SON DƏQİQƏ

Şəhidlər bəşərilik yolunu işıqlandırır

Tarix:22-11-2020, 23:49

Vətən Sizinlə qürur duyur!

Bu gün yaşadığım Sumqayıt şəhərində Qarabağ döyüşlərində qələbə tarixi yazaraq şəhidlik zirvəsinə ucalan MAXE hərbi qulluqçu Nurlan Abdalovun ailəsini ziyarət etdim.
Şəhidimizi tanıyaq:

Nurlan Faiq oğlu Abdalov 12 iyun 2000-ci il tarixində Biləsuvar rayonunda sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2006-cı ildə   Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinici sinifinə daxil olur. Təbiətcən sakit və olduqca təmizkar olan Nurlanın rəssamlığa böyük həvəsi var idi. Valdeynləri bu həvəsi görərək onu   Sumqayıt şəhəri “Dostluq” mədəniyyət evinin nəzdində rəssamlıq kursuna gətirir və o burada 2012-2015-ci  illərdə təhsil alır. Kiçik rəssam Nurlan 14 saylı tam orta məktəbin bütün divar qazetlərinin rəssamı, məktəbdə və şəhərdə keçirilən tədbirlərin aktiv iştirakçısı olur. 2017-ci ildə orta məktəbi bitirir və 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşür. Ağcabədi, Haramı düzündə N saylı hərbi hissədə xidmət edir. Nurlanın vətəninə, dövlətinə, xalqına sevgisi və hərbi sahəyə marağı onu hərbiçi olmaq arzusuna gətirib çıxarır. Hərbi qulluq illərində hərbi kurs keçir və  hərbi xidmətini başa vurduqdan sonra MAXE hərbi qulluqçu peşəsində çalışmağa başlayır.                                                                          
Sentyabrın 27-də başlanan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə manqa komandiri Nurlan Abdalov fəal iştirak edir. Oktyabr ayının ortalarında qolundan güllə yarası alır. Ona hərbi hissə tərəfindən müəyyən bir vaxta ezamiyyət verirlər. Lakin Nurlan bu ezamiyyətdən imtina edir: “ Vətən düşmən tapdağı altındadır, yoldaşlarımın yanında olaraq düşmənə qalib gəlməliyik” deyib hərbi xidmətini davam etdirir. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı, uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək döyüşür.                
4 noyabr 2020-ci il...Şuşa uğrunda gedən ağır və çətin döyüşlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən hədəflərinin dəqiq atəşlə məhv edilməsində iştirak edən daha bir hərbçimiz Nurlan Abdalov 20 yaşında şəhidlik zirvəsinə uçalır.                          
5 noyabr Azərbaycan Ordusunun əsgəri Nurlan Abdalovu  Azərbaycanın üçrəngli bayrağını tutan minlərlə insanın müşayiəti ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanına  aparılır. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilir. Şəhidin dəfn mərasiminə ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatıldı. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atası Faiq Abdalova təqdim edilib..                                                                  
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Nurlan Faiq oğlu Abdalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.                                                         
Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur, Nurlan Abdalov  kimi...

Səminə xanım üçün oğlu Nurlan haqqında danışmaq çətin olsa da bizimlə həmsöhbət oldu:                                    

- Ana kimi danışmaq mənim üçün çox ağırdır. Övladım Vətəni, torpağı, dövlətçiliyi, xalqı uğrunda şəhid olub. Onun hər zaman yaxşı sədaları gəlirdi. Xəyalları, arzuları çox idi. Qələbə paradını səbirsizliklə gözləyirdi, özünə yeni hərbi forma, çəkmədə almışdır Nurlan çox vətənpərvər idi və ona görə də istədiki hərbiçi olsun. Yaşı az idi, amma özü çox böyük idi, qorxmaz idi, heç nədən qorxmurdu. İndi o, təkcə mənim oğlum deyil, bütün millətin, xalqın oğludur. Təsəllim bir odur ki,  şəhidlərimizin nigaran ruhları rahatlıq tapdı, torpaqlarımız işğaldan azad olur.                                                                                    
Nurlan balam qohum-əqrabanın, qonşuların, dostlarının bir sözlə hamının hörməti qazanmış hörmətcil və şeyin yaxşısına layiq, çox mərd bir övlad idi. O, heç kəsi darda qoymazdı. Hər kəsə daim kömək etməyə çalışardı. Bu cür övladı itirmək çox ağırdır. Vətən sağ olsun!                     

Bəli  vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında böyük rol oynayır. 
Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az”
  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ