SON DƏQİQƏ

BİRİNCİ QARABAĞ DÖYÜŞLƏRİNDƏ ŞƏHİD OLMUŞ HÜSEYNOV ƏLİZAMİN ƏLİ OĞLU- FOTO

Tarix:21-01-2024, 00:46

Hüseynov Əlizamin Əli oğlu 10 yanvar 1969- cu ildə Bakı şəhərində anadan olub. O, 1976- cı ildə Bakı şəhər 133 N-li tam orta məktəbdə birinci sinifə daxil olub. Ailədə iki bacının tək qardaşı olan Əlizamin Hüseynov həmin məktəbdə orta təhsilini tamamladıqdan sonra 1987- ci ildə hərbi xidmətə yola düşür. 1989- cu ildə Ermənistanın Lernerkan vilayətində hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdır. Əsgəri xidmətdən gəldikdən sonra Əlizamin Hüseynov Bakı şəhərində yerləşən ƏLVAN METAL zavodunda işə başlayır.3 noyabr 1990- cı ildə Sumqayıt şəhər sakini Hüseynova Vəfa Süleyman qızı ilə ailə həyatı qurur. Birinci Qarabağ savaşı başladıqdan sonra 26 iyun 1992- ci ildə Əlizamin Hüseynov vətən qarşısında olan borcunu yerinə yetirmək üçün könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ordu sıralarına qatılır. Qarabağ döyüşlərinin ən qaynar nöqtələrində gedən döyüşlərdə iştirak edir. Aradan bir neçə gün keçəndən sonra 7 iyul 1992- ci ildə Əlizamin Hüseynovun ailəsi onun şəhidlik xəbərini eşidir.
Əlizamin Hüseynovun həyat yoldaşı Vəfa xanım deyir;- "Yaralı döyüş yoldaşlarının söylədiyinə görə Əlizamin Hüseynov Ağdərə rayonunun Dranbon yüksəkliyində gedən ağır döyüşlərdən birində yaralı yoldaşlarını müdafiə edərək ağır yaralanır. Lakin yaralı olduğu halda yenə də irəli addımlayır düşmənlə təkbaşına mübarizə aparır. Son damla qanına qədər vuruşaraq Vətən qarşısında olan borcunu şərəf və ləyaqətlə yerinə yetirərkən şəhidlik məqamına yüksəlir. Lakin mənfur erməni düşmənləri onun cəsədini tanınmaz hala saldığı üçün axtarış aylar illərlə davam etdi. Təssüflər olsun ki, heç bir nəticə əldə etmək mümkün olmadı".
Azərbaycanda saysız- hesabsız müqəddəs naməlum əsgər məzarları var. Kim bilir bəlkə də onlardan biri də elə Əlizamin Hüseynovun qəbridir.
Hal hazırda Əlizamin Hüseynovun Cəmilə və Sevinc adlı iki qız övladı və iki nəvəsi bu vətənin əmanətləridir. Həyat yoldaşı Vəfa xanımla böyük qızı Cəmilə Sumqayıt şəhərində mənim qardaşım şəhid Yusifov Mehman Musa oğlunun məskunlaşdığı binada eyni blokda yerləşən mənzillərdən birində yaşayırlar. Mən onların evində olub Əlizamin Hüseynovun ailəsi ilə həmsöhbət olduğum zaman böyük qızı Cəmilə deyir-
"Mən atamı xatırlamıram, atam birinci Qarabağ müharibəsinə yola düşən zaman mən yaş yarımında olmuşam. O zaman kiçik bacım hələ dünyaya gəlməmişdi. Düzdür mən atamı xatırlamıram. Mən atasız günlərimi anamın atam haqqında söylədiyi şirin xatirələrlə böyümüşəm. Amma bu həyatda nəyə nail olmuşamsa atamın müqəddəs və ali şəhidlik adını uca tutmaq naminə etmişəm. Atamın bizlər üçün ən ülvi, ən müqəddəs nişanəsi onun xatirələridir. Onun müqəddəs qəbri bizlərə məlum deyil".
Cəmilənin gözlərinin dərinliyində gizlənən kədərin ifadəsindən yalnız bu sözləri oxumaq olardı.

Naməlum bir əsgər məzarı görsəm,
Yanında dayanıb baş əyirəm mən.
Həmin baş daşının tozunu silsəm,
Sanki öz atamla dərdləşirəm mən.

Haqqın dərgahında uca dayanan,
Ünvansız uyuyan, adsız uyuyan,
Vətən torpağını al qanla yuyan,
Qürur qaynağımla görüşürəm mən.

Naməlum məzarda yatan şəhidlər,
Yanan od-ocaqdı, közdü ay Allah!
Naməlum məzarda yatan şəhidlər,
Həsrətdən dil açan sözdü ay Allah!

Tarix səhifəsi vərəqlənərkən,
Çox Əlizaminlər qucub bu torpaq.
Bir bitgi, bir çiçək, gül dərilərkən,
Behiştin ətriylə dolub bu torpaq.

Naməlum məzarda yatan şəhidlər,
Müqəddəs abidə uca zirvədir.
O, zəfər haraylı məğrur igidlər,
Çox ali məqamda sanlı yerdədir!..

Naməlum məzarda yatan şəhidlər,
Zəkiyyə, azadlıq adında bir nur,
Qeyrət məktəbidir, bəhrəsi qürur,
Hər görən önündə baş əyib durur...

Bəli, Əlizamin Hüseynov kimi vətən uğrunda canlarını fəda edərək hürriyyət yolunda əbədi dirilik şərbəti içən igidlərimiz çoxdur. Təssüflər olsun ki, ailəsini, əzizlərini dost tanış sevdiklərini sakitləşdirib təsəlli edəcək bir məzar daşları belə yoxdur. Amma Əlizamin Hüseynov kimi igidlərimizi düşünürəm tanıyıb bir qəhrəman olaraq qəlblərdə yaşatmağa hər kəsin haqqı var. Vətən uğrunda canlarını fəda edən müqəddəslərimizin yalnız doğum günləri var. Çünki onlar müqəddəs Vətən uğrunda şücaət və qeyrət yolunda göstərdiyi igidlik və qəhrəmanlıqları ilə əbədi dirilik kürsüsünə ucalıblar. 10 yanvar 2024-cü il tarixində şəhid Əlizamin Hüseynovun əbədi cənnət dünyasında 55 yaşı tamam olur. Hər bir şəhidin, hər bir qəhrəman Vətən övladlarının özünə məxsus şəkildə keçməkeşli tarix yolu və igidlik səlnaməsi var. Dünya var olduqca tarixlər yazılıcaq və qeyrətli Vətən fədailəri hər zaman qəlblərdə yaşıyaraq müqəddəs ruhları hörmətlə anılacaq. Bir şəhid bacısı olaraq müqəddəs ruhlar qarşısında dərin hörmət və ehtiramla baş əyirəm. Cəmi şəhidlərimizin ruhu şad olsun. AMİN!

Zəkiyyə Musaqızı   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ