SON DƏQİQƏ

Biz şəhidlərimizi daima uca tutacağıq!

Tarix:25-01-2023, 21:57

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AZAD ARİF OĞLU HÜMBƏTOV.  

Əslən Göyçə mahalının Daşkənd kəndindən olan Hümbətov Azad Arif oğlu 24 yanvar 1996-cı il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Nərimanov rayonunda yerləşən 291 saylı ekologiya liseyində alıb. Daha sonra H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olub, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib.
O, təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub. Elə ilk günlərdən öz bacarığı və hərbi biliyi ilə bütün kollektiv arasında dərin hörmət qazanıb.
2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Bundan sonra o, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu. Azad Hümbətov peşəkarlığını artırmaq üçün 2020-ci il tarixində Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsini alıb.
Kursu müvəffəqiyyətlə başa vuran Azad Hümbətov II Qarabağ müharibəsində ön sıralarda gedən zabitlərdən oldu.
Müharibə başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak etmiş və düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişdir.
Tank tağımı komandiri olan Azad Hümbətov dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Laçın istiqamətində gedən döyüşlərdə o, komandirlik etdiyi tankı ilə minaya düşür və yaralanır. Azad Hümbətov ayağından aldığı qəlpə yarasına görə Beyləqan hospitalna göndərilir. Lakin iki günlük müalicədən sonra müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıdır. Onu da qeyd edək ki, döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə öz bölüyü ilə geri dönən zaman düşmən tərəfindən artilleriya atəşinə məruz qalır və ağır yaralanır. Təəssüf ki, xəstəxanaya çatana qədər gözlərini əbədi yummuş və şəhidlik zirvəsinə ucalmışdır. İkinci Fəxri Xiyabanda dəfn olunub.
İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə şəhid Hümbətov Azad Arif oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", “Füzulinin azad eilməsinə görə” və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

R.Ş.
Bu gün Vətən müharibəsi qəhrəmanı Şəhidimiz Azad  Arif oğlu Hümbətovun doğum günü ilə əlaqədar Bakıdakı 2 - ci fəxri xiyabanda uyuyan qəhrəmanımızın məzarını ziyarət etdik.
Nərimanov , Abşeron Yasamal və Xətai  rayon rəhbərlərinin, müharibə veteranlarının, Nərimanov rayon Ağsaqqallar Şurasının  sədri şəhidimizin atası Arif Hümbətov başda olmaqla  bir qrup ağsaqqalların , müəllim və şagirdlərin iştirakı ilə birlikdə  fəxri Xiyabanı ziyarət etdik.Dialar oxundu.
Şəhidimizin məzarı önünə əklillər və tər qərənfillər düzüldü.Uason surəsi olundu və məktəblilər şeir söylədilər.
Azad Hümbıtova vaxtilə  dərs demiş 82 saylı tam orta məktəbin uzun illər direktoru işləmiş  vətənpərvər ziyalımız Vaqif müəllim kövrək xatirələrini söylədi.
Sonra Canaqqala restoranında tədbir keçirildi.
Tədbirdə icra başçıları vətənpərvər ruhlu çıxış etdilər.
Şəhid atası Arif  Hümbətov tədbir iştirakçılarına təşəkkürünü bildirdi və müzəffər Ali Baş komandanımız başda olmaqla rayon rəhbərlərinin, ictimaiyyətin şəhid ailələrinə göstərdiyi diqqət qayğıdan söhbət açdı.
Muğam ifaçıları Xidayar təsnfi ilə tədbirə rəng qaldılar.
Ehsan süfrəsi verildi və xatirə şəkilləri çəkildi.
Şəhidlər ölməzdir, Vətən bölünməz

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ