SON DƏQİQƏ

Zəfər Yolu İB şəhid ailəsini ziyarət etdi- FOTO

Tarix:24-10-2022, 09:55

Zəfər Yolu İctimai Birliyi şəhid Rövşən Hüseynovun ailəsini evində ziyarət edib. 
23 oktyabr 2022-ci ildə Zəfər Yolu İctimai Birliyi tərəfindən Zəfər gününə özəl silsilə tədbirlər çərçivəsində  şəhid Rövşən Hüseynovun şəhid olmasının ikinci il öldümü ilə bağlı ailəsini ziyarət edib, başsağlığı verib.                                              
Şəhidin anası Sona Hüseynova oğlunun orta məktəbdə nümunəvi bir şagird olduğunu bildirib: "Ailəmizin son beşiyi olan Rövşən torpaqlarımızın düşmən tapdağında olması ilə heç vaxt barışa bilmirdi. Həyatda olanda da mən onunla  fəxr etmişəm elə bir oğul böyütmüşəm ki, ölümündən sonra da mən onunla qürur duyuram. Uşaqlıqdan öz tərbiyəsi, nizam-intizamlı olması seçilib. Bugün oğlunun şəhid olmasının 2-ci ildönümü ilə bağlı oxuduğu 115 və 202 saylı tam orta məktəbinn direktorları, müəlimləri gəlmişdilər. Təqvalı, imanlı və ibadət əhli bir insan idi. Vətən sevgisini hər şeydən üstün idi. Vətəni üçün də canını fəda etdi.                                                                  
Övlad itkisi bir ana üçün ağırdır, ancaq Rövşən adi həyat yaşamadı, şəhid olması ilə Azərbaycan xalqının qəlbinə adını əbədi həkk etdi. Dövlətimizin, xalqımızın, sizlərin mənə mənəvi diqqət və qayğısı bizlərə sevindirir ki, şəhid ailələri diqqət mərkəzindədir və unudulmur. Bu biz şəhid ailələrinə həm də təsəlli verir ".                                           
S.Hüseynova oğlunun tez bir  torpaqları azad etmək etmək istəmək ücun gözləməyə səbri in qalmadığını da söyləyib : "Elə hey gözü hərbi komissarlıqdan gələn məktubu axtarırdı sanki. “Görəsən, məni niyə çağırmırlar” deyib gileylənirdi. Müharibəyə gedəndə də sevinə-sevinə gedib. Özü də könüllü getdi. Gedəndə mənə açarını, təsbehini  verdi ki, ana saxlayarsan. Bunlarla da özümə təsəlli tapıram".                                   
Qardaşı Rəfael Hüseynov Rövşənin keçdiyi döyüş yolundan danışıb: "2013-cü ildə Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsinə daxil olub. 2017-ci ildə həmin fakültəni bakalavr dərəcəsi üzrə bitirib. 2017 ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanıb. Ön xətdə düşmənlə üz-üzə "Murovdağ" istiqamətində xidmətdə olub. Hərbi hissədə göstərdiyi xidmətlərinə görə fərqlənib və komandanlıq tərəfindən mükafatlandırılaraq fəxri fərmanla təltif olunub. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunub.                    
Həqiqi hərbi xidmətdə olduğu dövrdə mənfur düşmənin üstün mövqeyi, ərazilərimizin işğalı Rövşəndə qisas hissini daha da gücləndirib. O, xidmətdən sonrakı dövrdə torpaqlarımızın işğaldan azad olunacağı barədə çağırış gözlədiyini öz söhbətlərində bildirib.
Nəhayət Rövşən 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsinə qatılaraq təkrar hərbi xidmətə qayıdıb. Onun döyüş yolu Cəbrayıl, Xocavənd və Füzuli rayonlarında davam edib. Döyüş yoldaşlarının bildirdiklərinə görə Rövşən döyüşlər zamanı yaranmış çətinliklərə baxmayaraq, heç zaman ruhdan düşmür, əldə olunmuş qələbədən daha da ruhlanaraq düşmənə qarşı daha çevik əməliyyatların aparılmasında iştirak edib. İstər rabitə əlaqəsinin təmin olunması, istərsə də döyüşlərdə iştirakı onun qorxmazlığı və özünə inamından irəli gəlirdi. Uzun illər düşmən nəzarətində olan torpaqlarımızın azad olunması Rövşənin ilham və qürur mənbəyi olub. Vətən müharibəsi zamanı Rövşən ailəsi ilə əlaqə saxlayanda hər şeyin qaydasında olduğunu, sürətlə torpaqlarımızın azad olunmasınından qürur hissi ilə danışırdı. Tezliklə bütün ərazilərin azad edəcəkləri tam əminliklə bildirirdi. Anasına özündən muğayat olmasını, ondan nigaran qalmamasını hər dəfə əlaqə saxladıqda bildirirdi".                                          

R.Hüseynov Rövşənin polis olmaq arzusundan da söz açıb: "Şəhid Rövşən Hüseynov xalqına, dövlətinə hüquq mühafizə orqanlarında çalisaraq xidmət etmək arzusunda idi. O, bunun üçün lazımi fiziki hazırlığa və biliyə malik idi. Arzusunu reallaşdırmaq üçün Rövşən Daxili İşlər Nazirliyində müvafiq yoxlanışdan uğurla keçmiş və müsbət rəy almışdı. Lakin Vətən müharibəsinin başlanması ilə bağlı Rövşən torpaqlarımızın azad olunması mübarizəsinə qoşulur və bu yolda şəhid olur".                                                                     
Digər qardaşı Rəşad Hüseynov da onunla hər zaman fəxr etdiklərini və indi də qürur hissi keçirdiklərini qeyd edib: "Qardaşımın şəhid olma xəbərini bizə oktyabrın 24-ü  xəbər veriblər. Düzdür, ilk anda bu bizim üçün kədərli olsa da, sonradan qardaşımıza şəhid adının verilməsi və şəhidlik zirvəsinə yüksəlməsi, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunması bizim üçün qürürvericidir. O, həmişə bizə deyirdi ki, “mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın”. Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi. Çox şükür qardaşım kimi hamımız bu istəyə çatdıq, millət olaraq qələbə sevincini yaşadıq.”                                                      
Zəfər Yolu İB-in sədri, şair-publisist Pərvanə Abdullayeva da şəhid ailəsini ziyarət etməsindən qürur duyduğunu deyib: "Şəhid evi müqəddəs bir ziyarətgahdır. Bundan sonra bu evi tez-tez ziyarət edəcəyik. Bizləri də bir övladınız kimi qəbul edin. İnşallah, hər zaman Zəfər Yolu İB olaraq daim şəhid ailəsinin və qazilərimiz yanindayıq və olacağıq. Göz yaşlarımı saxlaya bilmirəm, mənim üçün sizlərin qarşısında danışmaq həm fərəhverici haldır, həm də çətindir. Çətindir ona görə ki, anamızın göz yaşları mənim nəfəsimi kəsir. Ancaq cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı olaraq Zəfər çaldıq.                                                          
Qalib xalq kimi başı dik gəzirik. Şəhidlərimizin qanı, qazilərimiz yarı canlarını vermək, veteranlarımızın istirakı, Azərbaycan ordusunun yüksək hazırlıqlı səviyyədə olması, qəhrəmanlığı ilə biz bu qələbə sevincini daddıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhuları şad olsun! Qazilərimizə isə Allah tezliklə şəfa versin! Allah prezidentimizi, dövlətimizi, xalqımızı, ordumuzu qorusun".                                       
Sonunda Zəfər Yolu İB-in sədri Pərvanə Abdullayeva tərəfindən şəhidimiz Rövşən Hüseynovun anası Sona Hüseynovaya Fəxri Fərman təqdim edildi.  
Qeyd edək ki, Hüseynov Rövşən Kazım oğlu   44 günlük Vətən müharibəsində  25 yaşında könüllü müharibəyə yollanıb. 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndi ətrafında gedən döyüşlər zamanı aldıgı qəlpə yaralarından şəhid olub. 25 oktyabrda isə Bakıda dəfn edilib.                                                                                       
Şəhadətə ucaldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Subay idi, ali təhsil idi, 4 dil bilirdi.

“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ