SON DƏQİQƏ

Əbədiyaşar Qəhrəman- RASİM MƏMMƏDOV

Tarix:27-01-2023, 23:01

ŞƏHİD MAYOR RASİM ƏBDÜL OĞLU MƏMMƏDOV 

Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub.
 Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibə zamanı, Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi, 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.
Rasim Məmmədov 1983-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə gedib və 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirmişdir. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam edib.
Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb.
Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" tağımının komandiri vəzifələrində çalışmışdır.
2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı hərbi hissədə "tank" tağımının komandiri vəzifəsində çalışıb. Baş leytenant rütbəsi almasından 3 il sonra, 2005-ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi alır və N saylı hərbi hissədə "Mexanikləşdirilmiş bölük" komandiri vəzifəsində çalışmağa başlayır.
Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışdı. Daha sonra o, bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdi. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi aldı.
2011-ci ildən 2012-ci ilə qədər N saylı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov, 2014-cü ildən 2015-ci ilə qədər  həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdi.
18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışıb.
Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan, Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər rayon ictimaiyyəti ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ