SON DƏQİQƏ

Biz şəhidlərimizi daima uca tutacayıq!

Tarix:11-08-2022, 21:23

ŞƏHİD İMAMƏLİ ŞƏFƏQQƏT OĞLU ƏHƏDZADƏ.
İmaməli Şəfəqqət oğlu Əhədzadə 24 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini Lənkəran şəhərində keçirib. 2004-cü ildə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada 1-ci sinfə gedib və 2015-ci ildə 11-ci sinfi başa vurub. Təhsilini başa vurduqdan sonra qısa müddət ərzində ailəsinə kömək etmək məqsədilə bir sıra işlərlə məşğul olub. Həmin ilin oktyabr ayının 05-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İmaməli Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-cı ildə baş vermiş "Aprel döyüşləri"ndə fəal iştirak edir və 2017-ci ilin aprel ayında xidmətini nümunəvi başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdır. 
27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı İmaməli həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlıq tərəfindən təlimə göndərilir. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, yüksək şücaət göstərir. Müharibənin 2-ci günündə, sentyabr ayının 28-də Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Lənkəran rayonunun Şilavar kəndinə, yaşadığı evə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə, 
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ