SON DƏQİQƏ

İncəsənət məktəbinin kollektivi şəhid ailəsini yad etdi- FOTO

Tarix:28-10-2022, 09:04

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndələri şəhid Elçin Zamin oğlu Hüseynovun ailəsini ziyarət ediblər. 
“XeberTıme.az”  Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki,
kollektiv qəhrəmanın ailəsi ilə görüşüb, adını daşıdığı bulağı ziyarət edib, onun haqqında geniş söhbət aparıb, ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar. Elçin Zamin oğlu Hüseynov 9 sentyabrın 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin Gömrük işi fakültəsini bitirib. Elə həmin ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub, Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanmaq barədə komandanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq, “N” saylı hərbi hissəyə göndərib. Qəhrəmanımız 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanıb. Buna baxmayaraq, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Strateji yüksəkliklərin düşmən əlinə keçməməsi, döyüş yoldaşlarının sağ qalması üçün özünü güllənin qabağına verib. Yaralansa da döyüşə davam edib, “Mübariz” postundan digər posta keçərkən 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Cəsur Elçin Hüseynov oktyabrın 17-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Elçin Zamin oğlu Hüseynov Vətən müharibəsindəki misilsiz qəhrəmanlığına görə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilib. Sonda şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısına və kollektivə minnətdarlığını bildirib.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ