SON DƏQİQƏ

Gəlişinizlə məni çox sevindirdiniz....FOTOLAR+VİDEO

Tarix:9-10-2024, 17:08

Ağdamın Baharlı qəsəbəsində Vətən müharibəsində şəhadətə ucalan Məqsəd Həsənovun ailəsini ziyarət etdik.  
 Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev, Vətən müharibəsi qazisi Ceyhun Hacıyev, tarix müəllimi Xaliq Gərayev, “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı Ağdamın Baharlı qəsəbəsində tək yaşayan şəhid anası Aybəniz ananın qonağı oldu. Ziyarətimiz Məqsədin anım gününə 7 oktyabra təsadüf etdi. Ana ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli xidmətindən, döyüş yolundan söhbət açıldı, xatirəsi ehtiramla yad olundu. 

Şəhidimizi tanıyaq: 

Məqsəd Mahir oğlu Həsənov 21 noyabr 1991-ci ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Məqsədin ailəsi məcburi köçkün həyatı yaşayıb və çadır şəhərciyində məskunlaşıblar. Məqsəd 1997-ci ildə Türk Çadır Şəhərciyində ibtidai təhsilə başlayıb. Məqsəd gilin ailəsi 2-ci Baharlı qəsəbəsində yeni mənzillə təmin edilir. Məqsəd orta məktəbin 6-cı sinfinədək təhsil alıb. Sonra isə ailəsinə maddi köməklik göstərmək üçün işləməyə başlayıb. 2008-ci ildə Məqsəd Həsənov həqiqi hərbi xidmətə çağırılır və hərbi xidmətini Bakıda N saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra Məqsəd Qazaxıstana gedib və bir müddət orada çalışır. Yenidən Vətənə qayıdan Məqsəd Həsənovun hərbiçi olmaq istəyi onu hərbi xidmətə gətirib çıxarır. O, hərbi kursantlıq kurslarına yazılır. Gədəbəy, Ağdam rayonlarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb. Sonra Məqsəd Həsənov Goranboy rayonu ərazisindəki N saylı hərbi hissədə xidmətini davam etdirir. 2019-cu ildə Ayşən adlı xanımla ailə qurur.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk dəqiqələrindən Məqsəd Həsənov döyüşlərə atılır, cəsur döyüşçü kimi düşmən mövqelərinə sarsıdıcı zərbələr vurur. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə cəsurluqla vuruşur. Vətən müharibəsinin 7-ci günü Məqsədin idarə etdiyi hərbi maşın düşmən tərəfindən vurulur və döyüş yoldaşlarından bir neçəsi şəhid olub. Bu hadisədən sonra evlərinə zəng edən Məqsəd anasına “kaş mən də şəhid olaydım” deyir... Bir necə gün sonra oktyabrın 6-da Məqsəd Həsənov Suqovuşan uğrunda gedən döyüşdə yaralanır, yaralı olmasına baxmayaraq yaralı digər döyüşçüləri döyüş meydanından çıxarır. Yaralı halda yaralıları daşıması qan itkisinə səbəb olub və Məqsəd Həsənov qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Həsənov Məqsəd Mahir oğluna ölümündən sonra "Vətən uğrunda”,  "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edir. 
 
Ana haqqı, Tanrı haqqıdır! Aybəniz ana Məqsəd Həsənovla bağlı xoş xatirələrini bizimlə bölüşdü:                             

- Qızım mənim gözümün ağı, qarası bir oğlum var idi. O ailəsini, anasını seçmədi Vətənini, torpağını seçdi. Hərbiçi idi, hərbi hissələrin birində xidmət edirdi və sevdiyi peşədə qürurlu idi. Hər zamanda şəhidlik zirvəsinə ucalmağından, şəhidlikdən danışırdı. Şəhadətə ucalandan 2 gün öncə mənim və özünün şəkillərindən ibarət bir video yığmışdı üstünədə şəhid mahnısı yükləmişdi.  O zamanlar hec hiss etmədim ki, balam nə zamansa şəhid olacaq, məni hamıya qəhrəman anası olaraq tanıdacaq. 2 qızım bir oğlum var idi. Qızları ev-eşik sahibi etdim, Məqsədi də evləndirdim bir yadigarı qalmadı... Analıq borcumdan çıxdım. Bilməzdim ki, bir zaman gələcək evimdə tək qalacam. Ömür-gün yoldaşım Mahir Məqsədin şəhidliyindən bir necə il əvvəl dünyasını dəyişdi, o oğlunun şəhid olmağını görmədi, amma hər zaman oğlu ilə fəxr edirdi deyirdi ki, “Mən ağıllı, savadlı, mərd, vətənpərvər, xalqını, torpağını sevən bir oğul böyütmüşəm. Arxayınam ki, dünyamı dəyişsəm gözüm geridə qalmayacaq. Bacılarının, anasının arxa dayağı var...”.    
Biz şəhid ailələrinin heç bir şeyə etiyacı yoxdur. Gəlişinizlə məni çox sevindirdiniz.... İstəyimiz budur ki, qapımızı döyüb dərdimizə şərik olsunlar, bizi ziyarət edib bir stəkan çayımızı içsinlər. Mən Allahdan ömür istəyirəm ki, tanrı mənə uzun ömür versin, məndə yaşadığım ömürdə oğlumu yaşadım, onu böyüməkdə olan nəslə tanıdım, mənim oğlum fəxrli oğuldur. Məqsədimin 10 il hərbidə qüsusrsuz xidmətləri var.   





Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən, ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!                                                                  

Şəhid Namiq Quliyevin atası Natiq Quliyev öz adından şəhidin ev muzeyinə Məqsəd Quliyevin keçdiyi şərəf yolu haqqında haqqında yazılmış planket hədiyyə etdi. Sizə Məqsəd Həsənovun ailəsinin ziyarətində çəkilən videonu təqdim edirik: 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ