARŞILA MƏNİ, ANA!

Uşaq yaşlarında anadan yetim qalan, 19 yaşında şəhidlik zirvəsinə yüksələn əsgərimiz Cavid Cavanşir oğlu Zülfüqarovun dilindən.
Cənnətinə gəlmişəm,
Qarşıla məni, ana!
Deyəsən, tez gəlmişəm,
Bağışla məni, ana!
 
Məni danlayacaqsan,
Tək qoymuşam atamı.
Mənə anasızlığı,
Bildirməyən adamı.
 
Sən köç etdikdən sonra,
Gülmədi heç üzümüz.
Dilimizdə əzbərdir,
Qəm-kədərdir sözümüz.
 
Sən qəbrə qoyulanda,
Uşaq idim o zaman.
Çoxu təskinlik verdi,
Dedi ki, sağdır anan!
 
Bu ümidli sözlərə,
Mən aldana bilmədim.
Sənə öz cənnətində,
Qovuşmağı istədim.
 
Qismət beləymiş, ana,
Sonda gəldim yanına.
Vətən üçün al qana,
Mən boyana-boyana.
 
Çox arzularınızı,
Ürəkdə qoyub gəldim.
Əsas odur, igidtək,
Şəhidliyə yüksəldim!
 
De atama göylərdən,
Mənim ölməyim yalan.
Mən ki şəhid olmuşam,
Sən de ki, sağdır balan!
 
Xankəndinə sancmışam,
O üçrəngli bayrağı.
Canımla qaytarmışam,
Mən gözəl Qarabağı.
 
Məni böyütdün, ana,
Yetişdirdin igidtək.
İndi mən cənnətinə,
Qədəm qoydum şəhidtək.
 
Vətən şəhidiyəm mən,
Heç zaman ölmərəm mən,
Bilirəm, xatirəmi,
Yaşadar ana Vətən!
 
Cənnətinə gəlmişəm,
Qarşıla məni, ana!
Deyəsən, tez gəlmişəm,
Bağışla məni, ana!
Bağışla məni, ana!

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
06.10.2023


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ