SON DƏQİQƏ

Ermənistan etiraf edib ki, Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir- PUTİN

Tarix:13-10-2023, 21:52

Ermənistan etiraf edib ki, Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Qarabağ mövzusu bağlandı
XeberTıme.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.
 
O qeyd edib ki, Qarabağ nəticə etibarı ilə indi deyil, ötən ilin oktyabrında Praqada görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra yekun olaraq Azərbaycanın tərkib hissəsi olub.
 
"Hansı ki, həmin bəyanatla Qarabağın statusu köklü şəkildə dəyişdi. Yəni ki, Ermənistan Qarabağın statusunu müəyyən etdi", - Putin vurğulayıb.
 
Onun sözlərinə görə, ötən onilliklər ərzində hər şey Qarabağın statusu məsələsinin ətrafında dövrə edib: “Mən indi detallara varmayacam. Lakin demək istəyirəm ki, biz ötən onilliklər ərzində dəfələrlə Qarabağla bağlı sazişin imzalanmasına yaxın olmuşuq. Problem hər zaman nədə olub? Razılaşmışıq ki, referendum keçirilməlidir. Lakin bir tərəf deyib ki, referendumun vaxtını deyə bilmir. Bu, Azərbaycan idi. Ona görə ki, həmin şərtlərdə referendum keçirilsəydi, referendumun nəticəsi göz qabağında olacaqdı. Ona görə də, təklif olunurdu ki, referendumun keçirilməsi gələcək nəsillərə saxlanılsın. Ermənistan tərəfi isə təkid edirdi ki, referendumun keçirilmə vaxtı müəyyən olunsun və həmin referendumla Qarabağın status müəyyən olunsun. Onlar hesab edirdilər ki, Qarabağın həmin dövrdəki əhalisi ilə nəticələr göz qabağında olacaq. Bütün problemin məğzi bu idi. Hər şey bunun, statusun müəyyən edilməsinin ətrafında dövr edirdi. Ötən il isə Praqada Ermənistan rəhbərliyi mövzunu bağladı, dedi ki, Qarabağ Azərbaycanın hissəsidir və kvadrat kilometrlərlə göstərdi. Eyni zamanda keçmiş SSRİ respublikalarının inzibatı sərhədləri dövlət sərhədləri kimi müəyyən edən 1991-ci ilin müqaviləsinə istinad elədi. Bitdi. Mövzu bağlandı. Ona görə də, 2020-ci ildə biz sülhməramlılarımızın bu əraziyə yeridilməsi barədə razılaşanda, birincisi, onların mandatı ancaq atəşkəs rejimini müşahidə etmək idi, ikincisi isə Qarabağın yekun statusu müəyyən edilməmişdi. Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edəndən sonra bizim sülhməramlılarımızın şübhəsiz Azərbaycan ərazisində olduğu məlum oldu. Əlbəttə ki, erməni əhalinin köçündən sonra vəziyyət kardinal şəkildə dəyişdi. Formal olaraq sülhməramlılarımız 2025-ci ilin noyabrında kimi oradadırlar. Biz tərəfdaşlarımızla dialoqdayıq və əlbəttə ki, yaxın vaxtlarda nəyi necə edəcəyimiz müəyyənləşdirəcəyik. Bunu danışıqlar prosesində həll edəcəyik”.
 
Putin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma perspektivi ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, Rusiya sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır: “Moskvada həmkarlarımızın görüş keçirməsini təklif etdik. Paşinyan bu barədə bilir. Mən ona demişəm. Azərbaycan prezidenti bu barədə bilir. Mənə elə gəlir ki, bu tamamilə mümkündür. Mən Qarabağdakı hadisələrdən sonra Ermənistanla Azərbaycan arasında indi sülh müqaviləsinin bağlanmasına maneə olan hansısa problem görmürəm. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sadəcə texniki xarakterli problemlər mövcuddur. Məncə, bu texniki məsələdir, 100 metr bu tərəfə, kilometr o tərəfə… Bu elə də vacib deyil. Tərəflərin iradəsi ilə hər şeyi etmək mümkündür”. 


XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ