Şəhidlər bizim vüqarımız və qəhrəmanlıq rəmzimizdir! Bu gün Sumqayıt şəhərində adını qızıl hərflərlə Zəfər tariximizə yazdıran şəhid Abdulla Əhmədovun anım günü qeyd olundu. Anım tədbiri Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarətlə başladı. Tədbirdə şəhidin ailə üzvüləri, doğmaları, şəhid ailələri, icra hakimiyyətinin rəsmiləri, Sumqayıt şəhər “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov, Corat məscidinin axundu Hacı Sahib Məmmədov, bir sıra din xadimləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit heyyəti, Qarabağ qaziləri, media nümayəndələri, şəhidin dostları, təhsil aldığı Sumqayıt şəhər 34 saylı tam orta məktəbin direktoru Nizami Məmmədov və məktəbin müəllim kollektivi iştirak edirdilər. Anım mərasimində şəhid haqqında xoş xatirələrdən danışıldı, xidmət etdiyi hərbi hissənin hərbiciləri onun keçdiyi şərəfli döyüş yolundan danışdılar. Məktəbin şagirdləri şəhidlər haqqında şeirlər söylədilər.
Şəhid Abdulla Əhmədovun ruhuna dualar oxundu. Şəhidin atası Hacı Əhməd Əhmədov öz adından, ömür-gün yoldaşı Validə xanımın adından gələn qonaqlara öz təşəkkürünü bildirdi, oğlunun göstərdiyi şücaətiklə fəxrlənərək onunla qürur duyduğunu bildirdi. Allahdan bütün şəhidlərə rəhmət, ailələrinə səbr dilədi.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, sonra torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Vətən müharibəsi şəhidi, əsgər Abdulla Əhmədovun əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.
Xatırladaq ki, Abdulla Əhmədov 13 ildən sonra dünyaya gəlmişdir, evin tək oğludur. Əhmədov Abdulla Əhməd oğlu 12 mart 2002-ci ildə Sumqayıt şəhərində sadə bir azərbaycanlı ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 2017- ildə Sumqayıt şəhər 34 saylı tam orta məktəbdə təhsilini davam etdirir və 2019-cı ildə buranı bitirir. 2020-ci ilin may ayının 5-də Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Cağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşür. Goranda yerləşən N saylı hərbi hissədə xidmətə başlayır sonra Tərtər rayonunda xidmətini davam etdirir.
Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılır şücaətliklə vuruşur.
Oktyabrın 2-də Talış istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək 18 yaşında şəhidlik zirvəsinə ucalır. Minlərlə şəhər sakinin, ailə üzvülərinin, yaxınlarının, xidmət etdiyi hərbi hissənin zabit heyyətinin, döyüş yoldaşlarının və icra hakimiyyətinin nümayəndələrinin müşayəti ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Şəhidin üstünə örtülən Azərbaycanın üç rəngli bayrağı atası Hacı Əhməd kişiyə təqdim edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhmədov Abdulla Əhməd oğlunu ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşcü” medalları ilə təltif etmişdir.
Ənənəmizə sadiq qalaraq “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Validə Əhmədovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif etdi.
Səninlə qürur duyuruq Vətən oğlu!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun rəhbəri Əziz Əzizov tərəfindən çəkilmiş Vətən müharibəsi şəhidi, zəfər tarixi yazan qəhrəmanımız Abdulla Əhmədovun əziz xatirəsinə həsr olunmuş video rolik.
Yeganə Telmanqızı
“XeberTıme.az”