SON DƏQİQƏ

Daha 3 şəhidimiz 30 ildən sonra dəfn edildi

Tarix:6-06-2024, 18:59

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və kimliyi müəyyənləşdirilən Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib. 
XeberTıme.az  xəbər verir ki, şəhid Abbasov Ədalət Vilayət oğlunun nəşi Daşkəsəndə izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Xoşbulaq kəndinə aparılıb. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, dualar oxunub.
 
Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Şəhidin vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.
 
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
 
Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Onun Tərtərin Şəhidlər xiyabanında torpağa tapşırıldığı müəyyənləşib və nəşinin qalıqları ekshumasiya olunub.
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun nəşinin qalıqları İsmayıllı rayonunda torpağa tapşırılıb. Şəhidin nəşi bu gün rayonun Mican kəndinə gətrilib və vida mərasimi keçirilib.
 
Sonra şəhidin nəşinin qalıqları Mican kənd qəbiristanlığında dəfn olunub.
 
Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1992-ci ildə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
 
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Novruzov Niyaz İlyas oğlu da dəfn edilib. Şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və doğulduğu Veyisli kəndində vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
 
Qeyd edək ki, Novruzov Niyaz İlyas oğlu 1992-ci ildə Ağdərə rayonunun “Qızılqaya” yüksəkliyi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

XeberTıme.az   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ