SON DƏQİQƏ

ELİN ZAMİNİ

Tarix:11-03-2024, 22:35

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elzamin Eyvaz oğlu Tağıyevin (11 avqust 1992, Xocavənd rayonu, Qaradağlı kəndi — 9 noyabr 2020-cu il Şuşa rayonu) əziz xatirəsinə həsr edirəm.
Hərdən bəziləri vaxtında bilməsə də, hiss etməsə də, yaşadığı hadisələrin şiddətindən və ya həyəcanından duymasa da zamanında öyrənir ki, hər insanın bu həyatda bir qoruyucusu, bir zamin duranı var. O fövqəlbəşər qüvvə olan Yaradandır. Yer üzündəki, göy üzündəki bütün yoxluqları var edən, xəlq edən, nizama düzən, yaradan Allah ona inanan, güvənən, qəlbindəki şah taxtında ona yer verən hər bəndəsinin qoruyucusu, zamini, bütün bəlalardan hifz etmək üçün zəmanət verənidir. İnsan Yaradana belə bağlandıqdan, ona inanandan və güvənəndən sonra qarşılaşdığı heç bir çətinlikdən qorxmur, çəkinmir. Əksinə, daxilində olan bu inamdan güc alır, cəsarətlənir, ürəklənir və mübarizcəsinə, qəhrəmancasına ona bu həyatı dar edən problemlərlə, çətinliklərlə üzləşərək onları bir-bir dəf edir. Biz onu da dərk etməliyik ki, göy üzündəki zaminimizlə bərabər onun məsləhəti ilə yer üzündə də neçə-neçə zaminlərimiz, qoruyucularımız var. Bəzilərinə ana, ata, bacı, qardaş, övlad görkəmində görünən yer üzündəki bu qoruyucuların, bu zaminlərin önündə, mənim fikrimcə, canlarını bu Vətənə fəda edib onu hər bəladan hifz edən, onu ucaldıqca ucaldan və özləri də onunla bərabər ucalan Şəhidlərimiz, Qazilərimiz və hərbçilərimiz durur. Onlar mənə görə Allahdan sonra bizim ən böyük zaminlərimizdir. Fikrimcə, oxucularım da belə düşünür. Biz o zaminlərin həyatımıza verdiyi zəmanətə, təminata görə bu gün rahat və azad bir ölkədə gözəl bir həyatda, gözəl bir dövranda yaşayırıq. Suveren, müstəqil və qalib bir ölkənin fəxrli, qürurlu vətəndaşları kimi yaşayırıq. Bizə bu qədər rahat həyatı bəxş edən də həmin o qoruyucularımız, rifahımıza, gözəl həyatımıza zəmanət verənlərimizdir. Biz onlara ömür boyu borcluyuq və borclu da olacağıq.
Həmin o qoruyucu fədailərimizdən biri adından da göründüyü kimi canından çox sevdiyi Vətəninin və onun vətəndaşlarının, yurddaşlarının sakit, rahat və azad həyatına zamin duran, bunun üçün çalışan, torpaqlarımızın bütövlüyü uğrunda əlindən gələni əsirgəməyən və böyük şücaət nümayiş etdirən hərbçimiz - şəhid əsgər Elzamin Eyvaz oğlu Tağıyevdir!

Elzamin Tağıyev 11 avqust 1992-ci ildə dünyaya göz açmışdı. Ulu Vətənimizin başının üzərində yenə də qara buludlar fırlanırdı, bəlkə də qara ləkə kimi tarixə qovuşan, tariximizdə fərqli qaydada yazılaraq bizə olduğu kimi çatdırılmayan 200 ildə Vətənimiz yaşadığı bütün faciələri sadəcə həmin ildə və ondan sonrakı illərdə yaşayacaq, o kədərli tarix bir neçə il də təkrarlanacaqdı. Elzaminin dünyaya göz açdığı həmin il çox ağır və dəhşətli bir zamana təsadüf etmişdi. Elzamin əslən başı çox bəlalar görmüş, dünyanın ən qədim bölgəsi olmaqla bərabər mənfur düşmənlərimizin ağzını sulandırıb tamahına səbəb olan Vətənimizin gözəl diyarlarından biri olan Xocavənd rayonunun Qaradağlı kəndindən idi. Elzamin o dövrdə doğulmuşdu ki, mənfur ermənilər Xocalıdan sonra misli görünməyəcək bir insanlıq cinayəti olan Qaradağlı soyqırımını onun kəndində törətmiş və onun ailəsindən, nəslindən, soy-kökündən olan bir çox günahsız insanlar da həmin hadisələrdə vəhşicəsinə qətlə yetirmişdilər. Düşmənlər bununla da kifayətlənməyib həmin vaxt o köməksiz, hər bir yerdən ümidi kəsilmiş biçarə insanları yer-yurdlarından didərgin salmışdılar. Ailəsi qaçqınlığın ən ağır zamanında dünyaya gələn bu türk oğlu türkə Vətəninin, millətinin, soy-kökünün bundan sonrakı müqəddəratınının təyin edilməsində yüksək rol oynayacaq bir ad verdi: Elzamin. Elin xoş günlərinin zəmanətçisi, təminatçısı və Vətənin qoruyucusu olması üçün ailəsi bu adı ona verdi. Elin ağsaqqal-ağbirçəkləri bu körpəyə “Adıyla böyüsün, ucalsın, adına layiq olsun” dedilər, bu körpə elə həmin dualara görə adı ilə də böyüyəcəkdi...

Qəhrəmanımız 1999-cu ildə məcburi köçkünlük həyatı yaşadığı dövrdə Beyləqan rayonunun Şəfəq qəsəbəsində orta təhsil həyatına başlamış, 2010-cu ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il ilk dəfə hərb sahəsinə daha da yaxınlaşacaq, əli əsl hərbçi kimi silah tutacaq, illərlə daxil olub xidmət edəcəyi günü gözlədiyi rəşadətli Azərbaycan Ordusunun sıralarına qoşulacaqdı. Elzamin bunu hər kəsdən çox istəyirdi. Ona görə ki, o, həyatı dərk etdiyi vaxtdan vətəndə vətənsizlik adlı dərdlə böyümüşdü. Uşaq yaşlarından didərgin düşdüyü, körpə gözü ilə doya-doya görə bilmədiyi doğma yurdu Xocavəndi, Qaradağlısı üçün darıxır, çırpınan körpə, gənc qəlbində yurd eşqini, həsrətini hər keçən il daha da böyüdür, bir qığılcımdan alovlanacaq və bütün ruhunu bürüyəcək, dünyaları yandırıb kül edəcək böyük məşəl halına gətirirdi. Hərb sənətinə, ordumuza olan sevgisi ən çox da bundan qaynaqlanırdı. Elzamin Qarabağ məsələsinin sülh yolu ilə həll olunmayacağını təəssüflə yəqin etsə də Vətən üçün gözünü qırpmadan vuruşmağı, silaha sarılmağı və son damla qanına kimi cəng etməyi fikrindən bir an belə çıxarmamışdı. Onun düşməndən almalı olduğu bir qisası var idi. Qəlbi dağlı Qaradağlının soyqırımının, Xocalı faciəsinin, neçə-neçə belə soyqırımların hesabını düşməndən sormalı idi.
2012-ci ildə hərbi xidmətini başa vuran Elzamin yurduna xeyirli bir övlad olmağın yolunun təhsildən keçdiyini bildiyi üçün Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə qəbul oldu. Qiyabi təhsil aldığı müddətdə doğma Xocavəndin və onun dəyərli sakinlərinin yolunda hər keçən gün daha çox çevikliklə çalışdı. Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai şurasının üzvü və 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana Sistemində şöbə müdiri oldu. Elzaminin ictimai-siyasi həyatı çox gözəl şəkildə irəliləyirdi. Xocavənd sakinləri Elzaminin xətrini çox istəyir, Elzamin də onlara hörmətlə yanaşırdı. Ancaq bir gün gəldi ki, Elzamin çox sevdiyi işindən, çox rahat və yaxşı keçən ictimai həyatından ayrılmalı, odun, alovun düz ortasına atılmalı oldu. Həmin vaxt tarixlər 2020-ci ilin qisas alovuyla qəlbləri yandıran yay aylarını göstərirdi. Düşmən get-gedə azğınlaşırdı. Tovuz döyüşlərində şəhid olmuş generalımız Polad Həşimov və onun silahdaşlarının şəhadət xəbəri sayı 10 milyon olan Azərbaycan xalqını ayağa qaldırmışdı. Artıq hər kəs bilirdi ki, düşmən azğınlıqda sərhəd tanımır, onu dayandırmasaq, düşmənlər “yeni-yeni torpaqlar işğal etmək” adlı məkrli planını yürüdəcək və mümkünsüz bir cəhd olan 1990-cı illəri geri qaytarmağa cəhd göstərəcək. Bu səbəbdən müharibə qaçılmaz idi. Bunu hamıdan çox Elzamin dərk edirdi. Artıq doğma yurduna, Qarabağa, Xocavəndə qayıtmağın vaxtının gəldiyini fikirləşir və daha vaxt itirmədən hərəkətə keçməyin vacib olduğunu düşünürdü. Ona görə də Elzamin mülki həyatda rahat çalışmasına, sakit həyat yaşamasına baxmayaraq orduda çalışmağa daha çox ehtiyac duyduğundan 5 ildən artıq bir müddətdə çalışdığı işinə və ictimai həyatına son verdi. Müharibədə iştirak etmək, düşmənin belini qırmaq və qisas almaq eşqi ilə 8 sentyabr 2020-ci ildə - müharibədən günlər əvvəl Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Bundan sonra isə edilməli bir iş qalırdı: Ali Baş Komandanın əmrini gözləmək və anında hərəkətə keçmək.
Nəhayət ki, gözlənilən an, 200 ildən çox bir müddət ərzində keçmiş nəsillərin də arzusunda olduğu, ruhlarının həsrətlə gözlədiyi, zaman-zaman işğal edilmiş Vətən torpaqlarının azadlığının başlanğıc günü olan 27 sentyabr 2020-ci il tarixi gəldi. Həmin gün qiyamət gününə qədər tariximizin, taleyimizin və torpağımızın yaddaşından silinməz olan 44 günlük Vətən müharibəsi başladı. Elzamin bu döyüşlərə ilk qatılanlardan biri oldu. O, bu müqəddəs müharibəyə Füzuli istiqamətində başladı. Füzuli rayonunun Qaraxanbəyli kəndinin və həmin kənddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin azad olunması uğrunda böyük fədakarlıq və qəhrəmanlıq göstərərək vuruşdu. Qızğın döyüşlərdə kimi və nəyi düşünürsə, düşünsün, bircə öz həyatını düşünməyən fədakar Elzamin müharibədə odun, alovun düz ortasına hamıdan qabaq atılır və canı, qanı bahasına da olsa Şəhidlərimizin mübarək nəşlərini döyüş meydanından çıxarırdı. Neçə dəfə ona xəbərdarlıq edilsə də o, bu xəbərdarlıqları dinləməmiş və Şəhidlərimizin nəşlərini çətin döyüş meydanından çıxarmışdı. O, Qaraxanbəyli kəndi istiqamətində gedən ağır döyüşlərdə döyüş yoldaşları ilə birlikdə düşmənə qarşı mübarizliklə döyüşərək mühüm əhəmiyyətli düşmən postunu azad etmişdir. Nə qədər çətin olsa da yorulmadan, oddan-alovdan keçərək qəhrəmanlıqla vuruşmuş, 11 oktyabr 2020-ci ildə Qaraxanbəyli istiqamətində düşmənin bir çox döyüş texnikasını məhv etsə də və canlı qüvvəsini qanına qəltan etsə də döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış, nəticədə özü heç istəməsə də döyüş meydanından qısa müddət də olsa, ayrılmalı olmuşdur. Əvvəlcə Füzulidə ilkin müalicə alan qəhrəmanımız sonra Bakıda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicəsini davam etdirmişdir. Lakin 27 oktyabr 2020-ci ildə Elzaminin ürəyi dözmür və o, yarasının tam sağalmasa da gizlicə hospitalı tərk edərək döyüş meydanına, döyüş yoldaşlarının yanına qayıdır. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Döyüşlərin gedişatında ona doğma yurdu Xocavəndi görmək qismət olur. O, rayonun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən hərbi əməliyyatlarda düşmənin kabusuna çevrilir. Sonrakı istiqamət isə Qarabağın göz bəbəyi, dilbər guşəsi, alınmaz qalası olan Şuşa şəhəri olur.
Elzamin günlərlə Şuşa istiqamətində gedən döyüşlərdə vuruşur, xalqımıza böyük Zəfəri bəxş etmək üçün, Zəfər Günü, şərəfli anı nəsib etmək üçün çox zəhmət, əziyyət və cəfa çəkir. O, döyüş yoldaşları ilə birlikdə Qaradağlının intiqamının qat-qat artığını düşmənlərdən alır, bununla bərabər 8 noyabr 2020-ci ildə - müharibənin 43-cü günündə Şuşanı düşmən işğalından azad edir. Şuşanın hər qarışını azad etmək və xalqımızın bayram etdiyi, hər iki gözünün də güldüyü o gözəl günü görmək Elzaminə qismət olur. Qəhrəmanımız Zəfər Gününü doya-doya yaşasa da bu zəfəri sona kimi doya-doya yaşaya bilmir. Səhərisi gün artıq Elzaminin 44 günlük müharibədə 44-cü günü idi. Bu vaxta kimi o, elin zamini, Allah da onun zamini olmuşdu. Müharibənin acı və şirin meyvələrini dadmış, kədərli və sevincli anlarını da yaşamışdı. Ailəsi və sevənləri bir an öncə müharibənin zəfərimizlə yekunlaşmasını, Elzaminin sağ-salamat zəfərlə, qalib əsgər kimi evə dönməsini arzulayır və həmin anı səbirsizliklə gözləyirdilər.
Lakin qismət belə gətirdi ki, 44 gün ərzində Vətən uğrunda vuruşan, hər əzablardan, əziyyətlərdən, qəzadan, bəladan yan keçən qəhrəmanımız Elzamin Eyvaz oğlu Tağıyev müharibənin 44-cü günündə, kapitulyasiya aktının imzalanmasına saatlar qalmış – 9 noyabr 2020-ci ildə Şuşa torpağında qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəldi. Qələbənin təntənə ilə qeyd ediləcəyi bir vaxtda qəhrəman sağ-salamat yox, üçrəngli bayrağa sarılmış halda gəldi doğma evinə. Bu Elzaminin ailəsinin və onu sevənlərinin ürəyini nə qədər parçalasa da Elzaminin zaminliyini etdiyi, xoş günlərinə zəmanət verib xoş günlər göstərdiyi Vətəni onlara ən böyük təsəlli, təskinlik oldu. Subay olduğu üçün qəhrəmanımızın gələcəyə tək yadigarı onun misilsiz qəhrəmanlığı və şücaəti oldu. Şəhid ailələrini və qaziləri diqqətdən kənarda qoymayan cənab Prezidentimiz onu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə mükafatlandırdı.

Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, şəhidimizin atası Eyvaz Tağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olmuşdur. Həmçinin şəhid Elzamin Tağıyevin anası Məlahət Tağıyevanın dediyinə görə onların ailəsindən şəhidimizlə birlikdə altı nəfər şəhid olmuşdur: babası Dəmir Hüseynov, dayısı Zülfüqar Hüseynov, dayısı oğlu Fədail Hüseynov, anasının dayısı Ələkbər Quliyev, əmisi Faiq Tağıyev. Ən əsası, Elzaminin arzuları şəhadətindən sonra olsa belə çin oldu. Bu gün Elzaminin uğrunda canını verdiyi Qarabağı, Xocavəndi, Qaradağlısı azaddır. Qaradağlının daha qəlbi dağlı deyil. O dağ artıq Elzaminin bizə yaşatdığı qürurun zirvəsidir, dağıdır. Biz Elzaminin şəhadətinə kədərlənsək də bilirik ki, bu Vətənin, bu elin zaminləri, Elzaminləri, qoruyucuları, qəhrəmanları tükənməzdir. Biz bir ölüb min dirilən millətin nümayəndələriyik. Ruhun şad olsun, Şəhidim! Ruhun şad olsun, El uğrunda canını verən qəhrəman Elzamin!
Məqaləmin sonunda qəhrəmanımızın atası Eyvaz Tağıyevin oğluna həsr etdiyi şeiri olduğu kimi oxucularımın nəzərinə çatdırmaq istəyirəm:
QARABAĞIN QARADAĞLI BALASI

Bir gecəni sən qalada qalmısan,
Bir anlığa xəyallara dalmısan,
Şəhidlərin qisasını kim alası,
Qarabağın Qaradağlı balası.
 
Səhər tezdən döyüş əmri almısan,
Şuşa bizimdir deyib uca dağlar aşmısan,
Sən almasan, mən almasam, bəs Şuşanı kim alası,
Qarabağın Qaradağlı balası.
 
Xarı bülbül oylağından keçmisən,
Bulaqlardan sərin sular içmisən,
Sən bilməzdin harda, necə, nə olası,
Qarabağın qaradağlı balası.
 
Döyüşlərdə həmişə öndə olmusan,
Nərə çəkib düşmənə od vurmusan,
Özün Şəhid, izin burda qalası,
Qarabağın Qaradağlı balası.

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
10.03.2024 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ