SON DƏQİQƏ

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür

Tarix:8-05-2023, 10:19

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin doğum günüdür. 
XeberTıme.az  xəbər verir ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü ilin bu günü, yəni mayın 8-də Gürcüstanın Qaradabani şəhərində anadan olub. 
O, 1980–1990-cı illərdə həmin şəhərdə tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib. 
İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olunub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib.
O, 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taqımının Komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Taqımının Komandiri vəzifəsində xidmət eləmişdir.
İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi almışdır.
2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi alıb.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub. 
İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində — 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət edib.
2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilib.
Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.
Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.
2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
2020-ci ilin iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
İlqar Mirzəyev 2020-ci il iyulun 15-də ikinci Fəxri xiyabanda dəfn olunublar. Milli qəhrəmanımız ailəli idi. Onun Elvin adlı oğlu, Gülnarə adlı bir qızı var.

 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ