SON DƏQİQƏ

Vətənimin qəhrəman şəhid oğlu 30 yaşın mübarək!

Tarix:15-09-2021, 18:47

Vətənimin qəhrəman şəhid oğlu 30 yaşın mübarək! Yaşasaydı bu gün aprel şəhidimiz leytenant Qabil Orucəliyevin 30 yaşı tamam olurdu. 
Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub. O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaq üstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu. Özü də bu arzusuna çatmaqda israrlı idi. O arzusunun arxasınca 2006- cı ildə Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə gedir.  Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu və peşəkar hərbçi olmaqda daha da israrlı idi. 2009-cu ildə liseyi bitirən Qabil, elə həmin il H.Əliyev adına AR Ali Hərbi Məktəbinə daxil olur. 2013-cü ildə oranı leytenant hərbi rütbəsi ilə bitirən gənc zabit bu yolda iri addımlarla irəliləməkdə davam edir. O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçir. Artıq o zabit kimi formalaşmışdı.  

Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev).
Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Leytenant Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Vətən uğrunda qəhrəmanlıqla döyüşərək öz canını fəda etmiş Vətən oğlu yeni yaşın mübarək.                                                       

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı                                                        

 “XeberTıme.az”  



 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ