SON DƏQİQƏ

Dördüncü hakimiyyət nümayəndələri vaksinasiya olundu

Tarix:10-04-2021, 23:53

Bu gün media nümayəndələrinin koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib.
Vaksinasiya prosesi Mətbuat Şurasının binasında həyata keçirilib. Media işçilərinin vaksinasiyasında iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə görüşüb. Görüş zamanı həyata keçirilən peyvəndlənmənin əhəmiyyəti vurğulanıb.
Sədr bildirib ki, ölkədə aparılan vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir:
“Hazırda Mətbuat Şurasına vaksin vurulması üçün 200-ə yaxın jurnalistin müraciəti daxil olub”.
Vaksinasiya prosesində Oxu.az, Baku TV, Media.az, Caliber.az, Baku.ws və digər media qurumlarının əməkdaşları iştirak edib.
İlkin mərhələdə jurnalistlər həkim müayinəsindən keçirilib. Tibb otağında təzyiq ölçüldükdən sonra vaksin vurulmasına hər hansı maneə aşkarlanmadığı təqdirdə media nümayəndələri vaksin otağına göndərilib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış jurnalistlərin vaksinasiyası barədə məlumat verərkən gün ərzində 50 jurnalistin peyvəndlənmə prosesinə cəlb olunmasının nəzərdə tutulduğunu deyib:
“Hazırda vaksinasiya prosesinin sürətləndirilməsi, həmçinin tibb məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə bir sıra qurumlarda vaksinasiya prosesinə səyyar briqadalar cəlb edilib. Həmin qurumların əməkdaşları iş yerlərində vaksinasiya olundular. İlk səyyar briqada vaksinasiyanı 1 saylı ASAN xidmət mərkəzində həyata keçirib.
Bu gün isə Mətbuat Şurasının binasında jurnalistlərin vaksinasiyasına başlanıldı. Gün ərzində 50-yə yaxın media işçisinə peyvənd vurulması nəzərdə tutulur. 18 yaşdan yuxarı mətbuat nümayəndələri könüllü şəkildə müraciət edərək vaksinasiya prosesində iştirak edə bilərlər. Hazırda səyyar briqadaların vasitəsi ilə vaksinasiya üçün dövlət orqanlarından müraciətlər daxil olmaqdadır”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ