SON DƏQİQƏ

Astarada şəhidin xatirəsi ehtiramla yad olunub

Tarix:17-04-2022, 00:18

Qəhrəmanlar heç zaman unudulmurlar!  14 aprel Astara rayonunun Burzubənd kənd tam orta məktəbin direktoru Rəfiyev Turan və məktəbin şagirdləri şəhid Rövşən Ramazanovun doğum günü münasibəti ilə məzarını ziyarət etdilər. Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə çiçəklər düzülüb. Şəhidin məzarı üstündən onun məktəb illərindən xoş xatirələr anılmış, keçdiyi şərəfli döyüş yolundan danışılmış,  göstərdiyi şücaətlərdən söz açılmışdır.                                    
44 günlük Vətən müharibəsinə öz töhfəsini verən  qəhrəman şəhidimiz Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rövşən Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinə oktyabrın 9-da könüllü olaraq qatılır. Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda döyüşlərdə savaşıb. Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kənd ətrafında qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Hərbi qulluqçusu Ramazanov Astara rayonunun Burzubənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.                           
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.  
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov  ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Sevda Bəxtiyarqızı                                                                
“Şəhidlər Unudulmur” telelahiyəsinin təsisçisi 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ