SON DƏQİQƏ

Vətənim demək azdır Vətənin olmaq gərək

Tarix:7-07-2022, 13:47

Bir şəhid qızın dilindən 
Mən Vətən müharibəsi şəhidi Zülal Mədətlinin qızıyam. Adım Dənizdi. Qardaşım Rəhimlə mən atamızı hamıdan çox sevirdik. O da bizi sevirdi . Hər gün işdən evə qayıdanda bizə nə istəsək alardı. Tez –tez şəhərə də aparardı bizi. Bir dəfə qış idi biz şəhərə gedəndə bir yer var orada çoxlu insan gördüm və soruşdum ki, orda nə var, ora haradır?. Atam dedi ki, qızım, ora Şəhidlər xiyabanıdı. Orda igid oğullar yatır. Onlar Vətənimizi qoruyanlardır. Düşmənə qalıb gəliblər özləri isə şəhid olublar.  Biz həmin gün şəhidlər xiyabanını ziyarət etdik. Atam dedi ki, xoşbəxt insandılar bu oğullar ki, ən yüksək zirvəyə yüksəliblər bizə də qismət olar inşallah. Atam elə deyəndə anam ağladı. Yaz gəldi bahar şənliyinə də getdik, yayda atamla  daha çox vaxt keçirdik. Axı tətil idi. Sentyabr ayında mən ikinci sinfə getdim. Bir gün səhər məktəbə gedəndə gördüm ki, nənəm niyə isə ağlayır. Bir azdan atam gəldi . O, hazırlaşıb tez də çıxdı getdi. O, gedəndə evdəki hər kəs ağlayırdı amma atam gülə -gülə gedirdi, sevinirdi . Aradan bir neçə gün keçdi hərdən zəng vurub bizlə danışırdı. Sonra daha zəng gəlmədi. Nənəm həyətə gedir atamın əkdiyi ağacları oxşayıb elə hey ağlayırdı. Babam xəbərlərə baxır qələbə qazanırıq deyib sevinir kədərini hamıdan gizlədirdi. Nənəmlə, anama təsəlli verir qoçaq oğlandı indi ermənin kökünü kəsir,- deyirdi. Bir gecə kəndin bütün  camaatı, qohumlar hamı bizə yığıldı. Nənəm elə hey ağlayırdı. Hamı düşmənə qarğıyırdı. Səhəri  gün həyətimizə bayraq gətirib asdılar. Azərbaycan bayrağı.  Bir neçə gün öncə qonşumuz Aqil əmigilin də qapısına asmışdılar. Səhəri gün Aqil əmini  də gətirdilər dedilər ki, şəhid olub Aqil.  Bizim həyətə də bayraq asanda bildim ki, atam da bayrağa bürünüb  gələcək. Hamı ağlasa da mən ağlamırdım bilirdim ki, qəhrəmanlar bayrağa bükülür, onların qapısına bayraq asırlar. Atam demişdi axı şəhidlər xoşbəxdir. O da xoşbəxt olmuşdu gözlərimi yumanda atamı görürdüm o, yenə də gülürdü. Atam oktyabr ayının 19 -da şəhid olmuşdu 26 -da bayrağa bükülüb gəldi evimizə. Sonra həmin şəhidlər xiyabanına getdik. Atamı dəfn etdilər. O qədər adam gəlmişdi ki oraya. Onda bildim ki, atam niyə şəhidlər xoşbəxtdir deyirmiş. Atam artıq iki ildir ki, orada yatır. Mən hər gün gedirəm atamı görməyə Rəhim də gəlir başına atamın papağın qoyur . Mən atamın məzarındakı gülləri onun rəsmini silirəm. Bizim təzə evimiz də var onu atam qəhrəmanlıq etdiyinə görə veriblər bizə. Eyvanından baxanda atamın yatdığı yeri görürəm. Hər səhər yuxudan oyananda və geclər yatanda atamın yatdığı yerə baxıram. Atama müharibədə göstərdiyi igidliyə görə beş  medal bir dənə də orden verib cənab Prezident.  Babam hər dəfə gedib onları alır gətirir.  Evimizdə atama muzey düzəltmişik oraya qoyuruq. Atamın muzeyində onun paltarları, saatı, şəkilləri və medalları var. Mən atamla fəxr edirəm. Şəhid atamla,qəhrəman atamla . Onun dostları var onlardan çoxu qazi olub . Biri gözlərini, biri qolunu, qıçını itirib. Onlar bizə tez -tez gəlir atamın qəhrəmanlığından danışır komandıri Təbriz əmi. Böyüyüm atam haqqında kitab da yazacam. Ömrüm boyunca onunla fəxr edəcəm.     
Neçə sevgiləri, neçə toyları, neçə sevincləri  yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda, insanları o qədər yandırmır. Çünki bilirlər ki,  o qanlar, o canlar hədər yerə qurban getməyiblər. Onlar Vətən üçün canlarından keçdilər övladlarını  isə Vətənə əmanət etdilər. Gün gələcək körplər böyüyəcək azad, bütöv, qalib  Azərbaycanın, igid oğulların  övladları olduqları üçün,qürur duyacaqlar.

Ramiyə Əkbərova
Jurnalist

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ